<< Geriyə  

Azərbaycanın regionları

Azərbaycan Respublikasının iqtisadi rayonlarının ümumi xarakteristikası
Son illər ölkədə aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatında qazanılan uğurları daha əzəmətli etmək, ölkənin bütün regionlarını sosial-iqtisadi baxımdan yüksək səviyyədə inkişaf etdirmək, əhalinin güzəranını daha da yaxşılaşdırmaq ücün regionlarda mövcud potensialdan istifadənin səmərəsini artırmaq, yeni iş yerlərinin açılmasını, sənayenin ayrı-ayrı sahələrinin, aqrar sektorun inkişafını, kənd təsərrüfatı məhsullarının emalının genişləndirilməsini təmin etmək və digər tədbirləri həyata keçirmək lazımdır.
Bu məqsədlə Dövlət Proqramında qəbul edilmiş rayonlaşma təsnifatı ölkənin regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə ayri-ayri rayonlarda iqtisadiyyatın sahələr üzrə ixtisaslaşma dərəcəsinin və onun strukturunun təkmilləşdirilməsini nəzərdə tutur.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının iqtisadi rayonları özlərinin potensialına, təbii sərvətlərinin miqyasına və çeşidinə, məşğulluq səviyyəsinə görə bir-birindən fərqlənirlər. İqtisadi, coğrafi və tarixi baxımdan iqtisadi rayonları fərqləndirən amillər əsasən aşağıdakılardır:
- iqtisadi-coğrafi mövqeyi;
- təbii şəraiti və ehtiyatları;
- əhalinin məskunlaşması səviyyəsi;
- regionun sahə və ərazi quruluşu;
- tarixi inkişaf xüsusiyyətləri.
Rayonların sosial-iqtisadi inkişafını şərtləndirən yuxarıdakı amillərlə yanaşı, onların arasında fərqin yaranmasında və iqtisadi rayonların çoxunun zəif inkişaf etməsində aşağıdakıların rolu xüsusi qeyd edilməlidir:
1. Məhsuldar qüvvələrin regionlar arasında qeyri-mütənasib paylanması onların sosial-iqtisadi inkişaf səviyyəsində kəskin fərq yaratmışdır. Belə ki, iqtisadiyyatın, xüsusilə sənayenin, infrastruktur sahələrinin əsas hissəsinin Bakı şəhərində cəmlənməsi, onun rayonlara nisbətən daha sürətlə inkişaf etməsi ilə yanaşı, regionlarda sosial-iqtisadi vəziyyətin ağırlaşmasına və əhalinin regionlardan Bakıya axınına səbəb olmuşdur.
2. Ermənistanın Azəbaycana qarşı apardığı işğalçı müharibə nəticəsində torpaqların 20 faizi zəbt olunmuş, işğal altında qalan rayonlarda mövcud iqtisadi potensial talan edilmiş, istehsal-texniki və infrastruktur obyektlər dağıdı lmış, Azərbaycan xalqı çoxsaylı insan tələfatına məruz qalmış, bir milyona yaxın vətəndaş öz yaşayış və iş yerlərini, var-dövlətlərini itirərək öz vətənində qaçqın vəziyyətinə düşmüşdür.
3. Azərbaycanda aparılan torpaq və aqrar islahatları nəticəsində regionlarda yaşayan əhalinin çox hissəsi torpaq və digər daşınmaz əmlak sahibinə çevrilməsinə baxmayaraq, insanlarda ilkin kapitalın, eyni zamanda, aqrar sektorun inkişafını təmin edən şəraitin, o cümlədən texnikanın, servisin, məsləhət xidmətinin, infrastrukturun, emal müəssisələrinin və s. kifayət qədər olmaması əldə olunmuş imkanlardan səmərəli istifadə edilməsini məhdudlaşdırır.

© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi