|
Mədəniyyət
Metodoloji izahlar Mədəniyyət müəssisələrinin sayı – hesabat dövrünün sonuna rəsmi olaraq qeydə alınmış müxtəlif fəaliyyət istiqamətli mədəniyyət müəssisələridir. Kütləvi kitabxanalar – universal kitabxana fondlarına malik olan və təhsil və ixtisas səviyyəsi, dini etiqad və digər əlamətlər üzrə məhdudiyyət qoyulmadan əhalinin bütün təbəqələrinin ədəbiyyata kütləvi tələbatını təmin edən kütləvi kitabxanalardır. Kitabxana fondu – müəyyən qaydada sistemləşdirilmiş və ümumi istifadə üçün oxucuların sərəncamına verilmiş çap əsərlərinin toplusu. İl ərzində fərdi abunə üzrə kitab götürmüş oxucuların ümumi sayı il ərzində son formulyarın (kitabxana kartoçkası) sıra nömrəsi ilə müəyyən olunur. Klub müəssisələri – əhalinin asudə vaxtını, özfəaliyyət xalq yaradıcılığı kollektivlərinin və digər klub tipli formalaşmaların fəaliyyətini təşkil edən klubların, mədəniyyət evlərinin, incəsənət işçiləri və müəllim evlərinin, asudə vaxt mərkəzlərinin, avtoklubların və s. aid olduğu mədəni-maarif müəssisələridir. Kinoteatrlar – xüsusi təchiz edilmiş, digər məqsədlər üçün istifadə olunmayan yerlərdə quraşdırılan stasionar kino qurğularıdır; iki, üç və daha artıq zala malik kinoteatr bir kinoteatr kimi nəzərə alınır; müstəqil müdiriyyəti olmasından və digər kinoteatrlarla ümumi müdiriyyətlə birləşdirilməsindən asılı olmayaraq kinoteatr ayrıca uçot vahidi kimi götürülür. Kinoseans – janrı nəzərə alınmadan tamaşaçılara müəyyən film proqramlarının (bir və bir neçə) birdəfəlik nümayişidir. Yalnız pullu kinoseanslar nəzərə alınır. Peşəkar teatrlar – tərkibində peşəkar truppası olan, hüquqi şəxs sayılan - teatr sənətinin yaradıcı kollektivləridir. Onların sırasına opera və balet, musiqili komediya (operetta), dram, uşaq, gənc tamaşaçılar və kukla teatrları daxil edilir. Konsert müəssisələrinə – filarmoniyalar, konsert salonları və sarayları, musiqi zalları, folklor qrupları, peşəkar orkestrlər və musiqi kollektivləri aiddir. Konsert fəaliyyəti vətəndaşların mədəniyyət sərvətlərindən istifadə hüququnu təmin etmək, onların bədii-estetik tələbatını ödəmək, səhnə musiqi və ifaçılıq sənəti sahəsində yaradılan bədii əsərlərdən tam və sərbəst surətdə faydalanmaq məqsədi ilə həyata keçirilir. Muzey – tarixi, maddi mədəniyyət abidələrinin toplanması, mühafizəsi, komplektləşdirilməsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət elmi-tədqiqat müəssisələridir.
Sirk – sirk tamaşalarının göstərildiyi arena (manej) ilə binaya malik və sirk artistlərindən ibarət kollektivinin dövri olaraq dəyişdiyi tamaşa müəssisələridir. Heyvanat parkı – vəhşi heyvanları nümayiş etdirmək, öyrənmək və yetişdirmək məqsədi ilə onları bağlı (qəfəslərdə, volyerlərdə) və yarım bağlı (təbii şəraiti xatırladan şərtlərlə iri sahələrdə) şəraitdə saxlayan elmi-maarif müəssisəsi. Mədəniyyət və istirahət parkları – yerli, ölkə və beynəlxalq səviyyəli təntənəli mərasimlərin, konsertlərin, tamaşaların, bayramların, mühazirələrin, seminarların, müsabiqələrin, festivalların, sərgilərin, satış-yarmarkaların və əhalinin asudə vaxtının mədəni-maarif təşkilinə yönəldilmiş sair tədbirlərin keçirilmə yerləridir; Tarix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruqları – tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilər və ya məskənlərdir. Daşınmaz tarixi-mədəniyyət abidələri – tarix və mədəniyyət abidələri arxeoloji və memarlıq obyektləri, etnoqrafik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir. Abidələr daşınar (səyyar) və daşınmaz ola bilər. Daşınar abidələr muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə və digər münasib yerlərdə, daşınmaz abidələr əksər hallarda arxeoloji və memarlıq abidələri olmaqla olduğu və inşa edildiyi yerlərdə qorunur. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri – musiqi, incəsənət və rəssamlıq sahəsində təhsil verən ilkin təhsil müəssisəsidir. Azərbaycan xalq, klassik və dünya incəsənətinin ən yaxşı nümunələri əsasında onlarda təhsil alan uşaqların estetik zövqünü formalaşdırır. Mədəniyyət və incəsənət müəssisələrinə gələnlərin sayı - teatr tamaşası, konsert və digər tamaşalarda tamaşaçıların sayının göstəricisi. Satılmış biletlərin ümumi sayına əsasən müəyyən olunur. |
| © Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi |