|
Metodoloji izahlar Əhalinin sayı və iqtisadi fəal əhali
Bölmədə əhalinin sayı, əmək ehtiyatları, iqtisadi fəallığı, əhalinin miqrasiyası haqqında və sair məlumatlar əks etdirilmişdir.
Əhali haqqında məlumatların mənbəyi əhalinin siyahıyaalınması məlumatlarıdır.
Əhalinin sayının cari hesablanması əhalinin son siyahıyaalmasının yekunları əsasında aparılır. Hər il bu ərazidə doğulanların və ölkəyə gələnlərin sayı əhalinin sayına artırılır, ölənlərin və ölkəni tərk edənlərin sayı isə əhalinin sayından çıxılır.
Əhalinin orta illik sayı müvafiq ilin əvvəlinə və axırına olan sayın riyazi yolla hesablanmış orta sayıdır.
Əmək ehtiyatları anlayışı altında əhalinin işləmək qabiliyyəti olan hissəsi başa düşülür. Onların tərkibinə təkcə iqtisadi cəhətdən fəal əhali deyil, həm də hazırda işləməyən və iş axtarmayan əmək qabiliyyətli şəxslərin digər kateqoriyaları, o cümlədən istehsalatdan ayrılmaqla təhsil alanlar daxil edilir.
Əmək qabiliyyətli yaşda olanlar –1999-cu ilədək-kişilər 16-59, qadınlar 16-54 yaşda; 1999-2000-ci illərdə- kişilər 15-60, qadınlar 15-55 yaşda; 2001-ci ildən- kişilər 15-61, qadınlar 15-56 yaşda.
Əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhali – aşağı və yuxarı yaş həddi arasında olan və hər hansı əmək fəaliyyətini həyata keçirmək iqtidarında olanlardır.
İqtisadi fəal əhali bütün işləyənləri və işsiz olub iş axtaranları özündə birləşdirir. Əmək qabiliyyətli yaşında olub, məşğul olmayan və müəyyən dövr ərzində iş axtarmayan şəxslər iqtisadi qeyri-fəal əhaliyə aid edilir. Bunlar yuxarı sinif şagirdləri, tələbələr, ev təsərrüfatında məşğul olanlar, xəstəyə qulluq edənlər, işləməyə ehtiyacı olmayan şəxslərdir. Məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış iş axtaranların sayı ilin sonuna əks etdirilmişdir.
Əhalinin miqrasiyası haqqında məlumatlar daxili işlər orqanlarından daxil olan əhalinin yaşayış yeri üzrə qeydiyyatdan keçirilməsi zamanı tərtib edilən gəlmə və getməyə dair statistik uçot sənədlərinin işlənməsi nəticəsində əldə edilir.
|