Demoqrafik göstəricilər

2. Əhalinin təkrar istehsalının ümumi göstəriciləri
Metodoloji izahlar
Doğulanlar və ölənlər haqqında məlumatlar Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən doğum və ölüm haqqında aktlarda olan məlumatların statistik cəhətdən hər ay təhlil edilməsi əsasında əldə edilir. Doğulanların sayına yalnız diri doğulanlar daxil edilir.
Əhalinin təbii artımı – təqvim ilində diri doğulanların sayı ilə ölənlərin sayının fərqinə bərabərdir.
Doğum və ölümün ümumi əmsalları – müəyyən bir müddətdə doğum və ölümün intensivliyini müəyyən edən göstəricidir, diri doğulanların və ölənlərin sayının əhalinin orta illik sayına nisbət ilə ölçülür. Əhalinin hər 1000 nəfərinə hesablanır.
Əhalinin orta illik sayı – müvafiq ilin əvvəlinə və axırına olan sayın riyazi yolla hesablanmış orta sayıdır.
Təbii artımın əmsalı – əhalinin təbii artımı nisbi göstəricilərlə də səciyyələndirilə bilər. Əhalinin təbii artımının əhalinin orta illik sayına bölünməsi ilə və ya doğumun və ölümün ümumi əmsallarının fərqi ilə müəyyən olunur. Təbii artımın ümumi əmsalı əsasən doğumun və ölümün təsiri altında əhalinin sayının dəyişilməsinin qiymətləndirilməsi zamanı istifadə olunur. Göstərilən ərazidə demoqrafik vəziyyət və onun dəyişiklikləri xüsusi göstəricilər sistemi vasitəsilə öyrənilir. Belə ki, təbii hərəkətin ümumi əmsalları keçmiş illərdə doğulanların və ölənlərin sayının dəyişməsinin təsiri altında əhalinin yaşa və cinsə görə tərkibindən asılıdır. Əhalinin yaş–cins tərkibinə həmçinin miqrasiya da təsir göstərir.
Ümumi nəsilvermə (fertillik) əmsalı – ümumi nəsilvermə əmsalı reproduktiv dövr (15-49 yaşda) ərzində bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir.
Bu əmsal doğumun yaş əmsallarının hər yaş intervalının uzunluğuna vurulub toplanmaq yolu ilə hesablanır (bir illik əmsallar üçün vuruq birə, beş illik əmsallar üçün beşə və s. bərabərdir). Nəticədə cəm 1000-ə bölünür, yəni bu göstərici orta hesabla bir qadın üçün hesablanır.
Doğulanda gözlənilən ömür uzunluğu (0 yaş üçün) – doğulanların hər birinin orta hesabla yaşaya biləcəyi illərin sayını göstərir. Burada doğulanların bütün ömrü boyu ölümün səviyyəsinin hər yaş qrupu üzrə göstəricinin hesablandığı ildəki səviyyədə dəyişməz qalacağı şərti qəbul edilir. Doğulanda gözlənilən ömür uzunluğu həyat cədvəllərinin hesablanması nəticəsində alınır.
Təkrar istehsalın ümumi əmsalı (brutto-təkrar istehsal əmsalı) – reproduktivlik dövründə bir qadının orta hesabla doğduğu qız uşaqlarının sayını və doğulan uşaqların müəyyən vaxtdan sonra yeni valideyn nəsli ilə əvəz edilməsini gös¬tərir.
Bu göstəricinin hesablanmasında ölüm amili nəzərə alınmır, yəni reproduktiv dövrün sonuna qədər anaların və doğulan qız uşaqlarının sağ qalma ehtimalı qəbul edilir.
Əhalinin təkrar istehsalının brutto-əmsalı doğumun nəsil¬vermə əmsalı kimi hesablanır, lakin ondan fərqli olaraq hesablamada yalnız qızlar nəzərə alınır.
Adətən doğulan qızların xüsusi çəkisi qadınların bütün yaşla¬rında təqribən 0,488-ə bərabər götürülür.
Təkrar istehsalın ümumi əmsalı (netto-təkrar istehsal əmsalı) – brutto-təkrar istehsal əmsalından fərqli olaraq, netto təkrar istehsal əmsalının hesablanmasında ölüm amili nəzərə alınır (həyat cədvəllərindən istifadə olunur). Netto təkrar istehsal əmsalı ana nəslinin qızların analıq yaşına çataraq yeni nəsil ilə əvəz olunmasını xarakterizə edir. Adətən əmsal orta hesabla bir qadın üçün hesablanır. Bu göstərici 1000 qadın üçün də hesablana bilər.
Əgər bu əmsal 1,0-ə bərabərdirsə, onda doğum və ölüm nisbətləri əhalinin sadə təkrar istehsalını təmin edir. Əgər netto-təkrar istehsal əmsalı 1,0-dən az və ya çoxdursa, bu o deməkdir ki, əhalinin təkrar istehsalı daralmış (yəni uşaq nəslinin sayı valideyn nəslinə nisbətən azlıq təşkil edir) və ya geniş (sayca uşaq nəsli valideyn nəslinə nisbətən çoxluq təşkil edir) təkrar istehsaldır.



© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi