<< Mündəricat  

Yanacaq-enerji və materiallar balansı

Enerji Balansının tərtib olunmasına dair qısa metodoloji izahlar

Balansın quruluşu. Enerji balansı - ayrı-ayrı energetika məhsulları üzrə (neft, qaz, elektrik enerjisi və s.) əmtəə balanslarını özündə birləşdirməklə onların neft ekvivalentinin tonu (NET) enerji vahidi ilə ifadə olunmuş kompleks məcmusudur. 1 NET 41,868 Qiqa Coula, yaxud 0,041868 Tera Coula, 1 Tera Coul 1000 Qiqa Coula bərabərdir. Enerji balansının tərtibindən əvvəl balansda göstərilən bütün energetika məhsullarının əmtəə balansları tərtib edilir. Enerji balansı matrisa formasında qurulmaqla 50 sətir və 28 sütundan ibarətdir, sətirlərdə enerjinin yaranma yerlərindən onun son istifadə yerlərinədək axınlar, sütunlarda isə energetika məhsulları göstərilir. Azərbaycanın mövcud energetika xüsusiyyətlərini, habelə Azərbaycan Respublikası Prezidenti tərəfindən 21 oktyabr 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq olunmasını, yaxın gələcəkdə ölkəmizdə bərpa olunan enerji mənbələri hesabına yeni energetika güclərinin yaradılacağını da nəzərə alaraq ölkənin milli Enerji balansına 23 məhsul növü və 5 məhsul qrupu (1, 5, 18, 20 və 26-cı sütunlar) daxil edilmişdir. Azərbaycanın milli Enerji balansının modeli, yerli xüsusiyyətlər nəzərə alınmaqla BMT-nin tövsiyələrinə və enerji balanslarının vahid strukturuna əsaslanmışdır.

Enerji balansının “Yuxarı blok” hissəsi.

1.1-ci sətir “İlkin enerji məhsullarının istehsalı”.Bütün energetika məhsulları ilkin və ikinci (təkrar) məhsullara bölünür. Təbii resurslardan birbaşa alınan və ya ayrılan məhsullar ilkin (xam neft, təbii qaz, su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi və s.), ilkin energetika məhsulu olmayan, lakin ilkin məhsullardan istehsal edilən qalan energetika məhsulları (neft məhsulları, istilik elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi və s.) ikinci məhsullar adlandırılır. İlkin mədən yanacaq məhsullarının istehsal həcmləri, bir qayda olaraq, onların yataqlardan hasil edildiyi yerdə ölçülür. İstehsalın səviyyəsi yanacaqların bazara yararlılıq meyarı ilə ölçülür, satış və ya istifadə üçün hazır olmayan yanacağın miqdarı istehsal həcmlərində nəzərə alınmır. Misal üçün, qaz və ya neft yataqlarından hasil edilən qazın bir qismi təzyiqin saxlanılması üçün yatağa vurula, məşəllərdə yandırıla və ya atmosferə atıla bilər. Qalan qaz daha ağır qazların (qaz kondensatlarının) ayrılması məqsədilə sonradan emal oluna bilər. Beləliklə, laylara təkrar vurulan, atmosferə atılan və yandırılan qazın, habelə qaz kondensatının həcmi satış üçün hazır olan qazın həcminin müəyyənləşdirilməsində nəzərə alınmır. Bu qayda ikinci energetika məhsullarına da aiddir.
1.2 və 1.3-cü sətirlər “İdxal” və “İxrac”.İdxal və ixrac həcmləri – Azərbaycanda yaşayan şəxslər və ya fəaliyyət göstərən müəssisələr tərəfindən həyata keçirilən əqdlərin nəticəsində ölkəyə daxil olan və ölkədən çıxarılan məhsulların miqdarıdır. Yüklərin gömrük orqanlarında rəsmiləşdirilməsinin baş verib-verməməsindən asılı olmayaraq, idxal-ixrac əməliyyatları məhsulun ölkənin milli sərhədlərini keçmə anında baş vermiş hesab edilir. Ölkə ərazisindən tran-zitlə keçən energetika məhsulları (elektrik enerjisi istisna olmaqla) idxal-ixrac göstəricilərində nəzərə alınmır. Balansda ixrac göstəriciləri « - » işarəsi ilə qeyd edilir.
1.4-сü sətir “Beynəlxalq reyslər üzrə yanacaq çən-lərinə doldurulmuşdur”. Burada, hansı ölkədə qeydiyyatdan keçməsindən asılı olmayaraq beynəlxalq reyslər həyata keçirən gəmi (1.4.1 sətir) və təyyarələrin (1.4.2 sətir) (hərbi gəmi və təyyarələr daxil olmaqla) yanacaq çənlərinə Azərbaycanda doldurulmuş yanacağın miqdarı göstərilir. Dəniz gəmilərinin istifadə etdiyi yanacaq (donanma mazutu və s.) gəmi tərəfindən daşınan yükün bir hissəsi sayılmır. Balıqçılıq gəmilərinin istifadə etdikləri yanacaq bu sətrə daxil edilmir. Balansda bu sətrin məlumatları « - » işarəsi ilə qeyd edilir.
1.5-ci sətir “Ehtiyatların dəyişməsi”. Enerji balansının tam bitmiş hesabat dövrü üzrə hesablanan elementlərindən (istehsal, istehlak, idxal və s.) fərqli olaraq ehtiyatların səviyyəsi müəyyən vaxt anına ölçülür. Ehtiyatların dəyişməsi hesabat dövrünün əvvəlində olan ehtiyatlardan hesabat dövrünün sonunda olan ehtiyatları çıxmaqla hesablanır. Hesabat dövrünün sonunda ehtiyatlar artdıqda rəqəm « - » işarəsi ilə yazılır. Energetika məhsullarının ehtiyatları bu məhsulların istehsalçılarında, idxalçılarında, energetika məhsullarının transformasiyası, bölüşdürülməsi, ticarəti ilə məşğul olan müəssisələrdə, son enerji istehlakçılarında (müəssisə və təşkilatlarda və ev təsərrüfatlarında) ola bilər.
1-сi sətir “Ümumi daxili istehlak” enerji məhsulları ilə təchiz olunan mənbələrin, yəni balansın 1.1-1.5-ci sətirlərinin məlumatlarının toplanılmasından formalaşır.
2-ci sətir “Statisik fərq”- ümumi enerji təchizatı ilə bütün energetika məhsullarının istehlakı arasında alınan fərqdir. Ümumi enerji təchizatının miqdarından (1-ci sətir) enerjinin transferləri (3-cü sətir), transformasiya sektorunun prosesləri (4-cü sətir), daxili istehlak (5 sətir), itkilər (6 sətir) və son istehlakın (7-ci sətir) cəmi çıxıldıqdan sonra yaranan fərqdir. Statistik fərqin qiyməti mənfi işərə ilə də ola bilər. “Statistik fərq” sətrinin məlumatları balans məlumatlarının keyfiyyətini qiymətləndirməyə imkan verən əsas meyardır. Belə ki, elektrik enerjisi və ya təbii qaz kimi əsas enerji daşıyıcıları üzrə statistik fərq 1%-dək azəhəmiyyətli, istehlakın strukturunda cüzi paya malik olan enerji daşıyıcıları üzrə isə 10%-dək olmasına yol verilir.

Enerji balansında “Orta blok”.

3-cu sətir “Transferlər” (yerdəyişmələr) - praktiki təsnifetmə və enerji məhsulunun istifadəsi və ya müəyyən olunmasında dəyişikliklər səbəbindən yaranan təqdimat məsələlərinin öhdəsindən gəlmək məqsədilə enerjini sütunlar arasında hərəkət etdirmək üçün əhəmiyyətli olan statistik üsuldur. Yerdəyişmələr, məsələn, hazır neft məhsulu neft emalı zavodlarında xammal kimi idxal olunduqda vacib sayılan – neft məhsullarının adlarının dəyişdirilməsini və uzun müddət öz ilkin xassələrinə uyğun gəlməyən məhsulların adlarının dəyişdirilməsini əhatə edir.
4-cü sətir “Transformasiya sektorunun prosesləri”. Bu sətirdə, habelə 4.1-4.8-ci altsətirlərdə istilik və elektrik enerjisinin istehsalı üçün yandırılmış yanacaq da daxil olmaqla ikinci yanacaq məhsullarının istehsalına sərf edilmiş yanacağın miqdarı və həmin transformasiya (çevirmə) nəticəsində əmələ gələn ikinci energetika məhsullarının miqdarı əks etdirilir. Bu zaman transformasiyaya uğramış ilkin enerji məhsulları “-” işarə ilə göstərilir.
5-ci sətir “Energetika sektorunun daxili istehlakı”. Balansın bu hissəsi yanacaq-energetika müəssisələrində istehlak olunmuş energetika məhsullarının miqdarını və ya xüsusi sərfiyyatını göstərir. İstehlak olunmuş belə energetika məhsulları digər energetika məhsullarına çevrilmədən uçotdan silinir. Yanacaq-energetika müəssisələrində istehlak olunmuş energetika məhsullarından bu müəssisələrin fəaliyyətini təmin etmək üçün istifadə edilir, lakin energetika məhsulları transformasiya proseslərində iştirak etmir.
6-ci sətir “İtkilər”. Energetika məhsullarının onların istifadəsi yerinə nəql edilməsi, bölüşdürülməsi (elektrik, qaz şəbəkələri və s.) zamanı baş vermiş itkilər və digər itkilər bu sətirdə öz əksini tapır. Elektrik enerjisinin transformatorlarda baş verən itkiləri də bu sətirə daxil edilir. Qazın nəqletmə və bölüşdürülmə zamanı itkiləri dedikdə qazın uzaq məsafəyə nəqli prosesində baş verən itkilər, rayondaxili (şəhərdaxili) bölüşdürücü şəbəkələr vasitəsilə qazın paylanması zamanı baş verən itkilər nəzərdə tutulur. Neft emalı prosesində itkilər – neft emalı zavoduna daxil olmuş məhsulun tam həcmi ilə ümumi hazır məhsul istehsalı arasındakı fərqdən ibarət olmaqla əsasən neft məhsullarının təbii əksilməsinin nəticəsində baş verir. Belə itkilər “digər itkilər”ə aid edilir.

Enerji balansının “Aşağı blok” hissəsi

7-ci sətir “Son istehlak”. Enerjinin son istehlakçılarına verilən energetika məhsulları son istehlak adlandırılır və (transformasiyaya uğramış) energetika məhsulları və (və ya) energetika sahələrində xüsusi sərfiyyat kimi istehlak olunmuş məhsullar son istehlaka daxil deyil. Müxtəlif yanacaqların son istehlakı onlardan qızdırılma və qeyri-energetika məqsədli istifadəni nəzərdə tutur. Son istehlak sektorunda energetika məhsulları uçotdan tamamilə çıxır, yəni transformasiya nəticəsində bu və ya digər energetika məhsuluna çevrilmir. Bu məhsullar enerjinin transformasiyası (çevrilməsi) prosesinə daxil olmur və onlardan müəssisələrin və ev təsərrüfatlarının müxtəlif fəaliyyətini təmin etmək üçün istifadə edilir. Son istehlak sektoru iki – a) energetika məqsədli son istehlak və b) qeyri-energetika məqsədli son istehlak altbölmələrindən ibarətdir və onun məlumatları 7.1 və 7.2 sətirlərin məlumatlarının toplanması ilə müəyyənləşdirilir.
7.1-ci sətir “Energetika məqsədli son istehlak” üç iri qrupun – sənaye və tikinti; nəqliyyat və iqtisadiyyatın digər sahələri üzrə enerjinin son istehlakı haqqındakı məlumatlarından formalaşdırılır.
Sənaye və tikinti sahələrinin adları (7.1.1.1–7.1.1.13-cü sətirlər) İqtisadi Fəaliyyət Növləri Təsnifatına uyğun olaraq göstərilmişdir. Energetika sənayesi transformasiya sektorunda nəzərə alındığı üçün balansın bu hissəsində uçota alınmır. Sənaye müəssisələri istilik enerjisinin əldə edilməsi üçün energetika məhsullarından: öz ehtiyaclarının ödənilməsi üçün qeyri-energetika mədsədilə; nəqliyyat məqsədləri üçün; satış üçün elektrik və istilik enerjisi istehsal etmək məqsədilə istifadə edir. Sənaye müəssisələrinin nəqliyyata, satış üçün elektrik və istilik enerjisi istehsalına sərf etdiyi yanacaq enerjinin son istehlakı olmadığı üçün balansın bu sektorunda əks etdirilmir.
Əgər bu və ya digər sənaye müəssisəsi satış məqsədilə elektrik və ya istilik enerjisi istehsal edirsə, həmin elektrik və ya istilik enerjisi istehsalına sərf edilmiş yanacaq məhsullarının miqdarı sənaye sektoru (sətir 7.1) məlumatlarından xaric edilməli və “transformasiya sektorunun prosesləri”ndə (4-cü sətir) göstərilir. Müvafiq olaraq, ümumi istifadədə olan avtomobil yolları ilə müəssisələrin nəqliyyat vasitələri (və ya icarəyə götürdükləri) ilə daşınmalarına sərf edilmiş yanacağın miqdarı nəqliyyatın son istehlakı kimi 7.1.2.1 sətirdə əks etdirilir.
Nəqliyyatın (sətir 7.1.2) beş növü – avtomobil, dəmir yolu, daxili hava, daxili su və boru kəməri nəqliyyatına ayrılır. Avtomobil nəqliyyatı (sətir 7.1.2.1) üzrə ümumi istifadədə olan yollarda hərəkət zamanı nəqliyyat vasitələrinin bütün növləri tərəfindən istehlak edilmiş yanacağın miqdarı göstərilir. Ümumi istifadədə olan avtomobil yollarından kənarda istifadə olunmuş yanacaq (yükləmə-boşaltma işləri, kənd və meşə təsərrüfatının ehtiyacları üçün daşınmalar və s.) daxil edilmir. Dəmir yolu nəqliyyatı (sətir 7.1.2.2) üzrə sərnişin və yük daşınmaları, şəhər elektrik nəqliyyatı (metro, tramvay, trolleybus) üzrə sərnişin daşınmaları, habelə hərəkət heyətinin manevr əməliyyatları zamanı lokomotivlərin hərəkəti üçün istifadə edilmiş bütün neft məhsulları və elektrik enerjisinin miqdarı göstərilir. Daxili hava nəqliyyatında (sətir 7.1.2.3) istifadə olunmuş yanacaq göstərilir. Ölkə daxilində hərbi aviasiyanın yanacaq sərfiyyatı ölkədaxili aviadaşımalara daxil edilir. Beynəlxalq reyslər üzrə hərəkət edən hava nəqliyyat vasitələrinin yanacaq çənlərinə doldurulmuş yanacaq isə 1.4.2-ci sətirdə “Təyyarələrin yanacaq çənləri üzrə” göstərilməlidir. Növbəti enmə məntəqəsi xarici hava limanı olan bu və ya digər uçuş beynəlxalq uçuş hesab edilir. Daxili gəmiçilik, yəni Xəzər dənizində kabotaj əlaqə üzrə yerinə yetirilən reyslərdə gəmilərdə (balıqçılıq gəmiləri istisna olmaqla) istifadə edilmiş yanacağın miqdarı sətir 7.1.2.4-ə göstərilir. Boru kəməri nəqliyyatının (sətir 7.1.2.5) fəaliyyətinin təmin edilməsində kompressor və (və ya) nasos stansiyaları tərəfindən istehlak edilmiş yanacaq və elektrik enerjisinin miqdarı göstərilir.
7.1.2.6 “Nəqliyyatın digər növləri” sətrində köməkçi və əlavə nəqliyyat fəaliyyətinin – avtobus, dəmir yolu və yükləmə stansiyaları; işarəvermə və rabitə distansiyaları; hava və dəniz limanları və terminalları; liman və pirs; bunkerlər, soyuducu anbarlar, avtomobil yollarının fəaliyyəti; körpülər, tunellər, avtomobil dayanacaqları və ya qarajlardan istifadə edilməsi və s. kimi fəaliyyətin həyata keçirilməsi üçün sərf olunmuş yanacağın miqdarı göstərilir.
“İqtisadiyyatın digər sahələri”nə (sətir 7.1.3) aşağıdakılar daxildir:
Kənd və meşə təsərrüfatı, balıqçılıq (sətir 7.1.3.1) sahələrində (balıqyetişdirmə, açıq dənizdə balıq ovu daxil olmaqla) istifadə olunmuş energetika məhsullarının miqdarı bu sətirdə əks etdirilir.
Kommersiya və ictimai xidmətlər göstərən müəssisələr öz fəaliyyətinin təmin edilməsi zamanı istehlak etdiyi energetika məhsullarının miqdarı 7.1.3.2-ci sətirdə göstərilir.
Ev təsərrüfarlarında məişət məqsədləri üçün istifadə edilmiş energetika məhsullarının miqdarı balansın 7.1.3.3-cü sətrində göstərilir.
Digər sahələri üzrə yuxarıda adları sadalanmayan rabitə, səhiyyə, təhsil, bank və sığorta sektorunda, habelə dövlət idarəetmə orqanları və s. sahələrdə müəssisələrin əsas fəaliyyətinin təmin edilməsi üçün istifadə edilmiş energetika məhsullarının miqdarı 7.1.3.4-cü sətirdə əks etdirilir.
7.2-ci sətir “Qeyri-energetika məqsədli son istehlak”. Bir çox yanacaq məhsullarından qeyri-energetika məqsədləri üçün istifadə edilə bilər. Misal üçün, sürtkü yağlarından mühərriklərdə, bitumdan evlərin damı və yol örtüyündə, uayt-spirit və digər sənaye əridicilərindən boya, parafinlərdən şam, neft koksundan elektrod istehsalında istifadə edilir.
Qeyri-energetika məqsədləri üçün yanacaq məhsullarından istifadəyə daha çox kimya sənayesində rast gəlinir. Kimya sənayesi yanacaq məhsullarını qey-ri-energetika məqsədləri üçün istehlak edən ən mühüm istehlakçı olmaqla neft, təbii qaz və s. energetika məhsullarını emal edib sintetik üzvi məhsullar alır. Kimya sənayesində bir çox neft məhsullarından xam-mal kimi istifadə olunur, bunlar əsasən nafta, sıxılmış neft qazı və etan qazıdır. Kimya sənayesinin bir sıra texnoloji prosesləri üçün təbii qazın tərkibində olan metan karbon və hidrogenin mühüm mənbəyidir. Əgər metandan, karbohidrogen əsaslı etilen, propilen, buti-len, ətirli karbohidrogenlər, butadien və digər qeyri-energetika xammal məhsullarının alınması üçün istifadə edilmişdirsə, onda bu qeyri-energetika istifadəsi hesab edilir. Lakin, əgər metandan ammiak və metanol isteh-salı, buxar krekinqi kimi neft-kimya proseslərində ya-nacaq kimi istifadə edilirsə, metan energetika məqsədi üçün istifadə olunmuş hesab edilir və bu məlumatlar balansın 7.1.1.2 sətrində göstərilir. Elektrik və istilik enerjisindən qeyri-energetika məqsədləri üçün istifadə edilmir.

Enerji balansının “Məhsullar” hissəsi.

1-ci sütun “Bütün məhsullar, cəmi” 2-5-ci, 18-20-ci, 26-28-ci sütünların məlumatlarının toplanmasından formalaşdırılır.
2-ci sütun “Xam neft, qaz kondensatı daxil olmaqla”. Xam neft – neft tərkibli yeraltı dağ suxurlarında təbii yolla yaranan, tərkibində hidrogen və karbon olan kimyəvi birləşmələrin - maye karbohidrogenlərinin mürəkkəb qarışığıdır. Normal temperatur və təzyiq şəraitində neft maye halında olur, onun fiziki xassələri (sıxlığı, qatılığı və s.) geniş hədlərdə dəyişə bilər. Bu kateqoriyaya xam neftin tərkibində olan səmt və ya qeyri-səmt qazından alınan mədən (qaz) konden-satı da daxildir.
3-cü sütun “Təbii bitum və təbii asfalt” qəhvəyi və qara rəngdə olmaqla möhkəm və yumşaq qarışıqlardan ibarətdir, təbiətdə təsirsiz mineral maddələrin karbohidrogen birləşmələri kimi rast gəlinir. Bu növə asfaltitlər, asfalt əhəngləri və digər asfalt süxurları daxildir. Bituminoz kömür, liqnit, şistlər və qumlar, neftdən alınmış bitum bu sütunun məlumatlarına daxil edilmir.
4-cü sütun “Neft-zavod xammalı” - qarışdırma istisna olmaqla, ilkin emal mərhələsini keçən və sonrakı emal üçün nəzərdə tutulmuş (məsələn, birbaşa emal edilən destillyatlar və ya vakuum qazoylu) neftdir. Sonrakı emal zamanı neft-zavod xammalı bir və ya bir neçə komponentə və son məhsula çevrilir. Bu tərifə habelə neft-kimya sənayesindən neft emalı sənayesinə qaytarılan məhsullar (məsələn, piroliz benzini, C4 fraksiyaları, qazoyl və mazut fraksiyaları) da daxildir.
5-ci sütun “Neft məhsulları, cəmi” 6 - 17-ci sütünlardakı məlumatların cəmidir.
6-cı sütun “Neft-zavod qazı (mayeləşdirilməmiş)” əsasən hidrogenin, metanın, etanın, həmçinin neft emalı zavodlarında xam neftin ayrılması və ya neft məhsullarının emalı (məsələn, krekinq) zamanı alınan olefinlərin daxil olduğu və mayeləşdirilməsi mümkün olmayan qazların qarışığından ibarətdir. Ona həmçinin neft-kimya sənayesindən qayıdan qazlar da daxildir.
7-ci sütun “Mayeləşdirilmiş neft qazları” - xam neftin sabitləşdirilməsi və təbii qazın emalı müəssisələrində destillə proseslərindən əldə edilən parafin sıralı karbohidrogenlərin yüngül fraksiyalarıdır. Bunlar əsasən propan (C3H8) və butandan (C4H10) və yaxud bu iki birləşmənin qarışığından ibarət olur. Mayeləşdirilmiş neft qazlarına həmçinin propilen, butilen, izobuten və izobutilen də daxil ola bilər. Nəqletmə və saxlanma üçün mayeləşdirilmiş neft qazları, bir qayda olaraq, təzyiq altında mayeləşdirilir, onlardan energetika və qeyri-energetika məqsədləri (məsələn, buxar krekinqi kimi neftkimya prosesində xammal kimi) üçün istifadə olunur.
8-ci sütun “Avtomobil benzini” - 35-2150 Selsidə qaynayan yüngül karbohidrogenlərin qarışığından ibarət olan yanacaqdır. Oktan ədədini artırmaq üçün avtomobil benzininin tərkibinə aşqarlar, oksigenatlar və əlavələr, tetraetilqurğuşun və tetrametilqurğuşun kimi qurğuşun birləşmələri daxil edilə bilər. Avtomobil benzini iki qrupa bölmək olar:
- etilləşdirilməmiş avtomobil benzini: oktan ədədini artırmaq üçün qurğuşun tərkibli birləşmələrin əlavə edilmədiyi avtomobil benzinidir;
- etilləşdirilmiş avtomobil benzini: oktan ədədini artırmaq üçün tetraetilqurğuşun və tetrametilqurğuşun əlavələrinin daxil olduğu avtomobil benzinidir.
9-cu sütun “Reaktiv mühərriklər üçün yanacaq” aviasiya turbinli güc qurğularında istifadə olunan destillə məhsuludur. Onun ağ neft kimi 150-3000 Selsi diapazonunda (adətən 2500 Selsidən yüksək olmur) destillə olunma və eyni alışma temperaturuna malik xüsusiyyətləri vardır. Bundan başqa, reaktiv mühər-riklər üçün ağ neft Hava Nəqliyyatının Beynəlxalq Assosiasiyasının (İATA) müəyyən etdiyi bir sıra özünəməxsus xassələrə (donma temperaturu kimi) malikdir. Bu kateqoriyaya ağ neftin qarışdırma komponentləri də daxildir.
10-cu sütun “Nafta” - neft-kimya sənayesi üçün (məsələn, etilen və ya ətirli birləşmələrin istehsalı üçün) ilkin xammaldır. Destilləsi 30-2100 Selsidə həyata keçirilən fraksiyalardan ibarətdir.
11-ci sütun “Dizel yanacağı (qazoyl)”- qaynama temperaturu 180-3800 Selsi olan neftin destilləsinin orta destillə məhsuludur. Təyinatından asılı olaraq bir neçə növdə olur:
- mühərrik dizel yanacağı: sıxılmadan alışan daxili yanma mühərrikli avtomobil nəqliyyatı vasitələri üçün (minik, yük avtomobilləri və s.) dizel yanacağı, bir qayda olaraq, aşağı kükürdlü olur;
- isitmə və digər qazoyllar:
- sənaye və məişətdə istifadə etmək üçün yüngül isitmə qazoylu;
- dəniz gəmiləri və dəmir yolu lokomotivlərinin dizel mühhərikləri üçün yanacaq;
- qaynama temperaturu 380-5400 Selsi olan ağır qazoyllar daxil olmaqla, neft-kimya sənayesində ilkin xammal kimi istifadə edilən qazoylun digər növləri.
12 və 13-cü sütunlar “Azkükürdlü mazut” və “Yüksək kükürdlü mazut”. Mazut yanacağına soba və donanma (qazan) mazutunun bütün, o cümlədən qarışdırma üsulu ilə əldə edilən növləri daxildir. 800 Selsidə mazutun kinematik özlülüyü 10 sSt-dan (santistoksdan) artıqdır. Alışma temperaturu həmişə 500 Selsidən, sıxlığı isə 900 kq/m3–dən çoxdur. Tərkibində kükürdün müqdarı 1%-dən az olan ağır mazut yanacağı azkükürdlü, tərkibində kükürdün müqdarı 1% və daha çox olan ağır mazut yanacağı isə yüksək kükürdlü mazut adlandırılır.
14-cü sütun “Ağ neftin sair növləri”nə aviasiya nəqliyyatı istisna olmaqla digər sektorlarda işıqlandırma və s. məqsədlər üçün istifadə olunan təmizlənmiş neft destillyatları aiddir. Onların destilləsi 150-3000 Selsidə baş verir.
15-ci sütün “Neft koksu” ləngidilmiş kokslaşdırma və ya aldadıcı mayeləşdirilmiş qatda kokslaşdırma kimi proseslərdə neft xammalı, qudron və qatranın əlavələrinin krekinqi və karbonlaşdırılması nəticəsində alınmış qara rəngli, bərk əlavə (qalıq) maddədir. Əsasən karbondan (90-95%) ibarətdir və tərkibində külün az miqdarı ilə səciyyələnir. Neft koksundan poladtökmədə koks sobalarında xammal kimi, elektrodların, kimyəvi maddələrin istehsalında və s. məqsədlər üçün istidafə edilir. Katalitik koks da bu kateqoriyaya aiddir.
16-cı sütun “Neft bitumu” - kalloid struktura malik olan, tünd-qəhvəyi və ya qara rəngli xam neftin destilləsi zamanı qalıq kimi yaranan, həmçinin neft qalıqlarının sublimasiyası (bərk maddələrin buxara çevrilməsi prosesi) yolu ilə atmosfer təzyiqi zamanı neftin destilləsi prosesində yaranan bərk, yarımbərk və ya qatı karbohidrogendir. Adətən asfalt adlanır, mayeləşdirilmiş və durulaşdırılmış bitum da buraya daxildir.
17-ci “Digər neft məhsulları” sütununda aşağıda göstərilən neft məhsulları haqqında məlumatların cəmi verilir.
Aviasiya benzini əsas etibarilə porşenli aviasiya mühərrikləri üçün hazırlanan, donma temperaturu -600 C və sublimasiyanın temperatur intervalı adətən 30-1800 Selsi hədlərində olan, mühərriklərdə istifadə üçün yararlı olan oktan rəqəmli mühərrik benzinidir.
Uayt-spirit və sənaye-texniki məqsədlər üçün benzin nafta və ağ neftin qaynama diapazonunda qaynama temperaturu ilə destillənin təmizlənmiş aralıq məhsulları kimi müəyyən olunur. Onlar aşağıdakılara bölünür:
uayt-spirit. Alışma temperaturu 300C olan əridici benzindir. Uayt-spiritin destillə diapazonu 135-2500C təşkil edir
- sənaye-texniki məqsədlər üçün benzin. Qaynama temperaturu 30-2000 Selsi arasında olan açıq rəngli neft məhsullarıdır. Destillə şkalası üzrə axırıncı temperatur kəmiyyətindən asılı olaraq sənaye-texniki məqsədlər üçün benzinin 7-8 növünü fərqləndirirlər. Bu növlər destillə məntəqələrinin həcminin 5%-dən 90%-dək (600C-dən artıq olmur) hədlərində temperatur kəmiyyətlərinin fərqi üzrə müəyyən olunur.
Sürtkü materialları neftin destilləsinin əlavə məhsullarından alınmış karbohidrogenlərdir. Onlardan əsasən toxunan hissələr arasında sürtünməni azaltmaq üçün istifadə edilir. Bu kateqoriyaya silindr yağından ox üçün yağlaradək hazır sürtkü yağlarının bütün növləri, həmçinin konsistent sürtünmələrdə istifadə olunan, həmçinin mühərrik yağları və sürtkü yağlarının əsas komponentlərinin bütün növləri daxildir.
Reaktiv mühərriklər üçün benzin (reaktiv mühərriklər üçün nafta və ya JP4) tipli yanacağa aviasiya turbinli güc qurğularında istifadə olunan və 100-2500 Selsidə qaynayan yüngül karbohidrogen fraksiyaların bütün növləri daxildir. Onları almaq üçün ağ neftlə benzin və ya nafta elə nisbətdə qarışdırılmalıdır ki, tərkibdə ətirli fraksiyaların həcmi 25%-dək, yanacağın buxarlanma təzyiqi isə 13,7 kPa-dən 20,6 kPa-dək olsun.
Aşqarlar və oksigenatlar. Aşqarlar karbohidrogen birləşmələrinə aid olmayan, yanacağın xassəsini dəyişmək (oktan və ya setan rəqəmini, aşağı temperatur xüsusiyyətlərini və s.) məqsədilə məhsula əlavə olunan və ya qarışdırılan əlavə məhsullardır:
- metanol, etanol (yalnız yanacaq kimi istifadə olunması nəzərdə tutulan hissə) spirtləri, efirlər, metil-tret-butil efiri, etil-tret-butil efiri, üçüncü amilmetil efiri kimi oksigenatlar;
- mürəkkəb efirlər (məsələn, ayıpəncə yağı və ya dimetil efiri və s.);
- tetrametilqurğuşun, tetraetilqurğuşun və detergentlər kimi kimyəvi birləşmələr.
Bərk parafinlər zənginləşdirilmiş alifatik karbohidrogenlərdən ibarət, sürtkü yağlarının parafinsizləşdirilməsi prosesində əmələ gələn qalıq maddədir. Növündən asılı olaraq çox və ya az dərəcədə nazik kristallik struktura malikdir. Parafinlərin əsas səciyyəvi xüsusiyyətləri - rəngsiz, iysiz, yarışəffaf olmasından və 45 dərəcədən yuxarı temperaturda əriməsindən ibarətdir.
Etan - təbii və neft-zavod qazlarının axınlarından ayrılan qazabənzər təbii karbohidrogendir (C2H6).
Təbii qaz kondensatları - separatorlarda və ya qaz emalı zavodunda təbii qazdan çıxarılmış maye və ya mayeləşdirilmiş karbohidrogenlərdir. Bu kondensatların tərkibinə etan, propan, butan (normal və izobutan), (izo) pentan və pentanlar və daha ağır karbohidrogenlər daxildir. Təbii qaz kondensatlarını mayedən ayrılan buxarın yaratdığı buxarlanma təzyiqinə görə aşağıdakı kimi təsnifləşdirmək olar. Aşağı buraxlanma təzliqi olan təbii qaz kondensatı kondensat, orta buraxlanma təzliqli qaz benzini, yüksək buraxlanma təzliqi olan təbii qaz kondensatı isə mayeləşdirilmiş neft qazı (7-ci sütunda göstərilir) adlandırılır.
Bundan əlavə, digər neft məhsulları qrupuna qudron, qatran, kükürd, habelə benzol, toluol və ksilol kimi ətirli birləşmələr və neft emalı zavodlarında istehsal edilən olefinlər (məsələn, propilen) və sair neft məhsulları aiddir.
18-ci sütun “Təbii qaz” yeraltı yataqlarda maye və qaz halında və əsasən metan qazından (CH4) ibarət olan qazları əhatə edir. Ona yalnız qazşəkilli karbohidrogenlərdən ibarət olan yataqlardan hasil edilən “qeyri-səmt” qazı və xam neftlə birgə hasil edilən “səmt” qazı daxildir. Mayeləşdirilmiş təbii qaz da bu sütunda uçota alınır. Mayeləşdirilmiş təbii qaz - normal atmosfer təzyiqində təqribən -160 Selsiyədək soyudularaq maye halına kondensasiya olunmuş təbii qazdır. Mayeləş-dirilmiş təbii qaz rəngi və iyi olmayan qeyri-toksik mayedir.
19-cu “Törəmə qazlar” sütununda aşağıdakı qazlar haqqında ümumi məlumat verilir.
Domna qazı domna sobasının işi zamanı əlavə məhsul kimi yaranır; o domna sobasının çıxışında ayrılaraq yığılır və bir hissəsi müəssisədə, bir hissəsi isə polad əritmə proseslərində və ya onun yandırılması üçün quraşdırılmış enerji qurğularında istifadə olunur. Yanacağın miqdarı yüksək istiliktörətmə qabiliyyəti üzrə göstərilməlidir.
Zavod qazına kommunal və ya əsas fəaliyyəti qazın istehsalı, nəqli və bölüşdürülməsi olan xüsusi müəssisələrdə istehsal edilən təbii qaz əvəzediciləri daxil edilməklə bütün qaz növləri daxildir. Bura həmçinin karbonlaşdırma yolu ilə istehsal edilən (o cümlədən koks sobalarında istehsal edilən və zavod qazına çevrilən qaz) və “İstehsal” sətrinə daxil edilən, neft məhsullarını zənginləşdirməklə (mayeləşdirilmiş neft qazı, soba mazutu və s.) və ya zənginləşdirmədən tam qazlaşdırılması yolu ilə, təbii qazın krekinqi yolu ilə, riforminq və ya qazların və (və ya) havanın sadə qarışdırılması yolu ilə istehsal edilən qazlar da daxildir.
Təbii qazın əvəzedicisi yüksək istiliktörətmə qabiliyyətinə malik olub, qazıntı karbohidrogen yanacağının kimyəvi yolla dəyişməsilə istehsal edilir. O, təbii qazla kimyəvi və fiziki cəhətdən qarşılıqlı əvəz edilir və adətən təbii qaz şəbəkəsi vasitəsilə bölüşdürülür. Təbii qazın əvəzedicisinin istehsalı üçün əsas xammal: kömür, neft və yanar şistlərdir. Təbii qazın əvəzedicisi digər istehsal edilən qazlardan yüksək istilik tərkibi ilə (8000 kkal/m³ yuxarı) və metanın yüksək tərkibi (85%-dən artıq) ilə fərqlənir. Yanacağın miqdarı yüksək istiliktörətmə qabiliyyəti üzrə əks etdirilir.
Oksigen-konvertor qazı oksigen-konvertor sobasında polad istehsalının əlavə məhsulu kimi alınır və konvertorun çıxışında yığılır. Bu qaz həmçinin konvertor qazı, oksigen-konvertor qazı və ya LD qazı kimi tanınır. Yanacağın miqdarı yüksək istiliktörətmə qabiliyyəti üzrə əks etdirilir.
Koks qazı koks emalı müəssisələrində və qara metallurgiya müəssisələrində aparılan bərk yanacaqların karbonlaşdırılması və qazlaşdırılması proseslərində əlavə (yanaşı) məhsul kimi yaranır. Yanacağın miqdarı yüksək istiliktörətmə qabiliyyəti üzrə əks etdirilir.
20-ci sütun “Bərpa olunan enerji və tullantılar”. Bərpa olunan enerji daim bərpa olunan təbii proseslərdən alınan enerjidir. Bərpa olunan enerji və tullantılar haqqında məlumatlar 21-25-ci sütün-lardakı məlumatların cəmindən formalaşdırılmaqla aşağıdakı enerji növlərindən ibarətdir:
- su elektrik stansiyalarının elektrik enerjisi;
- külək enerjisi;
- qabarma, dalğa və okean enerjisi;
- günəş fotoelementlərinin enerjisi;
- geotermal enerji;
- günəşin istilik enerjisi;
- sənaye tullantıları;
- bərk kommunal tullantılar;
- bərk biokütlə;
- bioqazlar;
- maye bioyanacaq.
21-ci sütun “Günəşin istilik enerjisi” aşağıda göstərilənlərin vasitəsilə elektrik enerjisi və isti su istehsalı üçün istifadə olunan günəş şüasıdır:
- məişətdə suyun qızdırılması və ya üzgüçülük hovuzlarının mövsümi qızdırılması üçün əsasən termosifon tipli, lövhəşəkilli günəş kollektorlarının;
- fotoelementlərin;
- günəş istilik elektrik stansiyalarının.
22-ci sütun “Geotermal enerji”. Geotermal enerji adətən isti su və ya buxar şəklində yerin qabığından istilik şəklində ayrılan enerjidir.
23-cü sütun “Su elektrik stansiyalarının elektrik enerjisi”. Suyun potensial və kinetik enerjisinin su elektrik stansiyalarında elektrik enerjisinə çevrilməsi nəticəsində istehsal edilmiş elektrik enerjisinin miqdarı göstərilir.
24-cü sütun “Külək enerjisi”. Küləyin kinetik enerjisindən istifadə etməklə külək mühərriklərinin köməyi ilə alınmış elektrik enerjisinin miqdarı əks etdirilir.
25-ci “Biokütlə və tullantılar enerjisi” sütununda sənaye tullantıları, bərk kommunal tullantılar, bərk biokütlə, bioqazlar və maye bioyanacağın istifadəsi nəticəsində əmələ gələn enerjinin cəmi göstərilir.
Sənaye tullantıları elektrik enerjisi və (və ya) istiliyin alınması məqsədilə bilavasitə yandırılan bərpa olunmayan mənşəli (bərk və maye) tullantılardır. İstifadə olunmuş yanacağın miqdarı aşağı istiliktörətmə qabiliyyəti üzrə göstərilməlidir. Bərpa olunan sənaye tullantıları isə bərk biokütlə, bioqazlar və duru bioyanacaq qruplarına daxildir.
Kommunal təsərrüfatının bərk tullantıları bərpa olunan və bərpa olunmayanlara ayrılır. Kommunal təsərrüfatının bərpa olunan bərk tullantıları - ev təsərrüfatlarında, sənayedə, tibb müəssisələrində və xidmət sahəsində yaranan və tərkibində mikroorqanizmlər tərəfindən çürüdülən maddələr olan, xüsusi qurğularda yandırılan tullantılardır. Kommunal təsərrüfatının bərpa olunmayan bərk tullantıları isə ev təsərrüfatlarında, sənayedə, tibb müəssisələrində və xidmət sahəsində yaranan və mikroorqanizmlər tərəfindən çürüdülməyən maddələrdən ibarət olan, xüsusi qurğularda yandırılan tullantılardır.
Bərk biokütləyə istilik və elektrik enerjisi istehsalı üçün yanacaq kimi istifadə oluna bilən bioloji mənşəli qeyri-qazıntı üzvi materialları aiddir:
- ağac kömür, oduncağın və digər bitki mənşəli materialların təmizlənməsi və pirolizinin bərk qalıqlarından ibarətdir;
- oduncaq, odun tullantıları və s. bərk tullantılara xüsusi olaraq yetişdirilən energetik bitkilər (qovaq, söyüd və s.), sənaye prosesləri (xüsusən, ağac emalı və kağız sənayesində) nəticəsində yaranan və ya bilavasitə meşə və kənd təsərrüfatı müəssisələrindən göndərilən (odun, yonqar, ağac qabığı, taxta kəpəyi və s.) müxtəlif oduncaq materialları, həmçinin saman, düyü və qoz qabığı, quşçuluq fabriklərinin tullantıları, üzüm cecəsi və s. tullantılar daxildir. Bu bərk tullantılar üçün yandırma texnologiyası daha uyğundur. Yanacağın miqdarı aşağı istiliktörətmə qabiliyyəti üzrə göstərilir.
Bioqazlar qaz olmasına baxmayaraq biokütlənin tərkib hissəsi hesab olunur və əsas etibarilə biokütlənin çürüməsi nəticəsində yaranan metandan və ikioksidli karbondan ibarətdir. Bioqazlara aşağıdakılar daxildir:
-zibilin çürüməsi nəticəsində yaranan üzvi tullantılardan yaranmış qaz;
-çirkab suların çöküntülərinin anaerob qıcqırdılması nəticəsində yaranan qaz;
-heyvan peyininin, həmçinin sallaqxanaların, pivəbişirmə və bəzi kənd təsərrüfatı müəssisələrinin tullantılarının anaerob qıcqırdılmasından alınan sair bioqazlar.
Maye bioyanacaqlara bioetanol, biodizel yanacağı, biometanol, biodimetil efiri bioneft daxildir. Maye bioyanacaqlar əsas etibarilə nəqliyyat vasitələri üçün yanacaq kimi istifadə olunan biodizel yanacağı və bioetanol və ya etil-tret-butil efirindən ibarətdir. Onlar təzə və ya istifadə edilmiş bitki yağlarından alına və neftdən alınan yanacaqlarla qarışdırıla və ya onları əvəz edə bilərlər. Təbii bitki xammalı kimi soya, günəbaxan yağları və ayıpəncəsinin yağlı toxumlarından istifadə olunur. Müəyyən şəraitdə proseslər üçün xammal kimi həmçinin istifadə olunmuş bitki yağları da tətbiq oluna bilər.
26-cı “Yanacağın sair növləri” sütununda balansda ayrıca sütunda göstərilməyən və Azərbaycanda geniş istifadə olunmayan qalan energetika məhsulları haqqında məlumatların cəmi verilir.
Digər karbohidrogenlər qrupuna bituminoz qumdan, yanacaq şistlərindən və s. alınan sintetik xam neft, kömürün mayeləşdirilməsi zamanı alınan maye məhsullar, təbii qazın benzinə emal edilməsi prosesində əldə edilən maye məhsullar, hidrogen və emulsiyaya çevrilmiş neft (məsələn, sulu bitum emulsiyası).
Daş kömürlərə rütubətli külsüz əsasda 23865 kCoul/kq üstələyən yüksək istiliktörətmə qabiliyyətinə malik, 0,6 az olmayaraq orta dərəcədə vitrinit əks etdirmək qabiliyyətinə malik olan kömürlər aid edilir. Daş kömürə daxildir: kokslaşan kömür - domna sobalarının yüklənməsi üçün yararlı olan koks istehsal etməyə imkan verən yüksək keyfiyyətli kömür və sair bituminoz kömür və antrasit (enerjgetika kömürü) - buxar və istilik istehsalı üçün istifadə olunur və kokslaşan kömürə aid edilməyən bütün antrasit və bituminoz kömürlər.
Daş kömür briketləri daş kömürün xırda hissələrindən büzücü maddələrin əlavə edilməsi ilə qəlibləmə yolu ilə istehsal edilən kompozit yanacaqdır. Nəzərə almaq lazımdır ki, istehsal edilmiş briket yanacağın miqdarı büzücü məddələrin əlavə edilməsi nəticəsində transformasiya (çevrilmə) prosesində istehlak olunmuş kömürün miqdarından çox ola bilər.
Domna koksu. Bu bərk məhsulu kömürün, əsasən kokslaşan kömürün karbonlaşdırılması ilə yüksək temperaturda alırlar. O aşağı rütubətli olub, cüzi miqdarda uçan maddələrə malikdir. Domna koksundan əsasən qara metallurgiyada enerji mənbəyi və kimya reagenti kimi istifadə edirlər. Bu kateqoriyaya xırda kokslar və tökmə koks da aid edilir. Bura həmçinin kömürün karbonlaşdırılması ilə aşağı temperaturda alınan yarımkoks – bərk məhsul daxildir. Yarımkoksdan məişət yanacağı kimi istifadə olunur və ya kokskimya müəssisələri tərəfindən öz ehtiyacları üçün istehlak olunur.
27-ci sütun “Törəmə istilik”. Bu sütunda kömür, təbii qaz, neft məhsulları və bərpa olunan enerji mənbələri və tullantıları kimi yanar yanacağın yandırılması hesabına istehsal olunan istilik enerjisi, habelə elektrik su qızdırıcı qazanlarında və ya istilik nasoslarında elektrik enerjisinin istiliyə çevrilməsi yolu ilə istehsal edilmiş istilik enerjisi əks etdirilir.
28-ci sütun “Elektrik enerjisi” geniş tətbiq olunan enerji daşıyıcısıdır. 23-cü sütunda su elektrik stansiyalarının elektrik enerjisi ilkin enerji kimi göstərildiyindən, bu sütunda kömür, təbii qaz, neft məhsulları və bərpa olunan enerji mənbələri və tullantılar kimi yanar yanacağın yandırılması hesabına istilik elektrik stansiyalarında və kiçik həcmli səyyar generator qurğuları vasitəsilə istehsal olunmuş ikinci (təkrar) elektrik enerjisinin miqdarı göstərilir.

Balansın maketi əlavə edilir. Azərbaycan Respublikasının enerji balansının strukturu (maket)
  Rəsmi statistikada istifadə üçün ayrı-ayrı enerji məhsulları üzrə neft ekvivalenti tonu (NET) şərti ölçü vahidinə orta çevrilmə əmsalları

© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi