|
Yanacaq-enerji balanslarına dair qısa metodoloji izahat 2000-2006-cı illər
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış yanacaq-enerji ehtiyatlarının əsas növləri üzrə yanacaq-enerji balansı ölkədə enerji təsərrüfatının vəziyyətinin təhlili, proqnozlaşdırılması və tənzimlənməsi üçün əsas məlumat mənbəyidir. Ümumi yanacaq-enerji balansı şərti yanacaq, neft ekvivalenti və coul əmsalları ilə hesablanmışdır.
Yanacaq-enerji balansı (YEB) “Ehtiyatlar” və “Bölüşdürülmüşdür” bölmələrindən ibarət olmaqla “Ehtiyatlar” bölməsində yanacaq və enerji ehtiyatlarının yaranma mənbələri, “Bölüşdürülmüşdür” bölməsində isə onların hansı məqsədlər üçün istifadəsi əks etdirilmişdir:
| Balans maddəsi | Balans maddəsinin adı |
| 1. | Ehtiyatlar - cəmi: |
| 1.1 | İstehsal (hasilat) |
| 1.2 | İdxal |
| 1.3 | İlin əvvəlinə qalıq |
| 2. | Bölüşdürülmüşdür: |
| 2.1 | Ölkədaxili istehlak |
| | o cümlədən: |
| 2.1.1 | digər növ enerjiyə çevrilməsinə |
| 2.1.2 | istehsal-texnoloji və digər ehtiyaclara |
| 2.2 | İtkilər |
| 2.3 | İxrac |
| 2.4 | İlin axırına qalıq |
1. Balansın “Ehtiyatlar” bölməsi yanacaq-enerji ehtiyatlarının əmələ gəlmə mənbələrini xarakterizə edən - istehsal (hasilat), idxal, ilin əvvəlinə qalıq göstəricilərindən ibarətdir.
1.1. “İstehsal (hasilat)” - ölkə daxilində istehsal (hasil) edilmiş hər bir növ yanacağın və enerjinin miqdarı göstərilir və sənaye statistikası hesabatlarının məlumatları əsasında hesablanır.
1.2. “İdxal” - xarici ölkələrdən ölkəyə daxil olan yanacaq və enerji ehtiyatlarının miqdarı göstərilir.
1.3. və 2.4 maddələrində - istehsalçıların, istehlakçıların və topdansatış müəssisələrinin anbarlarında, çənlərində və bütün saxlanma obyektlərində hesabat ilinin əvvəlinə və axırına olan hər bir yanacaq növlərinin qalıqları əks etdirilir.
2.Balansın “Bölüşdürülmüşdür” bölməsi yanacaq və enerji ehtiyatlarının məqsədyönlü istifadəsini, itkiləri (texnoloji itkilərdən başqa), ixracı və ilin axırına qalıqları əks etdirir.
2.1. “Ölkədaxili istehlak” maddəsində bütün iqtisadi fəaliyyət növləri üzrə yanacaq və enerjinin istehlakı göstərilir. Bu maddə istifadə təyinatına görə iki qrupa bölünür:
2.1.1. “Digər növ enerjiyə çevrilməsinə” – elektrik və istilik enerjisinin istehsalına sərf olunan yanacağın miqdarı göstərilir. Bura yanacağın digər növ enerjiyə çevrilməsindəki itkilər də daxil edilir;
2.1.2. “İstehsal - texnoloji və digər ehtiyaclara” – istehsal - texnoloji (texnoloji proseslərdəki itkilər daxil edilməklə), kənd təsərrüfatı, tikinti, nəqliyyat, kommunal-məişət və digər ehtiyaclara, bilavasitə, yanacaq kimi istifadənin miqdarı göstərilir. Bura sənaye və qızdırıcı sobalarda, aparat və texnoloji qurğularda, iş maşın və mexanizmlərini və müxtəlif nəqliyyat vasitələrini, qaldırıcı nəqliyyat avadanlığını, kənd təsərrüfatı maşınlarını bilavasitə hərəkətə gətirən güc mühərriklərində yanacaq və enerjinin sərfi, həmçinin istehsal və inzibati binaların qızdırılmasına, işıqlandırılmasına, ventilyasiyasına, isti su ilə təchiz olunmasına, kommunal və mədəni-məişət ehtiyaclara sərf olunan yanacaq və enerji aid edilir. Bura eyni zamanda elektrik stansiyalarında və qazanxanalarda istehsal ehtiyaclarına sərf olunan elektrik enerjisinin miqdarı daxil edilir.
2.2. “İtkilər” - yanacaq və enerjinin nəqli zamanı itkilər (magistral boru kəmərlərində, ümumi elektrik şəbəkələrindəki enerji itkiləri) və müvafiq sənədlə rəsmiləşdirilmiş çatışmazlıq nəzərə alınır.
2.3. “İxrac” - xarici ölkələrə göndərilmiş yanacaq və enerjinin miqdarı göstərilir.
“İdxal” və “İxrac” göstəriciləri Dövlət Gömrük Komitəsinin, mövcud yanacaq-enerji və material balansları statistikası və xarici ticarət statistikası hesabatlarının məlumatları əsasında müəyyənləşdirilir.
Yekun yanacaq-enerji balansı hesablanarkən mövcud cüzi kənarlaşmalar, göstəricilərin yuvarlaqlaşdırılması və müəyyən ölçü vahidlərinə çevirmə əmsallarına vurulması ilə əlaqədardır.
|