|
Ölkə əhalisinin 31 faizini təşkil edən gənclər dövlətin qayğısını daim hiss edir. Son illər “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 2005-ci və 2011-ci illərdə “Azərbaycan gəncliyi Dövlət Proqram”ları təsdiq edilmiş, Gənclərin ümumrespublika forumları keçirilmiş, 2007-ci il Gənclər ili elan edilmişdir. Gənclər siyasətinin həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait ildən ilə artır. Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 5 may 2007-ci il tarixli Qanununa əsasən Azərbaycanda gənclər 14–29 yaşlarında hesab edilir. Gənclərin problemləri ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, milli siyasətin prioritet məsələlərindən birinə çevrildiyini nəzərə alaraq və gənclər haqqında müvafiq qurumları və ictimaiyyəti statistik məlumatlarla təmin etmək məqsədi ilə Dövlət Statistika Komitəsi mütəmadi olaraq “Azərbaycan gəncləri” adlı statistik məcmuə hazırlayır və nəşr edir. “Azərbaycan gəncləri–2011” adlı statistik məcmuə aşağıdakı bölmələrdən ibarətdir: “Demoqrafik göstəricilər”, “Sağlamlığın qorunması”, “Təhsil və elm”, “Məşğulluq və işsizlik”, “Gənc ailələrdən ibarət olan ev təsərrüfatları, gənclərin miqrasiyası və gün ərzində orta vaxt sərfi” və “Hüquqpozmalar”. “Demoqrafik göstəricilər” bölməsində– gənclərin cins və yaş qrupları üzrə bölgüsü, cins üzrə milli tərkibi, anaların yaşına görə diri doğulanlar, anaların yaşı və doğum ardıcıllığına görə diri doğulan uşaqlarının sayı, rəsmi qeydə alınmış və alınmamış nikahda olan qadınların yaş qruplarına görə diri doğulan uşaqlarının sayı, həmçinin ölənlərin cins və yaş qrupları üzrə bölgüsü, nikahlar, boşanmalar və s. verilir. “Sağlamlığın qorunması” bölməsində– gənclərin əsas xəstəlik sinifləri üzrə xəstələnməsi, onların cins və yaş qrupları üzrə bədxassəli şişlərlə, aktiv vərəmlə, zöhrəvi xəstəliklərlə, alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnməsi, abortların yaş qrupları üzrə bölgüsü, ilk dəfə əlil hesab olunmuş gənclərin əsas xəstəliklər üzrə bölgüsü, idman qurğuları, Azərbaycan idmançıları tərəfindən qazanılmış medallar, idman seksiyalarında ayrı-ayrı idman növləri ilə məşğul olanlar verilir. “Təhsil və elm” bölməsində – əhalinin təhsil səviyyəsi, orta ixtisas və ali təhsil müəssisələrində tələbələrin sayı, doktorantların sayı və elmi müəssisələrdə tədqiqatçıların sayı verilir. “Məşğulluq və işsizlik” bölməsində – əhalinin iqtisadi fəallığına dair statistik müayinələrin məlumatlarına əsasən iqtisadi fəal və iqtisadi qeyri-fəal əhali, məşğul və işsiz əhalinin cins, təhsil səviyyəsi və yaş qrupları üzrə bölgüsü, iqtisadi qeyri-fəal əhalinin cins və yaş qrupları üzrə bölgüsü, Məşğulluq Xidmətləri tərəfindən işə düzəldilmiş və işsiz statusu verilmiş əhalinin sayı verilir. “Gənc ailələrdən ibarət olan ev təsərrüfatları, gənclərin miqrasiyası və gün ərzində orta vaxt sərfi” bölməsində ölkənin regionları üzrə 30 yaşadək ər–arvaddan ibarət olan ev təsərrüfatların sayı, daimi yaşamaq üçün Azərbaycana xarici ölkələrdən gələn gənclər və daimi yaşamaq üçün xarici ölkələrə gedənlər, ölkədən gedənlərin və Azərbaycana gələnlərin miqrasiyanın məqsədləri üzrə bölgüsü, eləcə də gənclərin gün ərzində orta vaxt sərdi verilir. “Hüquqpozmalar” bölməsində – cinayətin fəsilləri və növləri üzrə, narkotik vasitələr və güclü təsiredici maddələrlə bağlı cinayət törətmiş 14–29 yaşlı gənclərin sayı haqqında məlumatlar öz əksini tapmışdır. |
| © Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi |