<< Mündəricat  

Səhiyyə və sosial təminat

Metodoloji izahlar
Həkimlərin ümumi sayına - müalicə, sanitariya təşkilatlarında, sosial təminat müəssisələrində, elmi tədqiqat institutlarında, kadr hazırlanması ilə məşğul olan müəssisələrdə, səhiyyə orqanları aparatında və s. yerlərdə işləyən ali tibbi təhsili olan bütün həkimlər daxil edilir.
Orta tibb işçilərinin ümumi sayına - müalicə, sanitariya təşkilatlarında, sosial təminat müəssisələrində, məktəbəqədər müəssisələrdə, məktəblərdə, uşaq evlərində və s. yerlərdə işləyən orta tibbi təhsili olan bütün şəxslər daxil edilir.
Xəstəxana müəssisələrində inventar ilə təchiz edilmiş və xəstələr tərəfindən tutulub-tutulmamasından asılı olmayaraq, xəstələri qəbul etməyə hazır olan çarpayılar uçota alınır.
Əhaliyə ambulatoriya-poliklinika yardımı göstərən tibb müəssisələrinin sayına ambulatoriya qəbulu ilə məşğul olan bütün tibb müəssisələri (poliklinikalar, ambulatoriyalar, dispanserlər, xəstəxanaların poliklinika şöbələri, həkim səhiyyə məntəqələri və s.) aid edilir.
Əhalinin xəstələnməsi il ərzində müalicə-profilaktika müəssisələrinə müraciət və ya profilaktik baxış zamanı qeydə alınan (dispanser nəzarətinə götürülən) xəstələrin sayı ilə xarakterizə olunur.
İlkin xəstələnmə xəstəyə həyatında ilk dəfə diaqnoz qoyulması ilə qeydə alınır.
Əhalinin ümumi xəstələnməsi il ərzində qeydə alınmış xəstələrin ümumi sayı ilə xarakterizə olunur. Bu zaman həm həyatında ilk dəfə diaqnoz qoyulan xəstələr, həm də xəstəliklə əlaqədar tibb müəssisəsinə təkrarən müraciət edən xəstələr qeydə alınır.
Xəstələrin kontingenti cari, eləcə də əvvəlki illərdə xəstəlikdən əziyyət çəkən və tibb müəssisələrinə müraciət etmiş bütün şəxslərin məcmusundan ibarətdir. Bu göstərici ilin sonuna tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayını daimi əhalinin ilin sonuna olan sayına bölməklə hesablanır.
Xəstələnmə səviyyəsi – ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstələrin daimi əhalinin orta illik sayına nisbəti ilə müəyyən edilir.

© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi