<< Mündəricat  

Tikinti

Qısa metodoloji izahat

Əsas kapitala vəsaitlər – bütün növ əsas vəsaitlərin alınmasına, yaradılmasına və təkrar istehsalına yönəldilmiş xərclərin məcmusudur. Əsas kapitala yönəldilmiş investisiyalar tikinti-quraşdırma işlərinə, quraşdırılması tələb olunan və ya tələb olunmayan, tikili və obyektlərin smetasına daxil olan və ya daxil olmayan maşın və avadanlıqların alınmasına və quraşdırılmasına, işçi və məhsuldar heyvanların alınmasına, çoxillik əkmələrin və meşə zolaqlarının salınmasına, layihə-axtarış və sair işlərin yerinə yetirilməsinə sərf edilən xərclərin cəmindən ibarətdir. Əsas kapitala yönəldilmiş investisiyaların maliyyələşdirmə mənbələri müəssisə və təşkilatların öz vəsaitləri, büdcə vəsaitləri (dövlət büdcəsi və ya yerli büdcələr), əhalinin şəxsi vəsaitləri, bank kreditləri, büdcədənkənar fondların vəsaitləri və digər vəsaitlər ola bilər.
Tikinti-quraşdırma işlərinə sərf edilən vəsait – yeni tikilən, yenidən qurulan, genişləndirilən bütün növ bina və qurğuların layihə-smeta sənədlərində yerinə yetirilməsi nəzərdə tutulmuş tikinti işlərinə və tikintinin smetasına daxil olan və daxil olmayan avadanlıqların quraşdırılması işlərinə sərf edilmiş investisiyaların yekunundan ibarətdir.
İnvestisiyanın texnoloji strukturu- investisiyanın texnoloji strukturuna bütün növ tikinti-quraşdırma işlərinin həcmi, tikintinin smeta dəyərinə daxil edilən və daxil edilməyən maşın və avadanlıqların, alət və inventarların alınmasına çəkilən xərclər və sair investisiya xərcləri aid edilir.
Əsas fondlar - əsas fondların tərkibinə tikintisi başa çatdırılan və hesabat dövründə istifadəyə verilən bina və qurğuların, bütün növ nəqliyyat vasitələrinin, rabitə vasitələrinin, kənd təsərrüfatı, ticarət, iaşə müəssisələrinin, mənzil-kommunal, təhsil, mədəniyyət, səhiyyə və eləcə də iqtisadiyyatın bütün digər sahələri üzrə vəsaitlərin, tikintinin smetasına daxil edilən və edilməyən, quraşdırılması tələb olunan və olunmayan istifadəyə verilmiş avadanlıqların, maşınların və bütün növ nəqliyyat vasitələrinin dəyəri və habelə əsas fondların tərkibinə daxil edilən digər növ xərclər daxildir.
İstehsal gücləri- hesabat dövründə istifadəyə verilmiş istehsal gücləri, yaşayış və sosial-mədəni obyektlər haqqındakı məlumatlar sifarişçı və podratçı təşkilatların müvafiq hesabatlarında Dövlət Komissiyasının təsdiq etdiyi qəbul aktına əsasən göstərilir.
Məhsul istehsalı obyektlərinin tikintisi - sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və tikinti fəaliyyət sahəsi obyektlərinin inşasına yönəldilmiş vəsaitin həcmi daxildir.
Xidmət obyektlərinin tikintisi- ticarət, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, daşınmaz əmlak, təhsil, səhiyyə, istirahət, əyləncə, incəsənət və digər xidmət sahələri obyektlərinin inşasına yönəldilmiş vəsaitin həcmi daxildir.
Neft sektoru üzrə əsas kapitala yönəldilmiş vəsaitlər - xam neftin, təbii qazın hasilatı və neft məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin əsas kapitalına yönəldilmiş vəsaitlərdir.
Qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilmiş vəsaitlər dedikdə, neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyalar istisna olmaqla, ölkə iqtisadiyyatının bütün fəaliyyət sahələrində əsas kapitala yönəldilmiş vəsaitlər başa düşülür.
Əsas kapitala yönəldilmiş xarici vəsaitlər – xarici sərmayədarlar tərəfindən yeni tikintiyə, yenidənqurma və genişləndirmə üzrə tikinti işlərinə, maşın və avadanlıqların əldə edilməsinə sərf edilən investisiyalar aiddir. Buraya həmçinin tikinti işlərində istifadə edilmiş xarici kreditlər, qrantlar və humanitar yardımlar hesabına istifadə edilmiş investisiyalar da daxildir.
Əsas kapitala yönəldilmiş daxili vəsaitlər – mənşəyi xarici investisiyalar olmayan, ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatların öz vəsaitləri, büdcə vəsaiti (dövlət büdcəsi və ya yerli büdcə), ölkə vətəndaşlarının şəxsi vəsaitləri və ölkə banklarının kreditləri hesabına əsas kapitala yönəldilmiş investisiyaların məcmusudur.
Podrat müqavilələri ilə yerinə yetirilən tikinti işlərinin həcminə – tikinti müəssisələri ilə tikinti işlərinin həyata keçirilməsini maliyyələşdirən sifarişçi müəssisə və təşkilatlar arasında bağlanmış müqavilələr əsasında tikinti müəssisələrinin öz gücləri ilə yerinə yetirdikləri bütün növ tikinti işlərinin və xidmətlərin dəyəri aiddir. Bu işlərə tikinti-quraşdırma (yeni tikinti, yenidənqurma, genişləndirmə), əsaslı təmir, cari təmir və digər işlərin və xidmətlərin dəyəri daxildir.
İstifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi – ümumi sahəyə mənzildəki bütün otaqların sahəsi, mətbəxlərin, dəhlizlərin, sanitar qovşaqlarının, vanna və qarderobların, anbarların, eyvanların, lociyaların və digərlərin sahəsi daxildir.
Yaşayış evlərində mənzillər – daimi yaşayış üçün istifadə olunan, başqa yaşayış mənzilləri ilə daxili əlaqəsi olmayan və özünün pilləkən meydançasına, ümumi dəhlizə və ya bilavasitə küçəyə çıxış yolu olan sahədir. Mənzil bir neçə otaqdan ibarət ola bilər.
Mənzil fondu - bu fonda icra hakimiyyətinin, idarə və təşkilatların, ictimai təşkilatların, mənzil və mənzil tikinti kooperativlərinin və vətəndaşların şəxsi mülkiyyətində olan mənzillər daxil edilir. Buraya həmçinin qeyri-yaşayış binalarındakı (uşaq evlərində, uşaq bağçalarında, səhiyyə və təhsil obyektlərində) yaşayış üçün nəzərdə tutulmuş mənzillər də daxil edilir.
Mənzil fondunun abadlığı - abadlıq növlərinin bütün kompleksi ilə, yəni su kəməri ilə, qazla, kanalizasiya ilə, mərkəzləşdirilmiş istiliklə, hamamxana (duş) ilə, isti su təminatı ilə təchiz olunmuş, yaşayış sahəsinin kəmiyyəti ilə ölçülən mənzil fondunun keyfiyyətidir.
Özəlləşdirilmiş mənzillərə – könüllülük əsasında vətəndaşa pulsuz verilmiş yaşadıqları mənzillər, növbədə olanlara və digər şəxslərə auksionda satılmış yeni tikilmiş mənzillər, əsaslı tikintiyə və ya bərpaya ehtiyacı olan binalarda əhaliyə satılmış mənzillər aiddir.
Mənzil şəraitinin yaxşılaşdırılması - mənzil almış və mənzil şəraitinin yaxşılaşdırmış növbədə olan və olmayan ailələrin sayı, həm cəmi, həm də ayrı-ayrı güzəştli kateqoriyalar üzrə aparılır. Ailələr yeni tikilmiş, əsaslı tikintisi, bərpası bitmiş, vətəndaşların və ya ailə üzvlərinin köçməsi hesabına (kommunal mənzillərdə) boşalmış evlərdən mənzil alırlar.

QEYD: Məcmuədə 1990 - 1994-cü illərin dəyər ifadəsində göstəriciləri milli manatın denominasiyasına qədərki qiymətlərlə, 1995-ci il və sonrakı illərin göstəriciləri isə manatın denominasiyasından sonrakı qiymətlərilə göstərilmişdir.


© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi