|
Metodoloji izahlar
Ölümün səbəbləri haqqında informasiya mənbəyi ölümə səbəb olmuş xəstəlik, bədbəxt hadisə, qətl, özünəqəsd, və digər xarici təsirlərlə əlaqədar olaraq həkim (və ya feldşer) tərəfindən tərtib olunan ölüm haqqında şəhadətnamələrdəki qeydlərdən ibarətdir.
Ölüm haqqında məlumatların səbəblər üzrə kodlaşdırılması və işlənməsi xəstəliklərin, zədələr və ölümün səbəblərinin X baxılış Beynəlxalq Təsnifatına uyğun aparılır.
Ölümün səbəblərinə görə ölüm əmsalları – göstərilən ölüm səbəbləri üzrə il ərzində ölənlərin sayının bu yaşda əhalinin orta illik sayına nisbəti yolu ilə təyin edilir. Ölümün ümumi və yaş əmsallarından fərqli olaraq, əhalinin 100 min nəfərinə hesablanır. Əhalinin yaş tərkibində müxtəlifliyin təsirini aradan qaldırmaq üçün ölümün standartlaşdırılmış əmsalları hesablanır.
Ölüm səbəblərinin əsas sinifləri üzrə əmək qabiliyyətli yaşda əhalinin ölüm əmsalları təqvim ili ərzində ölüm səbəblərinin göstərilən siniflərində əmək qabiliyyətli yaşda olan ölənlərin sayının həmin yaşdakı əhalinin orta illik sayına nisbəti yolu ilə müəyyən edilmişdir.
Səbəblər üzrə körpə və uşaq ölümü əmsalları analoji olaraq bütün səbəblər üzrə ölümün ümumi əmsalları kimi hesablanır, amma onlardan fərqli olaraq, orta illik əhalinin 100 000 nəfərinə deyil, diri doğulanların hər 10 000 nəfərinə hesablanır.
|