|
10. Ticarət və xidmət statistikası
10.1. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmi - əhaliyə şəxsi tələbat və ya ev təsərrüfatında istifadə etmək üçün nağd pula satılmış istehlak mallarının dəyərini əks etdirir. Bu göstərici mövcud hesabatlara əsasən bütün mülkiyyət və təşkilati-hüquqi formalarından olan, rəsmi qeydiyyatdan keçmiş pərakəndə ticarət və iaşə müəssisələri; bilavasitə sənaye, nəqliyyat müəssisələri və digər müəssisə və təşkilatlar (ticarət şəbəkəsindən başqa) vasitəsi ilə əhaliyə satılmış əmtəələrin, habelə xidmət göstərilən əhali kontingentinin (sanatoriyalarda, uşaq müəssisələrində, xəstəxanalarda və s.) ərzaqla təmin edilməsi və cari təsərrüfat ehtiyaclarının ödənilməsi üçün ticarət şəbəkəsindən təşkilat, idarə və müəssisələrə satılmış ərzaq və qeyri-ərzaq mallarının cəmi, həmçinin hüquqi şəxs yaratmadan vergi orqanlarında qeydiyyatdan keçmiş sahibkarlıqla məşğul olan fiziki şəxslərin əhaliyə satdığı əmtəələr kimi hesablanır.
Xüsusi kateqoriyalar üzrə güzəştlərlə satılmış əmtəələrin dəyəri də faktiki ödənilən dəyərin ölçüsündə pərakəndə ticarət dövriyyəsinə daxil edilir.
Bununla yanaşı, pərakəndə əmtəə dövriyyəsinin ümumi həcminə fərdi şəxslər tərəfindən qeyri-rəsmi bazarlarda (əşya, ərzaq və qarışıq bazarlarda, yarmarkalarda) satılmış mallar da daxil edilir (milli statistik xidmətlərin qiymətləndirilməsinə görə).
Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmi aşağıdakı kimi bölünür:
- ticarət sahəsinin bölmələri üzrə: pərakəndə ticarət; iaşə;
- respublikada fəaliyyət göstərən "Mülkiyyət haqqında" Qanun və s. normativ aktlara müvafiq olaraq mülkiyyət və təşkilatı-hüquqi formalar üzrə dövlət, xüsusi və bələdiyyə;
- təşkilati-hüquqi ortaqlıqlar, təsərrüfat cəmiyyətləri, səhmdar cəmiyyətlər, kooperativlər, fondlar
10.2. Əmtəə dövriyyəsinin faktiki (cari) qiymətlərlə indeksi (tempi) əmtəə satışı dinamikasını faktiki qiymətlərlə xarakterizə edir və hesabat dövründə əmtəə dövriyyəsinin həcmini baza dövründəki əmtəə dövriyyəsinin həcminə bölməklə aşağıdakı düstur üzrə hesablanır:
<
|
Burada q0 və q1 baza və hesabat ilində satılmış malların miqdarını;
p0 və p1 baza və hesabat ilinin qiymətlərini göstərir.
Əmtəə dövriyyəsi indeksi - pərakəndə əmtəə dövriyyəsinin həcminin dəyişməsinə satılmış malların miqdarının və qiymətinin eyni vaxtda dəyişməsinin təsirini xarakterizə edir.
Əmtəə dövriyyəsinin həcminin müqayisəli (daimi) qiymətlərlə indeksi əmtəə satışının fiziki həcminin dəyişməsinin dinamikasını xarakterizə edir; baza ilinin qiymətləri ilə hesabat dövründəki əmtəə dövriyyəsinin həcmini baza ilindəki faktiki əmtəə dövriyyəsinin həcminə bölməklə hesablanır:
|
Burada, ∑ p1q1 - hesabat dövründə əmtəə dövriyyəsini;
∑ p 0q 0 - baza dövründə əmtəə dövriyyəsini;
∑ p 0q1 - baza ilinin qiymətləri ilə hesabat dövründə əmtəə dövriyyəsini göstərir.
10.3. Birjaların sayı əmtəə, əmtəə-xammal, əmtəə-fond və fond birjalarını, habelə daşınmaz əmlak birjalarını və s. (əmək birjalarından başqa) özündə əks etdirir.
Birjalar əmtəə və qiymətli kağızların mütəşəkkil bazarı sayılır. Bu, bir qayda olaraq, müəyyən sayda üzvlərə, ciddi ticarət qaydalarına malik olur. Birjalar qiymətli kağızlar, valyuta, xammal və materiallar, habelə daşınmaz əmlak alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərirlər.
10.4. Birjalarda aparılmış əməliyyatların sayına malgöndərən və malalanlar arasında alqı-satqı üzrə sənədlə rəsmiləşdirilmiş aktların (müqavilələrin) sayı daxil edilir.
10.5. Birjaların dövriyyəsi pul ifadəsində satış üzrə aparılmış bütün əməliyyatların yekununa görə hesablanır. Birjaların dövriyyəsi, əlavə gəlir vergisi daxil edilmədən, qüvvədə olan qiymətlərə görə hesablanır.
10.6. Adambaşına pərakəndə əmtəə dövriyyəsinin həcmi hesabat dövründə əmtəə dövriyyəsinin ümumi həcmini mövcud əhalinin orta illik sayına bölməklə hesablanır.
10.7. Pərakəndə və topdansatış ticarətdə əmtəə ehtiyatlarının həcmi tədavül sferasında hazır əmtəə qalığının (onların istehsal sferasından daxil olduğu vaxtdan satıldığı vaxta kimi) ümumi dəyərini ifadə edir; əmtəə ehtiyatları müəyyən tarixə, bir qayda olaraq, ayın 1-nə olan vəziyyətə görə hesablanır. Əmtəə ehtiyatlarının həcminə həm əmtəənin gündəlik satışını təmin etmək üçün saxlanılan cari (normal) ehtiyatlar, həm də çətin keçilən dağ rayonlarına əvvəlcədən daşınan, mövsümi saxlanılan əmtəə ehtiyatları daxil edilir.
Pərakəndə ticarətdə əmtəə ehtiyatlarının həcminə həm dükan, aptek, çadır və köşklərdə, səyyar ticarət şəbəkələrində, tərəvəz anbarlarında, habelə pərakəndə ticarət strukturlarına məxsus baza və anbarlarda faktiki mövcud olan (hesabat tarixinə) əmtəələr daxil edilir.
Ticarətin topdansatış sahəsində əmtəə ehtiyatlarının həcminə topdansatış təşkilatlarına məxsus olan anbar və bazalarda, satışa hazırlanmış və fabrikyanı anbarlarda, sənaye müəssisələrinin çıxış bazalarında mövcud olan əmtəələr daxil edilir.
10.8. Əmtəə dövriyyəsi günlərində ticarətin mal ehtiyatları ilə təmin ediməsi elə bir müddəti xarakterizə edən nisbi kəmiyyətdir ki, əmtəə dövriyyəsinin müəyyən həcmində bu müddət üçün mal ehtiyatı müəyyənləşdirilmiş olsun. Bu göstərici nəzərdən keçirilən dövrdə mal ehtiyatlarının orta həcmini (dövrün əvvəlinə olan ehtiyatlar + dövrün axırına olan ehtiyatlar/2) əvvəlki ayın birgünlük əmtəə dövriyyəsinə nisbəti ilə hesablanır:
|
Burada, Et. – ehtiyatla təminatı, günlə;
Əe. və Ae – dövrün əvvəlinə və axırına mövcud ehtiyatların həcmini;
Əa.m.d. - əvvəlki ayda mal dövriyyəsinin həcmini;
Gs – ayın günlərinin sayını göstərir.
10.9. Əsas ərzaq və qeyri-ərzaq mallarının satışı rəsmi qeydiyyatdan keçmiş ticarət müəssisələri tərəfindən satılmış əsas növ istehlak malları qrupu, o cümlədən ərzaq məhsulları qrupu (natura ifadəsində), qeyri-ərzaq malları qrupu (yüngül sənaye malları-dəyər ifadəsində, mədəni-məişət təyinatlı mallar - natura ifadəsində) üzrə hesablanır. Bu məlumatlara əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə satış həcminin artması (azalması) səviyyəsi hesablanır. Bununla yanaşı, dəyər ifadəsində hesablanan qeyri-ərzaq malları üzrə artım (azalma) səviyyəsi (fiziki həcm indeksi) müqayisəli qiymətlərlə də hesablanır.
10.10. Ayrı-ayrı ərzaq və qeyri-ərzaq mallarının ehtiyatları 10.9.-cu bənddə əks etdirildiyi kimi, pərakəndə və topdansatış ticarətdə (rəsmi qeydiyyatdan keçmiş müəssisələrdə) həmin istehlak malları qruplarının mövcudluğunu göstərir. Hər ayın 1-nə olan vəziyyətə görə ehtiyatların mütləq ölçüləri haqqında məlumatlarla yanaşı, hər əmtəə qrupu üzrə ticarət günlərində ticarətin mal ehtiyatları ilə təminatı da hesablanır: [(ayın əvvəlinə olan ehtiyatlar + ayın axırına olan ehtiyatlar)]/ 2)/ əvvəlki ayda birgünlük satış.
10.11. Pərakəndə əmtəə dövriyyəsi, ərzaq və qeyri-ərzaq və mal ehtiyatlarının strukturu satılmış və ehtiyatda olan istehlak mallarının dəyərini, faktiki qiymətlər üzrə və ümumi pərakəndə əmtəə dövriyyəsində onların xüsusi çəkisini xarakterizə edir. Bu göstərici, istehlak təyinatına və oxşarlıq əlamətinə görə əhaliyə satılmış çoxnövlü əmtəələri özündə birləşdirir. Əmtəə qruplarının siyahısı və tərkibi pərakəndə ticarətdə istifadə edilən əmtəə nomenklaturası - əmtəə lüğətlərinə uyğun olaraq müəyyən edilir. Ondan başqa, həm dəyər, həm də natura ifadəsində hesablanan və uzun müddət istifadə edilən mədəni-məişət və təsərrüfat malları üzrə əmtəə qruplarının uçotu aparılır.
Əmtəələrin satılması dinamikası hesabat dövründə ayrı-ayrı malların, baza ilinə nisbətən, müqayisəli qiymətlər üzrə satışının fiziki həcm indeksi, ehtiyatın dəyişməsi (nisbi göstəricilər üzrə əmtəə dövriyyəsi günləri ilə) vasitəsilə xarakterizə edilir.
10.12. Pərakəndə ticarət, iaşə müəssisələrinin və anbarların mövcudluğu (sayı, gücü). Ticarət müəssisələrinin uçotu ildə bir dəfə, yanvarın 1-nə olan vəziyyətə görə aparılır; müəssisələrin sayı və onların gücü: dükanlarda ticarət sahəsi, iaşə müəssisələrində müştəri yerlərinin sayı, anbarlarda isə sahə, tutum uçota alınır.
Rəsmi qeydiyyatdan keçmiş bütün mülkiyyət növlərindən olan şəbəkələr, yəni dövlət (bələdiyyə, kommunal), kooperativ (kooperativlərin, istehlak kooperasiyasının müəssisələri) və şəxsi mülkiyyətə aid olan ticarət şəbəkələri əks etdirilir. Ticarət müəssisələrinin bu və ya digər mülkiyyət formasına daxil edilməsi dövlətin qəbul etdiyi qanuna əsasən həyata keçirilir.
Ticarət müəssisələrinin sayına hesabat tarixinə fəaliyyət göstərən, habelə müvəqqəti (inventarizasiya, sanitar xidmətləri, qısa müddətdə yenidənqurma və yaxud da cari təmirlə əlaqədar) fəaliyyət göstərməyən müəssisələr daxil edilir.
Pərakəndə ticarət müəssisələri. Pərakəndə ticarət müəssisəlǀrinin sayına stasionar şəbəkə (ticarət üçün xüsusi tikilmiş və yaxud uyğunlaşdırılmış və avadanlıqla təchiz edilmiş sahələr - dükan, çadır, köşk) və səyyar şəbəkələr (paylama və daşıma ticarəti üçün xüsusi təchiz edilmiş avtomağazalar, lotoklar və s.) daxil edilir.
Ticarət müəssisələri uçota alınarkən iki əlamətə diqqət yetirilir: daimi yerinin və rəhbərliyinin olması, yəni müəssisənin ərazicə möhkəmləndirilməsi və müstəqil rəhbərliyinin olmasına.
Mağaza pərakəndə ticarət şəbəkəsinin əsas növü sayılır. Ona daimi binası və yaxud alıcılar üçün ticarət zalı və sahəsi olan ticarət şəbəkələri daxil edilir. Bundan fərqli olaraq çadırlar (köşk və budkalar) daimi sahəyə malik olur, lakin onların alıcılar üçün zalı olmur.
Mağazalar uçotda əmtəə ixtisaslaşmalarına görə aşağıdakı kimi qruplaşdırılır:
- ərzaq məhsulları mağazaları;
- qeyri-ərzaq malları mağazaları;
- qarışıq mallar mağazaları (yəni eyni vaxta həm ərzaq məhsulları və həm də qeyri-ərzaq malları satılanlar).
Mağazanın gücü ticarət sahəsi göstəricisi ilə xarakterizə edilir. Mağazanın ticarət sahəsinə ticarət və alıcılara xidmət üçün ayrılmış sahə daxil edilir. İcarəyə verilmiş sahə də buraya daxil edilir (daimi icarəyə verilmiş binaların sahəsindən başqa). Yəni əmtəələrin satışı üçün nəzərdə tutulmuş və alıcılara əlavə xidmətlər göstərilməsi (sifarişlər şöbəsi, kafe, reklam zalı, xidmət bürosu, saxlama kamerası və s.) məqsədi ilə mövcud olan bütün sahələr daxil edilir. Ticarət sahəsinə ticarət zalına qoyulmuş piştaxtalar, şkaflar və s. avadanlıq altında olan sahələr daxildir.
İaşə müəssisələri
İaşə dövriyyəsi - əhaliyə satılmış şəxsi kulinariya məhsullarının və həmçinin tələbatı ödəmək üçün kulinariya işləri aparılmadan yerində satılmış əmtəələrin dəyərini əks etdirir.
İaşə müəssisələrinin sayına daimi bina və yaxud sahədə, bir qayda olaraq, yemək üçün münasib zal, stol və stullar-oturacaqlar ilə təchiz edilmiş və lazımi istehsal sahəsinə malik olan ticarət müəssisələri, habelə yerində ərzaq qəbul edilməsini təşkil etməyən bəzi müəssisələr (yeməkləri evə buraxan müəssisələr, bufetlər və s.) daxil edilir. Yerləşdiyi yerdən asılı olmayaraq (ticarət mərkəzinin tərkibində, ayrıca tikilmiş binada, idarə, müəssisə, təşkilat, zavod, fabrik, məktəb, ali məktəb, texnikum, mehmanxana, kinoteatr, kazino, dəmir yolu vaqonu, stansiya, vağzal, hava limanı və s. tərəfindən ayrılmış sahədə-yerlərdə), əhalini çörək, yemək və içkilərlə təmin edən bütün müəssisələr uçota alınır.
İaşə sistemi şəbəkəsinin tərkibinə müxtəlif növlərdən olan müəssisələr: fabrik-mətbəxlər, fabrik-hazırlayıcılar, yeməkxanalar, restoranlar, kafelər, qəlyanaltılar, barlar, bufetlər və s. daxil edilir.
İaşə sistemi müəssisələrinin gücü faktiki (layihə üzrə deyil) oturacaq yerlərinin sayı, yəni iaşə müəssisəsinin eyni vaxtda xidmət göstərə bildiyi müştərilərin sayı ilə müəyyənləşdirilir.
Pərakəndə ticarət və iaşə sisteminin anbar şəbəkəsi
Anbar şəbəkəsinin tərkibində xüsusi olaraq anbar üçün tikilmiş yerlər, başqa binalarda yerləşən anbar yerləri, habelə malların saxlanması üçün uyğunlaşdırılmış sahələr-yerlər uçota alınır. Müəssisələrin həm özünə məxsus olan və həm də icarə edilmiş anbarları uçota alınır.
Anbar şəbəkəsini uçota alarkən iki əlamətin əlaqələndirilməsinə üstünlük verilir: ərazi üzrə yerləşməsinə və inzibati müstəqilliyinə (yerinin və rəhbərliyinin vahidliyinə), yəni anbar dedikdə, müəyyən ərazidə tikilmiş, yaxud başqa binalarda uyğunlaşdırılmış yerlərdə sahəsi və müstəqil rəhbərliyi olmaqla əmtəə saxlanması, hazırlanması, çeşidlənməsi, bükülməsi və satışı üçün yararlı sahələr nəzərdə tutulur.
Pərakəndə ticarət və iaşə müəssisələrinə xidmət göstərən bütün anbar sahələri (ticarət təşkilatına, idarələrə, trestlərə, birliklərə, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, konsernlərə, firmalara, istehlak cəmiyyətlərinə xidmət göstərən sair anbarlar), habelə iri mağazalar və iaşə müəssisələrinin yanında yerləşib, müstəqil rəhbərliyi olan iri anbarlar uçota alınır.
Onlar aşağıdakı kimi ayrıca uçota alınır:
- ümumi təyinatlı (bütün əmtəələr üçün) anbarlar;
- ixtisaslaşdırılmış anbarlar.
Ümumi təyinatlı anbarlara ərzaq məhsullarının və qeyri-ərzaq mallarının saxlanması üçün nəzərdə tutulmuş və saxlamaq üçün xüsusi şərait tələb edilməyən anbarlar daxildir və onlar ərzaq məhsulları, qeyri-ərzaq malları saxlanan, eyni zamanda həm ərzaq və həm də qeyri-ərzaq mallarının saxlanması üçün nəzərdə tutulan qarışıq (universal) anbarlara bölünür.
İxtisaslaşdırılmış anbarlar - saxlamaq üçün müəyyən şərait yaradılması tələb edilən əmtəələrin saxlanması üçün nəzərdə tutulan anbarlar daxil edilir. Onlara tərəvəz, meyvə, kartof saxlanan anbarlar, buzxanalar, anbar-soyuducular, neft, duz saxlamaq üçün anbarlar və s. aiddir.
Hər bir anbar növü üzrə onun sahəsi və müvafiq norma həddində doldurulması şərti ilə əmtəə saxlanması üçün mövcud olan tutumunun həcmi uçota alınır.
10.13. Bazarlarda kənd təsərrüfatı məhsullarının satışı indeksi dəyişməz qiymətlər üzrə və baza dövrünə görə hesabat dövründə mal dövriyyəsinin dəyişməsini xarakterizə edir.
İndeksi hesablayarkən baza və hesabat dövrlərində satılmış malların miqdarı baza ilindəki orta qiymətlər üzrə qiymətləndirilir. Bazarlarda satılmış kənd təsərrüfatı məhsullarının indeksi aşağıdakı düsturla hesablanır:
|
Düsturda kəsrin surəti hesabat dövründə satılmış əmtəələrin miqdarının baza dövrünün müvafiq orta qiymətinə vurulması yolu ilə hesablanmış dövriyyəsini, məxrəc isə müvafiq əmtəənin baza dövründə faktiki dövriyyəsini əks etdirir.
Bu indekslər hər ay aylıq, keçən ilin müvafiq ayı ilə müqayisədə və ilin əvvəlindən artan yekunla hesablanır.
10.14. Əhaliyə göstərilən pullu xidmətlərin ümumi həcmi xidmət müəssisələrinin öz gücü ilə əhaliyə göstərilmiş xidmətlər üçün bütün vasitələrlə əlavə dəyər vergiləri, xüsusi vergilər, aksizlər və s. də daxil edilməklə ödənilmiş pulun cəmi ilə ifadə edilir. Bununla yanaşı, həm əhalidən alınmış pulun, həm də xidmətlərin dəyərinə daxil edilən və müəssisələrin vəsaiti hesabına əlavə ödənişlərin məbləği xidmətlərin ümumi həcminə daxil edilir. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisələr tərəfindən əhaliyə onların sosial-məişət, mədəni, müalicə-sağlamlıq, hüquqi və s. tələbatını ödəmək üçün fərdi sifarişlər üzrə göstərilmiş xidmətlərin hamısı xidmətlərin ümumi həcminə daxil edilir.
1991-ci ilə kimi pullu xidmətlərin ümumi həcminə iş yeri üzrə meşə, tikinti və s. materialların satışına görə əhalidən daxil olmuş pulun məbləği daxil edilirdi; məişət xidmətlərinin həcminə isə xidmət göstərilərkən istifadə edilmiş material və ehtiyat hissələrinin dəyəri daxil edilmirdi.
1991-ci ildən başlayaraq, göstərilmiş satışın həcmi pullu xidmətlərin həcminə deyil, pərakəndə ticarətin əmtəə dövriyyəsinin həcminə daxil edilir; məişət xidmətlərinin həcminə isə istifadə edilmiş material və ehtiyat hissələrinin dəyəri daxil edilir. Yəni əhaliyə göstərilmiş xidmətlərə görə faktiki alınmış pulun məbləği nəzərə alınır. Pullu xidmətlərin ümumi həcmi aşağıdakı növlər üzrə bölünür: məişət, sərnişin nəqliyyatı, rabitə və mənzil-məişət xidmətləri, məktəbəqədər uşaq müəssisələrində uşaqların saxlanması üzrə xidmətlər, turist-ekskursiya və sanatoriya-kurort xidmətləri, mədəniyyət, səhiyyə, bədən tərbiyəsi, idman müəssisələrinin xidmətləri, hüquqi xarakterli, bank və digər təşkilatların (pullu kurslar, baytarlıq, mənzilin mühafizə edilməsi və s. üzrə xidmətlər) xidmətləri.
10.15. Pullu xidmətlərin həcm indeksləri. Bu göstərici faktiki qiymətlər və tariflərlə göstərilmiş xidmətlərin dinamikasını xarakterizə edir, hesabat dövründəki xidmətlərin həcmini baza dövründəki xidmətlərin həcminə bölməklə hesablanır. Qiymətlərin və göstərilmiş xidmətlərin sayının eyni zamanda dəyişməsi xidmətlərin həcminin dəyişməsini xarakterizə edir.
Pullu xidmətlərin fiziki həcm indeksi isə müqayisəli daimi qiymətlərə görə hesablanır. Hesabat dövründəki qiymət və tariflər üzrə göstərilən xidmətlərin hesablanmış həcmi baza ilinin qiymətləri ilə hesablandıqdan sonra alınmış nəticəni baza ilindəki pullu xidmətlərin həcminə bölmək yolu ilə hesablanır.
10.16. Məişət xidmətlərinə vətəndaşların fərdi sifarişi ilə yerinə yetirilmiş və haqqı ödənilmiş xidmətlər daxil edilir. Uçot apararkən aşağıdakı xidmət növləri üzrə bölgü aparılır: ayaqqabı təmiri və tikişi; tikiş, xəz, dəri məmulatlarının, papaq və toxuculuq qalantereya məmulatlarının təmiri və tikişi; trikotaj məmulatının təmiri, tikişi və toxunması; məişət maşınları və alətlərinin təmiri; metal məmulatların təmiri və hazırlanması; vətəndaşlara məxsus olan nəqliyyat vasitələrinin təmiri və texniki xidmətlərin göstərilməsi; mebel təmiri və hazırlanması; kimyəvi təmizləmə və rəngləmə; camaşırxana xidmətləri; evlərin (mənzillərin) təmiri, tikintisi; fotoqrafiya və fotolaboratoriya xidmətləri; hamam və duş xidmətləri; bərbərxana xidmətləri; kirayə məntəqələrinin xidmətləri; nəqliyyat xidmətləri; mərasim xidmətləri və s. xidmətlər (fərdi evlərin qazlaşdırılması, vətəndaşların sifarişləri ilə kənd təsərrüfatı məhsullarının emal edilməsi və s.).
10.17. Əhaliyə məişət xidməti göstərən müəssisələrin sayı və şəbəkəsi
Məişət xidməti göstərən müəssisələrin sayı ildə 1 dəfə, yanvarın 1-nə olan vəziyyətə görə uçota alınır. Mülkiyyət formasından (dövlət: bələdiyyə, kommunal; kooperativ; kollektiv; fərdi) və tabeçiliyindən asılı olmayaraq, hesabat dövründə faktiki fəaliyyət göstərən bütün müəssisələr uçota alınır. Fəaliyyət göstərən müəssisələrə hesabat dövründə əhaliyə faktiki xidmət göstərən, habelə qısamüddətli cari təmir işləri, inventarizasiya, sanitar xidmətləri və s. ilə əlaqədar olaraq müvəqqəti fəaliyyət göstərməyənlər daxil edilir. Məişət xidməti şəbəkəsi vahidinin uçot meyarı aşağıdakı əlamətlərin vəhdətindən ibarətdir: atelye, sex və emalatxanaların ərazidə yerləşməsi; müstəqil idarə edilməsi; sifarişlərin qəbulu, icrası və verilməsi funksiyalarının əlaqələndirilməsi. Müəssisələrin (atelye, sex və emalatxanaların) sayına daimi yerləşdiyi yeri olub, müntəzəm olaraq məişət xidməti göstərə bilən qəbul məntəqələri də daxil edilir.
10.18. Qeyri-ərzaq mallarının ayrı-ayrı növlərinin adambaşına istehlakı
Əvvəlcə özündə istehsal edilmiş malları (ixracı çıxmaqla), idxal üzrə daxilolmanı, ticarət və sənayedə mal ehtiyatlarının dəyişməsini birləşdirən müvafiq malların istehlak fondu müəyyən edilir. Adambaşına istehlak dedikdə, istehlak fondunun həcminin mövcud əhalinin orta illik sayına bölünməsi ilə alınmış nəticə nəzərdə tutulur.
Parça istehlakı hesablanarkən tikiş məmulatı üzrə müvafiq məlumatlar da uçota alınır (şərti parçaya hesablamaqla). Bununla yanaşı, parça istehsalının cəmindən, ixraca göndərilən və əhalinin istehlakı ilə əlaqəsi olmayan (sənaye ehtiyaclarına və s. istifadə edilənlər) məsrəflər çıxılır.
10.19. Əhalinin uzun müddət istifadə edilən mallarla təminatı əhalidə uzun müddət istifadə edilən malların mövcudluğu və bu malların istehlakçısı sayılan ailələrin sayı barədə məlumatlara əsasən hesablanır.
Əhalidə uzun müddət istifadə edilən malların mövcud olması həmin malların satışına və onların xidmət müddətinə dair məlumatlara əsasən hesablanır. Uzun müddət istifadə edilən malların xidmət müddəti onların fiziki və mənəvi köhnəlməsinə görə müəyyən edilir. Məsələn, əgər televizorun xidmət müddəti 12 ildirsə, onda 1.01.2004-cü il vəziyyətinə televizorla təminat 1992-2003-cü illərdə satılmış televizorların əhalidə mövcud olan sayı ilə hesablanır.
Ailələrin ümumi sayı tək yaşayanların (ailəsi olmayanların) və mövcud ailələrin sayı toplanmaqla müəyyən edilir. Bu zaman, qocalar və əlillər evlərində, pansionatlarda və digər belə müəssisələrdə dövlət təminatında olan tək yaşayanların sayı ailələrin sayına daxil edilmir.
10.20. Adambaşına spirtli içkilərin satışı. Pərakəndə ticarətdə spirtli içki ehtiyatlarının dəyişməsini hesablamaq üçün rəsmi qeydiyyatdan keçmiş pərakəndə ticarət müəssisələrində ilin əvvəlinə və axırına mal qalığının tərkibinə dair məlumatlardan istifadə edilir, dəyər ifadəsində olan məlumatlar natura ifadəsinə çevrilməklə hesablanır. İl ərzində göndərilmiş spirtli içkilərin üzərinə ehtiyatların dəyişməsini əlavə edib (+ və - ola bilər) alınan nəticəni mövcud əhalinin orta illik sayına bölməklə bu içkilərin adambaşına satışını müəyyən etmək olar.
Spirtli içkilərin adambaşına satışı göstəricisi növlər üzrə (araq və likör-araq məmulatı, şərab, konyak, şampan, pivə) həm natura ifadəsində, həm də mütləq alkoqola çevirməklə hesablanır. Mütləq alkoqola çevirmə bir litr spirtli içkidə spirtin 100 faiz olmasını əks etdirən əmsallarla hesablanır.
10.21. Şəhər bazarlarında kənd təsərrüfatı məhsullarının qiymət indeksləri dövlət statistika orqanları tərəfindən bazarlarda bu qiymətlərin bilavasitə müşahidə və sorğu aparılması yolu ilə qeydə alınması əsasında hesablanan bazar qiymətləri dinamikasının göstəriciləridir. Bu, aqreqat indeksinin düsturu ilə hesablanır:
|
Burada p1 – hesabat dövrünün orta qiymətidir;
p 0 – baza dövrünün orta qiymətidir;
q1 – hesabat dövründə satılmış məhsulun miqdarıdır.
İndekslər hər ay əvvəlki aya və ötən ilin müvafiq ayına nisbətən hesablanır.
10.22. Ayrı-ayrı istehlak mallarının pərakəndə satış qiymətləri qiymətlərin səviyyəsi üzərində həftəlik müşahidələrə əsaslanan ayrı-ayı əmtəələr üzrə informasiyadır; orta riyazi qiymətlərin, yəni mağazalarda qeydə alınmış qiymətlərin qeydlərin sayına bölünmüş məbləğini göstərir.
10.23. Şəhərlərdə kənd təsərrüfatı bazarlarında əmtəələrin qiymətləri şəhərlərin (rayonların) kənd təsərrüfatı bazarlarında dövlət statistika orqanlarının işçiləri tərəfindən bilavasitə keçirilən müşahidə və sorğu yolu ilə bazarda alver edən şəxsin ən qızğın saatında aparılan faktiki qeydiyat nəticəsində malların əsas kütləsinin satıldığı faktiki qiymət haqqında məlumata əsaslanır. Ümumilikdə, şəhər üzrə bazarlarda qiymət hər bir mal üzrə qeyd olunmuş qiymətin miqdarından istifadə etməklə orta hesabi qaydada hesablanır.
10.24. Xarici ticarət dövriyyəsinin həcmi - hər hansı bir dövrdə bir ölkə və ya ölkələr qrupu ilə əmtəə ixracı və idxalının dəyər qiyməti ilə məbləği deməkdir. Xarici ticarət dövriyyəsi öz ölkəsinin və ya başqa ölkənin valyutası ilə cari dövrün qiymətləri ilə hesablanır.
10.25. Əmtəələrin ixracı – bütövlükdə ölkə və ayrı-ayrı ölkələr (ticarət tərəf müqabilləri) üzrə - ölkədən çıxarılmış (dövlətin sərhədlərini keçmiş) əmtəələrin onların dəyər qiyməti ilə məbləğini göstərir. İxracın həcmi öz ölkəsinin və ya başqa ölkənin valyutası ilə cari dövrün qiymətləri əsasında hesablanır. İxracın həcminin dəyər qiyməti ixrac edən ölkənin FOB və ya franko-sərhəd qiymətləri ilə müəyyənləşdirilir.
10.26. Ayrı-ayrı əmtəələrin ixracı - son istehlak məqsədilə ölkənin ərazisindən xaricə ixrac edilmiş milli və ya reeksport əmtəələrini göstərir. İxrac əməliyyatının başa çatması kimi əsas meyar əmtəənin ölkənin iqtisadi ərazisinin sərhədini keçməsi hesab olunur.
Əmtəə ixracına, aparılması ölkənin material ehtiyatlarını azaldan məhsullar, o cümlədən aşağadakılar daxil edilir:
- tədiyə vasitəsi kimi çıxış etməyən qeyri-monetar qızıl;
- texniki yardım fondları hesabına təqdim olunan hədiyyə, əvəzi ödənilməyən yardım və s. kimi göndərilən əmtəələr;
- hərbi təyinatlı əmtəələr;
- elektrik enerjisi, su və boru kəməri ilə daşınan əmtəələr (neft, neft emalı məhsulları, qaz);
- xarici ölkə gəmiləri, təyyarələri və yük avtomobilləri üçün ölkə ərazisində satılan bunker yanacağı, yanacaq, ərzaq və materiallar;
- bir il və daha çox müddətə icarə olunmuş əmtəələr;
- ölkəyə gətirilərək reeksport olunan əmtəələr;
- xarici kapitallı müəssisələrin nizamnamə fondu hesabına ixrac edilən əmtəələr;
- ixrac vaxtından asılı olmayaraq xarici ölkələrdə keçirilən yarmarkalarda, sərgilərdə və s. satılan əmtəələr;
- ixrac vaxtından asılı olmayaraq, konsiqnatorlar vasitəsi ilə satılan əmtəələr;
- neytral sularda və xarici ölkə sularında tutulub satılan balıqlar və digər dəniz məhsulları (dövlətin sənaye müəssisələrinin, torpaq sahələrinin və s. istismarı üçün bağladığı konsessiya-müqavilə şərtləri ilə);
- lisenziyaların ödənilməsi də daxil edilməklə, xaricə göndərilən kino, televiziya, audio və video məhsulları;
- dövriyyədə olmayan qiymətli kağızlar, banknotlar və sikkələr;
- emal məqsədilə ixrac olunan əmtəələr;
- şəxsi xarakterli poçt göndərmələri;
- müəyyən müddət keçdikdən sonra eyni adlı əmtəələrin geri qaytarılması şərti ilə ixrac olunan əmtəələr (əmtəə ssudası).
Əmtəə ixracının uçotu ixracçı ölkənin FOB və ya franko-sərhəd qiymətləri ilə istər natura, istərsə də dəyər ifadəsində ciddi olaraq təqvim dövrü üzrə aparılır.
Xarici ticarət tərəf müqabilinin valyutası ilə ifadə olunan ixracın dəyər həcmi dövlətin Milli Bankının müəyyənləşdirdiyi valyuta məzənnələri əsasında milli valyutaya və ya başqa ölkənin valyutasına çevrilərək hesablanır.
Əmtəə ixracı pul ödənmədən, yəni əmtəə mübadiləsi (barter) əməliyyatları ilə aparıla bilər. Bu halda əmtəə ixracı müvafiq ölkələrin bazarlarında əmtəələrin qiymətləri və ya kommersiya əsasında ixrac əməliyyatları aparılan eyni adlı əmtəələrin qiymətləri ilə qiymətləndirilir.
Xarici ticarətdə dövriyyə edən əmtəələrin təsnifatı kimi xarici ticarət fəaliyyətində əmtəə nomenklaturasından (XTFƏN) istifadə edilir.
10.27. İxrac üçün əmtəələrin göndərilməsi - müqavilə öhdəlikləri, sərhədyanı və sahilkənarı ticarət çərçivəsində malgöndərmələr, əmtəə mübadiləsi (barter) əməliyyatları, istehsal və elmi-texniki əlaqələr, habelə digər əməkdaşlıq formaları üzrə malgöndərmələr də daxil edilməklə, göndərilən bütün əmtəəni və göstərilən bütün xidmətləri əks etdirir.
Hesabata məlumatlar tədiyə-yükboşaltma sənədləri (hesab, sertifikat, spesifikasiya, dəmir yolu qaiməsi, avia-qaimə və s.) əsasında daxil edilir.
Aşağıdakı hallarda müqavilə öhdəlikləri icra müddətlərinə görə yerinə yetrilmiş hesab edilir:
a) əgər təşkilat (yükgöndərən) malları nəqliyyat və ya rabitə orqanının müvafiq sənədində müəyyənləşdirilən tarixdə nəqliyyat və rabitə orqanına təhvil veribsə;
b) əgər mallar təhvil-təslim aktlarında və ya əmtəənin alınması haqqında iltizamda göstərilən tarixlə müəyyənləşdirilən təhvil günü xarici iqtisadi birliyin nümayəndəsinə təhvil veribsə;
c) əgər xarici iqtisadi fəaliyyət üzrə vasitəçi təşkilat göndərilməyə hazır olan malları saxlamaq üçün qəbuletmə günü müəssisəyə saxlamaq üçün təhvil verilsə.
Bu həcmə, sonrakı dövrün müqavilələri hesabına avans göndərmələri də daxil edilməklə, hesabat dövründə həyata keçirilən bütün ixrac göndərmələri daxil edilir.
Dəyər göstəriciləri daxili və xarici ticarət qiymətləri ilə göstərilir:
- daxili qiymət–müəssisənin buraxılış qiyməti;
- xarici ticarət qiyməti–müqavilə (saziş) qiyməti.
Əmtəələrin təsnifatı kimi xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası, xidmət təsnifatı kimi isə xarici fəaliyyətin xidmət təsnifatı tətbiq edilir.
10.28. Bütövlükdə, ölkə və ya ayrı-ayrı ölkələr (ticarət tərəf müqabilləri) üzrə əmtəələrin idxalı ölkəyə gətirilmiş (dövlət sərhədindən keçirilmiş) əmtəələrin dəyərinin qiymətləndirilməsi məbləğidir. İdxalın həcmi cari dövrün qiymətləri əsasında öz ölkəsinin və ya başqa ölkənin valyutası ilə hesablanır. İdxalın həcminin dəyər qiymətləndirilməsi idxalçı ölkənin SİF və ya franko-sərhəd qiymətləri ilə müəyyənləşdirilir.
10.29. Ayrı-ayrı əmtəələrin idxalı - ölkəyə idxal olunan və dövlətdaxili son istehlak, yaxud da reeksport üçün təyin olunan əmtəələrdir. İdxal əməliyyatının başa çatması kimi son meyar əmtəənin ölkənin iqtisadi ərazisinin sərhədini keçməsidir.
İdxala ölkənin maddi ehtiyatlarını artıran mallar, o cümlədən aşağıdakılar daxil edilir:
- tədiyə vəsaiti kimi çıxış etməyən qeyri-monetar qızıl;
- texniki yardım fondları hesabına, hədiyyə, əvəzi ödənilməyən yardım və s. kimi göndərilən əmtəələr;
- hərbi təyinatlı əmtəələr;
- elektrik enerjisi, su və boru kəməri ilə göndərilən mallar (neft, neft emalı məhsulları, qaz);
- xarici ölkələrdə gəmilərimiz, təyyarələrimiz və yük avtomobillərimiz üçün alınan yanacaq, bunker yanacağı, ərzaq və materiallar;
- icarə edilən əmtəələr;
- ölkəyə gətirilən idxal malları;
- xarici kapitallı müəssisə və təşkilatların nizamnamə fondu hesabına idxal olunan əmtəələr;
- əmtəələrin idxal vaxtından asılı olmayaraq, ölkənin ərazisində keçirilən yarmarkalarda, sərgilərdə və s. alınan mallar;
- idxalının vaxtından asılı olmayaraq, konsiqnatorlar vasitəsi ilə alınan mallar;
- neytral sularda və xarici ölkə sularında alınan balıq və digər dəniz məhsulları (sənaye müəssisələrinin, torpaqların və s. istismarı üçün dövlətlə bağlanmış konsessiya – müqavilənin şərtlərinə əsasən);
- lisenziyaların ödənməsi də daxi edilməklə, idxal edilən kino, televiziya, audio və video məhsulları;
- dövriyyədə olmayan qiymətli kağızlar, banknotlar və sikkələr;
- emal məqsədilə ölkəyə idxal edilən əmtəələr;
- şəxsi xarakterli poçt göndərmələri;
- müsadirə edilmiş idxal malları;
- müəyyən müddət keçdikdən sonra eyni adlı malların qaytarılması şərti ilə idxal edilən mallar (əmtəə ssudası).
Əmtəələrin idxalının uçotu idxalçı ölkələrin SİF və ya franko-sərhəd qiymətləri ilə istər natura, istərsə də dəyər ifadəsində təqvim dövründə aparılır.
Xarici ticarət tərəf müqabillərinin valyutası ilə ifadə edilmiş idxalın dəyəri dövlətin Milli Bankının müəyyənləşdirdiyi valyuta məzənnəsi əsasında başqa ölkənin milli valyutasına çevrilərək hesablanır.
Əmtəələrin idxalı ödəməsiz də - əmtəə mübadiləsi (barter) əməliyyatları vasitəsi ilə həyata keçirilə bilər. Bu halda əmtəələrin idxalı müvafiq dövlətlərin bazarlarında malların qiymətləri və ya kommersiya əsasında idxal əməliyyatları aparılan eyni adlı əmtəələrin qiymətləri ilə qiymətləndirilir.
Xarici ticarətdə dövriyyə edən əmtəələrin təsnifatı kimi Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasından istifadə edilir.
10.30. İxracın (idxalın) fiziki həcm indeksi - keçən ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə ixrac (idxal) olunmuş malların fiziki həcminin nisbi orta dəyişməsini səciyyələndirir.
Fiziki həcm indeksi aşağıdakı düsturla hesablanır:
|
Burada: q1 – hesabat dövründə malların miqdarı;
q 0 – baza dövründə malların miqdarı;
p 0 – baza dövründə əmtəə vahidinin qiymətidir.
Bu indeks hesablanarkən hesabat və baza dövrlərində ixracın və ya idxalın eyni qiymətlə, yəni baza qiyməti ilə qiymətləndirilməsi qiymətlərin dəyişməsinin indeksə təsirini aradan qaldırır.
İxracın (idxalın) fiziki həcm indeksi ayrı-ayrı əmtəələr, əmtəə qrupları və bütövlükdə ölkənin ixracı (idxalı) üzrə hesablanır.
10.31. Orta ixrac (idxal) qiyməti indeksi – hesabat dövründə keçən ilin müvafiq dövrü (baza) ilə müqayisədə ixrac (idxal) qiymətlərinin nisbi dəyişməsini əks etdirir və hesabat dövründə keçən ilin müvafiq dövrünün (bazis) müvafiq qiymətləri ilə hesabat dövründə ixrac (idxal) edilmiş əmtəələrin həcminin dəyərinin keçən ilin müvafiq dövründə ixrac (idxal) edilmiş əmtəələrin həcminin dəyərinə bölünməsi yolu ilə müəyyənləşdirilir.
Orta ixrac (idxal) qiyməti indeksi dəyişən çəkilər düsturu ilə hesablanır:
|
Burada, q1 – hesabat dövründə ixrac (idxal) edilmiş əmtəələrin miqdarıdır;
p1 – hesabat dövründə əmtəə vahidinin orta qiymətidir;
p 0 – keçən ilin müvafiq (bazis) dövründə əmtəə vahidinin orta qiymətidir.
Bu indeks hesablanarkən ixrac (idxal) edilən əmtəələrin fiziki həcminin dəyişməsinin təsiri aradan qaldırılır.
10.32. Xarici iqtisadi xidmətlərin ixracı - "görünməyən əmtəələrin", yəni nəqliyyat xidmətləri, turizm, rabitə xidmətləri, tikinti, sığorta, maliyyə, kompüter və informasiya xidmətləri, reklam, mühasibat uçotu, idarəetmə məsləhəti və digər xidmət növlərinin ölkədən ixracı deməkdir. Xidmətlərlə xarici iqtisadi əməliyyatlar onların göstərildiyi andan qeydə alınır. Bəzi xidmətlər, məsələn, tikinti xidmətləri üzrə uçot təhvil-təslim aktları əsasında aparılır. Xidmətlərin ixracının uçotu təqvim dövrünə ciddi riayət etməklə dəyər ifadəsində aparılır. Xidmətlərin dəyərinin qiymətləndirilməsi kommersiya sövdələşmələri prosesində işgüzar tərəf müqabilləri ilə razılaşdırılmış bazar qiymətləri ilə həyata keçrilir. Xidmətlərin ixracının həcmi öz ölkəsinin və ya başqa ölkənin valyutası əsasında cari dövrün qiymətləri ilə hesablanır. Xidmətlərin ixracının dəyəri xarici ticarət tərəf müqabillərinin valyutası ilə ifadə olunmuş dəyərinin milli valyutaya və ya dövlətin Milli Bankı tərəfindən müəyyənləşdirilmiş valyuta məzənnəsi əsasında ölkənin valyutasına çevrilərək hesablanır.
Xidmətlərin təsnifatı kimi Xarici iqtisadi fəaliyyətdə xidmətlərin təsnifatından istifadə edilir.
10.33. Xidmətlərin idxalı - "görünməyən əmtəələr"in, yəni nəqliyyat, turizm, rabitə, tikinti, sığorta, maliyyə, kompüter və informasiya xidmətləri, reklam, mühasibat uçotu, idarəetmə məsləhəti və digər xidmət növlərinin idxalı deməkdir. Xidmətlərlə aparılan xarici iqtisadi əməliyyatlar onların göstərildiyi andan qeydə alınır. Bəzi xidmətlər, məsələn, tikinti xidmətləri üzrə uçot təhvil-təslim aktları əsasında aparılır. Xidmətlərin idxalının uçotu təqvim dövrünə ciddi riayət etməklə dəyər ifadəsində aparılır. Xidmətlərin dəyəri kommersiya sövdələşmələri prosesində işgüzar tərəf müqabilləri ilə razılaşdırılmış bazar qiymətləri ilə qiymətləndirilir. Xidmətlərin idxalının həcmi öz ölkəsinin və ya başqa ölkənin valyutası əsasında cari dövrün qiymətləri ilə hesablanır. Xidmətlərin idxalının xarici ticarət tərəf müqabillərinin valyutası ilə ifadə olunmuş dəyəri milli valyutaya və ya dövlətin Milli Bankı tərəfindən müəyyənləşdirilmiş valyuta məzənnəsi əsasında ölkənin valyutasına çevrilərək hesablanır.
Xidmətlərin təsnifatı kimi Xarici iqtisadi fəaliyyətdə xidmətlərin təsnifatından istifadə edilir.
10.34. Qeydə alınmış xarici investisiyalı müəssisələr - xarici investisiyalı müəssisələrin və onların hüquqi şəxs sayılan və müstəqil balansa malik olan filiallarının sayının statistikası yalnız Milli iqtisadi ərazidə yerləşən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydə alınan bütün xarici investisiyalı müəssisələrdir.
10.35. Fəaliyyət növləri üzrə qeydə alınmış xarici investisiyalı müəssisələr - fəaliyyət növlərinə görə xarici investisiyalı müəssisələr aşağıdakılara bölünür: sənaye məhsulları istehsal edənlər, tikinti, ticarət və iaşə, elmi tədqiqat, konstruktor, təmir fəaliyyəti ilə məşğul olanlar və müxtəlif növlər üzrə xidmət göstərənlər və s.
10.36. Fəaliyyətdə olan xarici investisiyalı müəssisələrin istehsalının həcmi – bu, hazır məmulatların və kənara satılmış yarımfabrikatların, həmçinin əlavə dəyərə vergisiz, xüsusi vergisiz və aksiz yıgımlarsız buraxılış qiymətlərilə kənardan sifarişlər üzrə yerinə yetirilmiş sənaye xarakterli işlərin dəyəridir.
10.37. Xarici investisiyalı müəssisələrin nizamnamə fondu - xarici investisiyalı müəssisənin sərəncamında olan maddi və pul vəsaitinin məcmusudur. Bu fondun ilkin məbləği xarici investisiyalı müəssisənin nizamnaməsində qeyd olunur. Nizamnamə fondu müəssisənin əsas və dövriyyə vəsaitlərinin formalaşmasının əsas mənbəyidir. Hesabat dövrünün əvvəlinə və axırına olan vəziyyətə görə nizamnamə fondunun məbləği müəssisənin mühasibat balansının passivində əks etdirilir. Nizamnamə fonduna əmanətlər pul vəsaiti, kreditlər, texnologiyalar, maşınlar, avadanlıq, lisenziyalar, istənilən digər əmlak, intellektual dəyərlər və s. şəklində ola bilər və müvafiq tarixə olan vəziyyətə görə alıcı ilə satıcı arasında razılaşdırılmış bazar qiymətləri ilə qiymətləndirilir.
10.38. Mövcud xarici investisiyalı müəssisələrin əsaslı tikintisi əsas fondların istifadəyə verilməsi, kapital qoyuluşları, istehsal gücləri və obyektlərinin istifadəyə verilməsi haqqında məlumatlardır.
Əsas fondlar tikintisi başa çatmış və istifadəyə verilmiş müəssisələrin, bina və qurğuların; istifadəyə verilmiş avadanlıq, maşın və bütün növlərdən olan nəqliyyat vasitələrinin; əsas fondların dəyərinin artırılması ilə bağlı alınmış alətlərin, inventarların və əsas fondların hesabına daxil edilmiş digər əşyaların dəyəridir.
Kapital qoyuluşları bütün növlərdən olan tikinti işlərinin; avadanlığın quraşdırılması işlərinin; tikinti smetalarına daxil edilən alətlərin və invertarın, tikinti smetalarında nəzərdə tutulan avadanlıqların (quraşdırmaya ehtiyacı olan və olmayan); tikinti smetalarına daxil edilməyən maşın və avadanlıqların; sair əsaslı işlərin və xərclərin dəyəridir.
İstehsal gücləri və obyektlərinin istifadəyə verilməsi əsas fondlara kapital qoyuluşları nəticəsində yaradılan gücün göstəricisidir. Tikintisi başa çatdırılmış istehsal gücləri müəyyən edilmiş qaydada rəsmiləşdirilən qəbul aktlarına əsasən istismara qəbul edilir.
10.39. Mövcud xarici investisiyalı müəssisələrin ixracının həcmi
Bütövlükdə ölkə və ya ayrı-ayrı ölkələr (ticarət tərəf müqabilləri) üzrə mövcud xarici investisiyalı müəssisələrin ixracının həcmi ölkədən ixrac edilmiş (dövlət sərhədini keçmiş) əmtəələrin dəyəri deməkdir. İxracın həcmi öz ölkəsinin və ya başqa ölkənin valyutası əsasında cari dövrün qiymətləri ilə hesablanır. İxracın həcminin dəyəri ixrac edən ölkənin FOB və ya franko-sərhəd qiymətləri ilə qiymətləndirilir.
10.40. Mövcud xarici investisiyalı müəssisələrin idxalının həcmi
Bütövlükdə ölkə və ya ayrı-ayrı ölkələr (ticarət tərəf müqabilləri) üzrə mövcud xarici investisiyalı müəssisələrin idxalının həcmi ölkəyə idxal edilən (dövlət sərhədini keçən) əmtəələrin dəyəri deməkdir. İdxalın həcmi öz ölkəsinin və ya başqa ölkənin valyutası əsasında cari dövrün qiymətləri ilə hesablanır. İxracın həcminin dəyəri ixrac edən ölkənin SİF və franko-sərhəd qiymətləri ilə qiymətləndirilir.
10.41. Daxili bazarda mövcud xarici investisiyalı müəssisələr tərəfindən satılmış əmtəə və xidmətlərin həcmi. Əmtəə və xidmətlərin mövcud xarici investisiyalı müəssisələr tərəfindən daxili bazarda milli və xarici valyutaya satışı dedikdə, milli iqtisadi ərazidə yerləşən hüquqi və fiziki şəxslərə satılmış əmtəələrin və göstərilmiş xidmətlərin cəmi başa düşülür.
10.42. Ayrı-ayrı ölkələr üzrə daxili bazarda əmtəələrin mövcud xarici investisiyalı müəssisələr tərəfindən satılması. Əmtəələrin mövcud xarici investisiyalı müəssisələr tərəfindən daxili bazarda milli və xarici valyutaya satılması dedikdə, milli iqtisadi ərazidə yerləşən hüquqi və fiziki şəxslərə satılmış əmtəə başa düşülür.
10.43. Transmilli birliklər istehsal, investisiya, kommersiya və maliyyə-kredit fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın müasir formalarından biridir və bilavasitə milli müəssisələr arasında qarşılıqlı əmtəə mübadiləsi əsasında kooperasiya əlaqələrinin yaradılmasına yönəldilmişdir. "Transmilli şirkət" əsasən beynəlxalq xarakter daşıyan fəaliyyət göstərmək məqsədilə və milli kapitalın payının üstünlük təşkil etməsi ilə yaradılan təsərrüfat vahidi kimi müəyyənləşdirilir. Transmilli şirkətlər öz iş fəallığını, bir qayda olaraq, xarici ölkələrdə yerləşən istehsal filiallarının geniş şəbəkəsinə istinad edərək həyata keçirirlər. Transmilli birliklər aşağıdakı formalarda yaradılır:
müştərək maliyyə-sənaye qrupları;
beynəlxalq təsərrüfat birlikləri;
korporasiyalar;
holdinq şirkətləri;
assosiasiyalar;
ittifaqlar;
müştərək müəssisələr;
ticarət evləri şəklində ticarət-vasitəçilik təşkilatları;
agentlər və beynəlxalq birjalar;
müştərək kommersiya bankları və onların birlikləri;
maliyyə və sığorta şirkətləri.
10.44. Transmilli birliklərin nizamnamə fondu – transmilli birliklərin qeyd sənədlərində qeyd edilmiş kapitalın həcmidir. Nizamnamə fondu, transmilli birliklərin əsas və dövriyyə vəsaitlərinin yaradılmasının mənbəyi kimi təsisçilərin əmanətləri və pay haqları hesabına formalaşdırılır.
10.45. Transmilli birliklərin nizamnamə fondunda tərəf müqabillərinin payı – mənfəət əldə etmək məqsədilə transmilli birliklərin istehsal fəaliyyətinə nəzarət etmək üçün onun nizamnamə fonduna xarici sahibkar tərəfindən qoyulmuş kapitalın nisbi həcmidir.
10.46. Transmilli birliklərin istehsalının həcmi - hazır məhsulların və kənara satılmış yarımfabrikatların, həmçinin əlavə dəyərə vergisiz, xüsusi vergisiz və aksiz yığımsız buraxılış qiymətlərlə kənarın sifarişi üzrə yerinə yetirilmiş sənaye xarakterli işlərin dəyəridir.
10.47. Transmilli birliklərin ixracı – transmilli birliklər tərəfindən xaricə göndərilən əmtəələrin həcminin dəyəridir və dövlət sərhəddini keçən anda ixrac edən ölkənin FOB və ya franko-sərhəd qiymətləri ilə qiymətləndirilir.
10.48. Transmilli birliklərin idxalı – transmilli birliklər tərəfindən xaricdən gətirilmiş əmtəələrin həcminin dəyəridir və dövlət sərhəddini keçən anda idxal edən ölkənin SİF və ya franko-sərhəd qiymətləri ilə qiymətləndirilir.
10.49. Transmilli birliklərin satılmış məhsullarının həcmi – transmilli birliklərin yerləşdikləri ölkələrdə satdıqları əmtəə və xidmətlərdən, həmçinin transmilli birliklərin təsisçi ölkələri arasında məhsulların dəyişdirilməsi formasında əmtəə və xidmətlərin satışından ibarətdir.
10.50. Xarici ölkələrə getmiş vətəndaşların sayı daimi yaşayış yerləri sayılmayan (vətəndaşı olmadıqları) ölkənin ərazisinə getmiş vətəndaşların sayını əks etdirir. Başqa ölkələrə gedən vətəndaşların orada qalmalarının müddəti 12 aydan çox olmamalıdır və getməklərinin əsas məqsədi getdikləri ölkədə haqqı ödənilən fəaliyyətlə məşğul olmaqdan ibarət olmamalıdır.
Ölkə vətəndaşlarının xaricə getmələrinin məqsədləri aşağıdakı kateqoriyalar üzrə təsniflənir:
- xidməti: konfrans, konqres, yarmarka və sərgilərdə iştirak etmək, məruzələr ilə çıxış etmək, məhsul almaq və satmaq, ezamiyyətlər və s.;
- turizm: görməli yerləri gəzmək, idman və mədəniyyət tədbirləri, yürüşlər, alpinizm, istirahət və s.;
- şəxsi: tanış və qohumlara baş çəkmək, müalicə, müqəddəs yerlərə getmək, dini tədbirlərdə, yas mərasimlərində iştirak etmək, sağlamlıq xüsusiyyəti daşıyan səfərlər və s.;
- nəqliyyat vasitələrində xidmətedici heyət: təyyarə və gəmi heyətinin üzvləri, avtobus sürücüləri, qatar maşinistləri və bələdçiləri, poçt işçiləri və s.
Xaricə gedən ölkə vətəndaşlarına diplomatlar, konsulluq işçiləri, hərbi qulluqçular, məqsədi getdiyi ölkədə haqqı ödənilən iş görməkdən ibarət olanlar, mühacirlər, qaçqınlar, köçkünlər, sərhəd yaxınlığında yaşayan, ancaq başqa ölkədə işləyənlər daxil edilmirlər.
10.51. Ölkəyə gəlmiş xarici vətəndaşların sayı - daimi yaşamadıqları ölkəyə gəlmiş xaricilərin sayını əks etdirir. Xarici vətəndaşların ölkədə qalma müddəti 12 aydan çox və gəlişinin əsas məqsədi gəldiyi ölkədə haqqı ödənən fəaliyyət göstərməkdən ibarət olmamalıdır.
Xarici vətəndaşların başqa ölkəyə gəlmələrinin məqsədləri aşağıdakı kateqoriyalar üzrə təsniflənir:
- xidməti: konfrans, konqres, yarmarka və sərgilərdə iştirak etmək, məruzələrlə çıxış etmək, məhsul almaq və satmaq, ezamiyyətlər və s.;
- turizm: görməli yerləri gəzmək, idman və mədəniyyət tədbirləri, yürüşlər, alpinizm, istirahət və s.;
- şəxsi: tanış və qohumlara baş çəkmək, müalicə, müqəddəs yerlərə getmək, dini tədbirlərdə, yas mərasimlərində iştirak etmək, sağlamlıq xüsusiyyəti daşıyan səfərlər və s.;
- tranzit: ölkədən tranzitlə keçərək səyahət edən və pasport yoxlama məntəqələrindən keçərək ölkəyə gəlmək və bir neçə saatdan bir neçə günədək burada qalmaq hüququna malik olan xarici vətəndaşlar (gələnlər). Rəsmi olaraq pasport yoxlama məntəqələrindən keçməklə ölkəyə gələn tranzit səyyahlar ölkəyə gələnlərin sayına daxil edilmirlər;
- nəqliyyat vasitələrində xidmətedici heyət: təyyarə və gəmi heyətinin üzvləri, avtobus sürücüləri, qatar maşinistəri və bələdçiləri, poçt işçiləri və s.
Ölkəyə gələn xarici vətəndaşlara diplomatlar, konsulluq işçiləri, hərbi qulluqçular, məqsədi gəldiyi ölkədə haqqı ödənilən iş görməkdən ibarət olanlar, qaçqınlar, köçərilər, sərhəd yaxınlığında yaşayan, ancaq başqa ölkədə işləyənlər, pasport yoxlama məntəqələrindən keçməklə ölkəyə gələn tranzit sərnişinlər daxil edilmirlər.
10.52. Xarici vətəndaşların yerləşdirilməsi üçün yerlərin sayı daimi yaşamadıqları (vətəndaşı olmadıqları) ölkəyə gələn xarici vətəndaşların yerləşdirildiyi yerlərdə çarpayı-yerlərin sayını göstərir. Yaşayış üçün vasitə kimi yerləşdirilmə yerlərinə aşağadakılar aiddir: mehmanxanalar, istirahət evləri, sanatoriyalar, pansionatlar, kempinqlər, motellər, turbazalar, gənclər üçün düşərgə və mərkəzlər, habelə ailəli evlərdə, xüsusi şəxslərdən və ya agentliklərdən icarəyə götürülən mənzillər, villalar, malikanələr, koteclər, otaqlar və evlər, o cümlədən çadırlar və s.
Mehmanxanalarda və digər yerləşdirmə vasitələrində yerlərin sayı çarpayı-yerlərin sayı ilə hesablanır: belə ki, 2 çarpayısı olan üçotaqlı nömrə 2 yer kimi, 3 çarpayısı olan birotaqlı nömrə isə 3 yer kimi uçota alınır.
Yerləşdirmə vasitələrindəki yerlər adətən, göstərilən xidmətlərə və mövcud avadanlığa uyğun olaraq siniflərə və kateqoriyalara bölünür.
Mehmanxanalar, müalicə və sağlamlıq müəssisələri, bir qayda olaraq, təkcə nömrələrə qulluq etməklə kifayətlənmirlər və tibbi xidmətlər də daxil olmaqla, müxtəlif növlərdən ibarət olan xidmətlər dəsti təqdim edirlər.
10.53. Xarici turizmdən əldə edilən gəlirlər (daxilolmalar) istirahət etmək (turizm), işləmək, şəxsi və ya digər məqsədlərlə daimi yaşamadığı (vətəndaşı olmadığı) ölkəyə gələnlərin məsrəfləri kimi müəyyənləşdirilir.
Xarici vətəndaşların ölkəyə gəlmələrindən əldə edilən gəlirlər aşağıdakıları özündə birləşdirir:
- gəldikləri ölkədə xaricilər tərəfindən alınan turist turlarının ödənməsindən əldə edilən qazanc;
- gəldikləri ölkədə xarici turistlərə pullu xidmətlərin göstərilməsi nəticəsində əldə edilən qazanc;
- mehmanxanalarda, motellərdə, kempinqlərdə və digər yerləşdirmə vasitələrində nömrələrin verilməsi nəticəsində əldə edilən qazanc;
- malların satılmasından əldə edilən qazanc;
- beynəlxalq daşımalar nəticəsində əldə edilən qazanc.
Milli iqtisadiyyatın bir çox sahələrinin fəaliyyəti, məsələn, hotellərin və oxşar müəssisələrin, aviaşirkətlərin və turizm agentliklərinin, restoranların və suvenir mağazalarının fəaliyyəti turizmlə bağlıdır.
Mehmanxana müəssisələrinin gəlirlərinə daxildir:
- nömrələrin ödənilməsinə görə turistlərin-xaricilərin məsrəfləri;
- tam restoran xidməti ilə yeməklə təmin etmək üzrə xidmətlərin göstərilməsindən daxilolmalar;
- restoranların, barların və gecə klublarının istifadə edilməsindən, banket və konfransların təşkil olunmasından daxilolmalar;
- nəqliyyatdan istifadə edilməsi, teatr biletlərinin, suvenirlərin satılması və digər xidmətlərin göstərilməsi nəticəsində daxilolmalar.
10.54. Xarici turizm üzrə məsrəflər ölkə vətəndaşının müxtəlif məqsədlərlə və bir ildən çox olmayan müddətdə xarici ölkəyə getməsi ilə əlaqədar olan istehlak xərclərinin ümümi məbləğidir.
Turizm xərcləri səfərə hazırlıq zamanı, səfərin gedişində və səfərdən sonra sərf olunmalarından asılı olaraq üç iri qrupa bölünür:
- səfəri hazırlamaq və həyata keçirmək üçün lazım olan ilkin xərclər;
- səyahət zamanı və gəzilən yerlərdə meydana çıxan xərclər;
- xarici səfərdən qayıtdıqdan sonra turistin səfərə çıxdığı ölkə tərəfindən çəkilən xərclər.
Turizm xərcləri (turların, istehlak mallarının alınmasına və göstərilən xidmətlərə çəkilən xərclər) istehlak elementlərinin geniş diapazonunu əhatə edir.
Aşağıdakılar turizm xərcləri və ya əldəetmələr kateqoriyasından çıxarılmalıdır:
- kommersiya məqsədləri üçün satınalmalar;
- ölkəyə gələnlər tərəfindən həyata keçirilən, o cümlədən torpağa, yaşayış evlərinə, daşınmaz əmlaka, incəsənət əsərlərinə və s. əhəmiyyətli əldəetmələrə aid olan kapital qoyuluşları və sövdələşmələr;
- istirahət üçün səfər zamanı heç bir turist malına və ya xidmətə xərclənməyən, sadəcə olaraq qohumlara və ya tanışlara verilən nağd pul;
- xeyriyyə haqları.
|