|
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı (2004-2008-ci illər)
Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır. Ölkədə ardıcıl aparılan islahatlar 90-cı illərin birinci yarısında iqtisadiyyatda mövcud geriləməni dayandırmış və yeni inkişaf mərhələsinə keçidi təmin etmişdir.
Həyata keçirilən siyasət çox qısa bir zaman ərzində iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur: inflyasiya cilovlanmış (1996-cı ildən başlayaraq Azərbaycanda inflyasiyanın səviyyəsi 2-3 faizdən yuxarı qalxmır), büdcə kəsiri ümumi daxili məhsulun 1-2 faizi səviyyəsinə endirilmiş, 1996-cı ildən makroiqtisadi sabitliyə nail olunmuş, 1997-ci ildən başlayaraq isə dinamik iqtisadi inkişafı təmin etmək mümkün olmuşdur. 1996-cı ildə ümumi daxili məhsulun artım sürəti 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-2003-cü illərdə isə orta hesabla 10,0 faiz təşkil etmişdir.
Azərbaycan Respublikasında aparılan ardıcıl və sistemli iqtisadi islahatların mühüm nəticələrindən biri dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması yolu ilə iqtisadiyyatı inkişaf etdirmək və əhalinin güzəranını yaxşılaşdırmaq olmuşdur. Belə ki, ölkədə artıq torpaq islahatları fakltiki olaraq başa çatmış, 1390 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylanmışdır. Hazırda kənd təsərrüfatı məhsulunun 99 faizi özəl bölmədə istehsal olunur.
İqtisadiyyatın digər sahələrində də dövlət mülkiyyətinin özəlləşdirilməsi uğurla həyata keçirilmişdir. Özəlləşdirmə prosesi başlayandan 2003-cü ilin sonuna qədər 36200 kiçik müəssisə və obyekt özəlləşdirilmiş, II özəlləşdirmə proqramı çərçivəsində isə rabitə, nəqliyyat, kimya, maşınqayırma, yanacaq-energetika kompleksinin və digər sahələrin müəssisələrinin özəlləşdirilməsinə başlanmışdır.
Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər nəticəsində ümumi daxili məhsulda qeyri-dövlət sektorunun xüsusi çəkisi 1995-ci ildəki 30 faizdən 2003-cü ildə 73,0 faizə çatmışdır.
Əmək haqlarının, pensiyaların və müavinətlərin artırılması, əhalinin sosial müdafiəsi istiqamətində aparılan ardıcıl siyasət son illər ölkədə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin etmişdir. 1995-2003-cü illərdə orta aylıq əmək haqqı və pensiyanın məbləği 6 dəfədən də çox artmışdır.
Yuxarıda qeyd olunan nailiyyətlərlə yanaşı, ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionların inkişafı və əhalinin məşğulluğu sahəsində hələ də həll edilməmiş problemlər qalmaqdadır. Azərbaycanın sənaye potensialının və bununla bağlı infrastruktur obyektlərin əksər hissəsinin Bakı şəhərində yerləşməsi və eyni zamanda, regionlarda olan bir çox müəssisələrin, istehsal və xidmət obyektlərin fəaliyyətinin zəifləməsi və ya tamamilə dayanması əhalinin ölkə paytaxtına axınını sürətləndirmişdir. Bu amillər öz növbəsində iqtisadiyyatın regional baxımdan inkişafına mənfi təsir göstərmiş, regionların inkişafı arasında fərqin artmasına, bir çox yerlərdə sosial-iqtisadi, demokrafik və ekoloji vəziyyətin ağırlaşmasına səbəb olmuşdur.
Azərbaycan Respublikası regionlarının inkişafında müşahidə olunan vəziyyət mövcud potensialdan səmərəli istifadə etməklə regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsini və onlar arasında fərqin minimuma çatdırılmasını tələb edir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq hazırlanmış “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda 2004-2008-ci illərdə ayrı-ayrı rayonlarda iqtisadiyyatın inkişafını sürətləndirən amillər, bununla bağlı dövlət siyasətinin və dövlət dəstəyinin əsas istiqamətləri müəyyən edilmişdir. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaqdır.
Qarşıya qoyulan məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
- müəssisələrin istehsal fəaliyyətini bərpa etmək və yeni istehsal müəssisələri yaratmaq;
- yerli resurslardan istifadənin səmərəsini artırmaq;
- regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasını və inkişafını təmin etmək;
- aqrar sektorda islahatların ikinci mərhələsini sürətləndirmək, bunun üçün regionlarda fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzləri yaratmaq, toxumçuluq bazasını genişləndirmək, texnika ilə təminatı yaxşılaşdırmaq və digər zəruri tədbirləri həyata keçirmək;
- investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılmasını təmin etmək;
- yeni iş yerlərinin taradılmasını həvəsləndirmək;
- əhalinin kommunal xidmətlərə təminatını yaxşılaşdırmaq.
Dövlət Proqramı aşağıdakı iqtisadi rayonlar üzrə tərtib edilmişdir.
- Abşeron iqtisadi rayonu 1
(Abşeron və Xızı rayonları, Sumqayıt şəhəri).
- Gəncə-Qazax iqtisadi rayonu
(Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Xanlar, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri).
- Şəki-Zaqatala iqtisadi rayonu
(Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları).
- Lənkəran iqtisadi rayonu
(Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran rayonları).
- Quba-Xaçmaz iqtisadi rayonu
(Dəvəçi, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları).
- Aran iqtisadi rayonu
(Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Əli Bayramlı, Mingəçevir, Yevlax şəhərləri).
- Yuxarı Qarabağ iqtisadi rayonu
(Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları, Xankəndi şəhəri).
- Kəlbəcər-Laçın iqtisadi rayonu
(Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları).
- Dağlıq Şirvan iqtisadi rayonu
(Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları).
- Naxçıvan iqtisadi rayonu
(Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonları).
Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
- yerli və xarici sahibkarların vəsaiti;
- Azərbaycan Respublikasının dövlət büdcəsi;
- Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu;
- büdcədənkənar dövlət fondları;
- kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının kreditləri;
- beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə vəsaitləri;
- qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər.
Dövlət Proqramının icraçıları müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarıdır. Onun icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir.
1 Bakı şəhəri Azərbaycanın digər rayonları ilə müqayisədə daha yüksək inkişaı etdiyindən bu Dövlət Proqramında onun inkişafı məsələlərinə toxunulmamışdır və bu baxımdan da Bakı şəhəri Abşeron iqrisadi rayonunun tərkibinə daxil edilməmişdir.
|