<< Mündəricat  

Metodologiya

7.5. Material ehtiyatları statistikası

7.5.1. Yanacaq və material ehtiyatlarının ən mühüm növlərinin istehlakı - müəssisələrin (təşkilatların) istehsal-istismar, tikinti, nəqliyyat, kənd təsərrüfatı, kommunal, mədəni-məişət və s. ehtiyaclar üçün faktiki istifadə edilmiş xammal, material, yanacaq və enerjinin hamısını, habelə hesabat dövründə əhaliyə göstərilən xidmətləri əks etdirir.
İstehsal-istismar ehtiyacları üçün məsrəflərə müəssisədə əsas və yardımçı istehsala, bütün növlərdən olan təmir işlərinə, bütün sair istismar və təsərrüfat ehtiyaclarına faktiki istifadə edilmiş material resurslarının hamısı daxil edilir. Bundan başqa, xammal və material xərclərinə qəza, təbii fəlakət, oğurluq və s. belə hallar nəticəsində yaranmış itki və çatışmazlıqlar (müəssisənin balansında mövcud olan və aktla rəsmiləşdirilən) da daxil edilir. İstilik və elektrik enerjisi məsrəflərinə müəssisənin həmin məhsulun (iş və xidmətlərin) istehsalına aid edilən enerji dəyişmə, istilik və elektrik şəbəkələrindəki enerji itkisi də aid edilir. Yanacaq məsrəflərinə istehsal-texnoloji itkilər, habelə saxlanma və daşınma zamanı yaranmış və müvafiq qaydada aktla rəsmiləşdirilmiş itki və çatışmazlıqlar da daxil edilir.
Tikintidə məsrəflərə öz gücü və təsərrüfat hesabı ilə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə istifadə edilmiş (bitməmiş – başa çatmamış tikintilərə məsrəflər də daxil edilməklə), habelə tikinti konstruksiyaları və detallarının (hissələrinin) hazırlanmasına sərf edilmiş materiallar daxil edilir.
Kənd təsərrüfatında məsrəflər - kənd təsərrüfatı işləri yerinə yetirilərkən, kənd təsərrüfatı məhsulları emal edilərkən, habelə təmir-istismar üçün istifadə edilmiş materiallar aid edilir.
7.5.2. İstehlakçılarda yanacaq-enerji ehtiyatlarının qalığı bütün ümumzavod, aralıq, sex və s. anbarlarda (yardımçı müəssisə və istehsalın, kommunal və mədəni-məişət müəssisələrinin, habelə özünəməxsus olan və icarə edilən sair yanacaq saxlanılan yerlər də daxil olmaqla) hesabat dövrünün axırına yanacağın mövcudluğunu (qalığını) əks etdirir.
7.5.3. Malgöndərənlərdə ayrı-ayrı növlər üzrə yanacaq-enerji resurslarının ehtiyatları istehsalçılarda və topdansatış təşkilatlarının anbarlarında hesabat dövrünün axırına olan vəziyyətə görə yanacağın miqdarını əks etdirir.

© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi