|
3. Qiymət statistikası
3.1. Qiymət statistikası aşağıdakı məsələləri özündə birləşdirir:
- qiymətlər və onların dəyişməsi üzərində müşahidəni;
- bazar konyunkturasının dəyər göstəriciləri əsasında öyrənilməsini;
- ayrı-ayrı əmtəə bazarlarında qiymət dinamikasının öyrənilməsini;
- inflyasiya prosesinin və əhalinin həyat səviyyəsinin göstəricisi kimi qiymətin təhlilini;
- makroiqtisadi göstəricilər baxımından qiymətlərin öyrənilməsini.
Qiymət - bazar konyunkturasının mühüm göstəricisi olaraq, tələb və təklifə təsir göstərən iqtisadi alətdir. Qiymət istehsalın səmərəliliyinin idarə olunmasına və gəlirlərin əldə edilməsinə təsiredici xüsusi amillərdən biridir.
Qiymət əmtəənin pula dəyişdirilməsinin ekvivalentidir.
Qiymət müxtəlif sosial qrupların real gəlir səviyyəsinə, istehlakın struktur və həcminə təsir göstərən əhalinin həyat səviyyəsinin mühüm göstəricisidir.
Qiymət dəyişiklikləri iqtisadi, sosial və siyasi proseslərə xeyli dərəcədə təsir edir. Buna görə də, qiymətlər haqqında məlumat, onların dəyişmə meylləri və qanunauyğunluqlarının təhlili həm istehlakçılar və istehsalçılar, həm də ümumilikdə bütün cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir.
Bazar iqtisadiyyatı şəraitində qiymətlər müxtəlif əlamətlər üzrə təsnifatlaşdırılır.
İstehsalçı qiyməti - məhsula istənilən vergini, alıcıya əlavə edilmiş məbləği nəzərə almadan, istehsalçının öz məhsulunu istehlakçıya satdığı qiymətdir.
Əsas qiymət - alıcıya əlavə hesablanmış, məhsula istənilən vergini nəzərə almadan. lakin məhsulun istehsalına və satışına görə alınacaq subsidiyalar nəzərə alınmaqla, istehsalçının öz məhsulunu istehlakçıya satdığı qiymətdir. Başqa sözlə, bu qiymət, istehsalçının qiyməti üstəgəl məhsula hesablanmış subsidiyalardan ibarətdir.
Alıcının qiyməti - alıcının aldığı məhsula subsidiyanı və hesablanmış ticarət-nəqliyyat əlavələrini (xərclərini) çıxmaqla, məhsula qoyulmuş vergini uçota almaqla ödədiyi qiymətdir.
3.2. Əmtəə və xidmətlərin təyinatından asılı olaraq qiymət aşağıdakı növlərə bölünür:
- material-texniki ehtiyatların qiymətləri;
- istehlak mallarının qiymətləri;
- istehsal təyinatlı (məsələn, yükdaşımalar) xidmətlərin tarifləri;
- əhalinin istehlak xidmətlərinin (məişət və kommunal, nəqliyyat və rabitə, turizm və ekskursiya, mədəniyyət müəssisələrinin xidmətləri və s.) tarifləri.
3.3. Sahə əlamətlərinə görə qiymətlər aşağıdakı qruplara bölünür:
- sənaye məhsullarının qiymətləri;
- kənd təsərrüfatı məhsullarının qiymətləri;
- tikintidə qiymətlər;
- ticarətdə qiymətlər;
- istehsal və qeyri-istehsal təyinatlı xidmətlərin tarifləri.
3.4. Əmtəə xidmətləri sferası üzrə qiymətlər
Müəssisələrin faktiki buraxılış qiymətləri qiymət sistemində mühüm yer tutur. Kənd təsərrüfatı məhsullarının qiymətlər sisteminin əsasında azad satış qiymətləri durur. Bu qiymətlər kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən müxtəlif kanallar üzrə (tədarük təşkilatları, bazar, əhali və s.) məhsulların satışı zamanı istehlakçılarla razılaşdırılaraq təyin edilir.
Satış qiymətlərinin digər qiymətlərdən (topdansatış və pərakəndə) fərqi ondan ibarətdir ki, bu qiymətlərin tərkibinə ƏDV və aksizlər daxil edilmir. ƏDV həmçinin kənd təsərrüfatı müəssisələri tərəfindən əldə edilən material-texniki ehtiyatların dəyərinə də daxil edilmir.
Dövlət və qeyri-dövlət ticarət sistemində müəssisə və təşkilatlar tərəfindən əhaliyə satılan əmtəələrin dəyəri azad pərakəndə qiymətləri müəyyən edir. Pərakəndə qiymətlərin səviyyəsinə alış qiymətləri, istehsalçı qiymətləri, smeta qiymətləri, istehsal xidmətlərinin tarifləri və s. təsir edir.
3.5. İstehlak qiymətləri indeksi (İQİ) - əhali tərəfindən alınan əmtəə və xidmətlərin istehlak səbətinin dəyərinin dəyişməsini xarakterizə edən nisbi göstəricidir. Bu göstərici müəyyən dövr ərzində istehlak edilən malların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin dəyişməsini əks etdirir. İQİ-nin başlıca təyinatı istehlak mallarının və xidmətlərinin qiymət dinamikasını müəyyənləşdirməkdən ibarətdir. İQİ Laspeyres düsturu ilə hesablanır. İndeksin hesablanmasında ölkənin milli xüsusiyyətlərini nəzərə alan reprezentativ (təmsilçi) mal və xidmət qrupları üzrə toplanmış qiymət və tariflərdən istifadə edilir. İstehlak qiymətləri indeksi tərtib edilərkən ev təsərrüfatlarının büdcə müayinələri əsasında bazis dövründə əhalinin müəyyənləşdirilən faktiki istehlak xərclərinin strukturu tərəzi rolunu oynayır.
İQİ istehlak sektorunda inflyasiyanın səviyyəsini xarakterizə edir və milli hesablar sisteminin göstəricilərinin müəyyənləşdirilməsində ümumi daxili məhsulun son istifadəsinin ən mühüm komponentlərindən olan ev təsərrüfatlarının son istehlakına çəkilən xərclərin sabit qiymətlərlə hesablanmasında, eləcə də əhalinin gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsində istifadə olunur.
Qiymət haqqında ilkin məlumat bütün indekslərin hesablanmasının bazası hesab edilir. Fərdi indekslərin istinad göstəriciləri məhz onun əsasında formalaşır.
İstehlak malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri indeksinin hesablanması üçün informasiya bazası mağazaların, bazarların, ticarət və xidmət sferası müəssisələrinin məlumatları hesab olunur. Yəni qiymət və tariflərin qeydiyyatı malların satıldığı və xidmətlərin göstərildiyi yerdə aparılır.
Müayinə sferasına mülkiyyətin bütün növlərindən olan ticarət və xidmət müəssisələrində (dövlət, icarə, kommersiya, şəxsi ticarət məntəqələri və s., şəhər bazarları və yarmarkalar) satılan mallar və göstərilən xidmətlər daxil edilir.
Xidmət sferası üzrə baza müəssisələrinin seçilməsi zamanı əhaliyə daha çox çeşiddə xidmət göstərən müəssisələrə (məişət evləri, kompleks qəbul məntəqələri), eləcə də əhalinin daha çox istifadə etdiyi, bütün il ərzində fəaliyyət göstərən müəssisələrə üstünlük verilir.
Qiymətlərin qeydiyyatı və qiymət indekslərinin hesablanması ticarət növlərindən asılı olmayaraq hər ay aparılır.
Əhaliyə göstərilən pullu xidmətlərin ayrı-ayrı növlərinin qiymət və tariflərinin qeydiyyatı, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri üzərində müşahidə bütün mülkiyyət növlərindən olan xidmət müəssisələrində və fiziki şəxslərə xidmət edilən yerlərdə aparılır.
Qiymət və tariflərin qeydiyyatı konkret təmsilçi xidmət üzrə aparılır. Təmsilçi xidmətlər dəstinə əhalinin əsas kütləsi tərəfindən daha tez-tez istifadə olunan xidmətlər daxil edilir. Seçimin əsasında əhalinin yaşayış fəaliyyətinin sosial şərtlərini təmin edən mühüm xidmətlərin qiymət və tariflərinin dəyişməsi prosesini daha obyektiv əks etdirmə prinsipi durur.
Qiymət və tariflərin müşahidəsi və qeydiyyatı əhalyə göstərilən pullu xidmətlərin aşağıdakı növlərinə əsasən aparılır: 1) məişət; 2) mənzil-kommunal təsərrüfatı; 3) mədəniyyət; 4) pullu təhsil; 5) sərnişin nəqliyyatı və rabitə; 6) turist-ekskursiya; 7) səhiyyə; 8) sanatoriya-kurort və sağlamlıq; 9) hüquqi xarakterli və bank müəssisələri; 10) bədən tərbiyəsi və idman.
Pullu xidmətlərin alt sahələrinə (növlər) sosial əhəmiyyətliliyi və istehlak xarakteri nəzərə alınaraq mövcud xidmət növünün reprezentativliyini təmin edən təmsilçi-xidmətlərin nomenklaturası daxil edilir.
Müşahidə və qeydiyyat nəticəsində qiymət və tariflər haqqında alınmış məlumatlardan istehlak qiymətləri indeksinin qurulmasında və qiymət səviyyələrinin təhlilində istifadə edilir.
3.6. Sənaye məhsulları istehsalçılarının qiymət indeksi (SQİ) - sənaye məhsulları istehsalçılarının qiymətlərinin dəyişməsi dinamikasını səciyyələndirir. İstehsalçı müəssisələr tərəfindən buraxılan təmsiledici əmtəələrin qiymətlərinin qeydə alınması yolu ilə bu qiymətlərin dəyişməsi üzərində aparılan müşahidə əsasında müəyyənləşdirilir. Sənaye məhsulları istehsalçılarının qiymət indeksi baza sənaye müəssisələri və təşkilatlarının təmsilçi mallarının qiymət qeydiyyatı əsasında hesablanılır. Qeydiyyata cari ayda istehsal olunan və yüklənən məhsulun faktiki qiymətləri götürülür (əlavə dəyər vergisi, aksiz və topdansatış qiymətlərinə aid olmayan digər vergiləri daxil etməməklə).
Sənaye məhsulları istehsalçılarının qiymət indeksi həm məhsullar, həm də iqtisadi fəaliyyət növlərinə görə qiymət indekslərinin hesablanmasına imkan verən beynəlxalq metodologiyaya uyğun işlənir. Qiymət yığımı üçün seçilmiş əmtəələr genişləndirilmiş və onrəqəmli sənaye məhsullarının statistik təsnifatı sistemi üzrə, müəssisələr isə genişləndirilmiş beşrəqəmli iqtisadi fəaliyyət növləri təsnifatı (İFNT) sistemi əsasında iqtisadi fəaliyyətinə görə kodlaşdırılır.
İqtisadi fəaliyətə əsaslanan SQİ istehsalçıların qiymət dəyişikliklərini qlobal qiymətləndirdiyi üçün əsas sayılır və əmtəələr üzrə bir sıra indekslər konkret əmtəələr və yaxud əmtəə qruplarının qiymət dəyişiklikləri göstəriciləri kimi istifadə olunur. Hər ay iqtisadi fəaliyyət növləri təsnifatının C, D, E (hasiledici, emaledici, energetika) seksiyaları və alt seksiyaları üzrə 17 indeks və onların dinamika sıraları hesablanılır və hər ay ölkənin sənaye müəssisələrində istehsal olunan məhsulların orta çəkili qiymətlərindən ibarət kompüter baza məlumatı formalaşdırılır.
Toplu indeksin hesablanmasında dəyər çəkilərinin rekursiv hesablanma sistemi ilə modifikasiya olunmuş Laspeyres düsturundan istifadə olunur.
3.7. Satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi (1-KTQİ) - kənd təsərrüfatı müəssisələrinin müxtəlif istehlakçılar üçün satdıqları kənd təsərrüfatı məhsullarının ayrı-ayrı növ və qrupları üzrə qiymət dəyişikliklərinin, onların satdıqları məhsulların və əldə etdikləri istehsal vasitələrinin və xidmətlərinin qiymət nisbətinin müqayisəli təşkili üçün istifadə edilir.
Kənd təsərrüfatı məhsullarının qiymət indeksi satış şərtlərinin xarakteristikasının təhlili, kənd təsərrüfatı məhsulu istehsalçılarının gəlirlərindəki dəyişikliklərdə qiymət amilinin rolunun aşkar edilməsi üçün istifadə olunur və kənd təsərrüfatı məhsulu istehsalının həcminin sabit qiymətlərlə qiymətləndirilməsi üçün makro səviyyədə proqnozların verilməsi və müxtəlif iqtisadi hesablamaların aparılmasında tətbiq edilir.
Qiymətlərin qeydiyyatı üçün təmsilçi-malların seçilməsi iki məqsəd üçün aparılır:
- kənd təsərrüfatı məhsullarının ayrı-ayrı növlərinin orta qiymətlərinin müəyyən edilməsi;
- seçilmiş əmtəə növlərinə görə qiymət indekslərinin, bitkiçilik və heyvandarlıq məhsullarının əmtəə qrupları üzrə və ümumilikdə kənd təssərrüfatı məhsulları üzrə məcmu qiymət indekslərinin hesablanması.
Kənd təsərrüfatı məhsullarındakı qiymət dəyişiklikləri üzrə müşahidə bazis kənd təsərrüfatı müəssisələrinin seçmə şəbəkəsi üzrə həyata keçirilir.
Baza təsərrüfatlarının tərkibində mülkiyyət və təşkilati-hüquqi formalarına görə müxtəlif təşkilatlar təmsil olunur. Cari ayda müxtəlif kanallar üzrə satılmış məhsulun nəqliyyat, qablaşdırma, yükləmə və boşaltma xərcləri, ƏDV, dotasiyalar, subsidiyalar, satışdan vergi çıxılmaqla keyfiyyətə görə əlavə və güzəştlər nəzərə alınmaqla faktiki qiymətlərlə qeydiyyata alınır. Müşahidəyə istehsal və emaledici müəssisələr tərəfindən şəxsi ticarət şəbəkəsi vasitəsi ilə bazarda, bilavasitə nəqliyyat vasitələri ilə əhaliyə yarmarka, auksion və birjalarda barterlə kommersiya strukturları və təşkilatlarına satdıqları məhsul daxil edilir.
Təmsilçi malların qiymət indekslərinin qurulması zamanı bazis çəkilər kimi, hər bir kənd təsərrüfatı müəssisəsi üzrə satılan məhsulun miqdarı haqqında məlumatdan istifadə olunur.
Bütövlükdə, kənd təsərrüfatı, bitkiçilik və heyvandarlıq məhsullarının, həmçinin əmtəə qrupları üzrə məcmu qiymət indekslərinin formalaşdırıldığı zaman bazis çəkilər kimi müşahidədə iştirak edən satılmış məhsulun həcmi haqqında dəyər məlumatlarından istifadə edilir.
Konkret məhsul növləri üzrə hesablanmış fərdi qiymət indeksləri bazasında məcmu qiymət indeksləri müəyyən edilir.
Satılmış kənd təsərrüfatı məhsullarının məcmu istehsalçı qiymətləri indeksi aqreqasiyanın müxtəlif səviyyəli qrupları üzrə hesablanır:
- əmtəə qrupları üzrə;
- bitkiçilik və heyvandarlıq məhsulları üzrə;
- ümumilikdə kənd təsərrüfatı məhsulları üzrə.
Təmsilçi-malların qiymət indeksləri bazis dövründə satılan məhsulun miqdarı və müşahidə olunan konkret məhsul növlərinin fərdi qiymət indeksləri haqqında məlumatlara əsasən formalaşır.
Təmsilçi-malların qiymət indekslərinin hesablanması üçün Laspeyres düsturundan istifadə edilir.
3.8. Kənd təsərrüfatı məhsullarının satış qiymətlərinin indeksi qəbul edilmiş baza ilə müqayisədə hesabat dövründə kənd təsərrüfatı məhsullarının satış qiymətlərinin dəyişməsi dinamikasını öyrənmək üçün istifadə olunan göstəricidir. Bu göstərici cari hesabat dövründə məhsul satışının (müxtəlif kanal və məhsullar üzrə) natural həcmi, cari və baza dövründə satılmış məhsulların faktiki qiymətlərindən (əlavə dəyər vergisi daxil edilmədən, dotasiya, alış qiymətlərinə əlavə ödənişlər daxil edilməklə və onlarsız) istifadə edilməklə, kənd təsərrüfatı müəssisələri üçün nəzərdə tutulmuş dövlət hesabatının dövriliyinə müvafiq olaraq hesablanır. Kənd təsərrüfatı məhsullarının satış qiymətlərinin indeksi iki indeks qrupundan ibarətdir: bitkiçilik məhsullarının satış qiymətlərinin indeksi və heyvandarlıq məhsullarının satış qiymətlərinin indeksi.
Birinci qrupda 14 indeks (növlər üzrə dənli bitkilər, yağlı bitkilər, xam pambıq, şəkər çuğunduru, növlər üzrə tərəvəz, çəyirdəkli meyvələr, mədəni giləmeyvə, üzüm, bostan məhsulları, tütün, çay yarpağı) hesablanır. Heyvandarlıq məhsullarının satış qiymətlərinin indeksi isə 6 indeksdən ibarətdir (növlər üzrə mal-qara və quşlar, süd və süd məhsulları-bazis yağlı südə hesablanmaqla, yumurta, yun, qaragül və quzu dərisi, barama). Ayrı-ayrı məhsul növlərinin satış qiymətlərinin hesabat dövründə bazis dövrünə nisbətən dəyişməsini hesablamaq üçün aşağıdakı fərdi qiymət indeksindən istifadə edilir:
Burada P1 və P0 müvafiq olaraq hesabat ilində və baza ilində həmin məhsulun satış qiymətini göstərir. Mal qrupları üzrə qiymət indeksini hesablamaq üçün isə aqreqat indeksi metodundan istifadə edilir:
Burada P1 və P0 eyni növdən olan kənd təsərrüfatı məhsulunun orta satış qiymətini, Q1 eyni növdən olan məhsulun hesabat dövründə satılmış miqdarını göstərir.
3.9. Yükdaşıma tariflərinin indeksləri - ayrı-ayrı nəqliyyat növlərinin yükdaşıma tariflərinin dəyişmə templərinin qiymətləndirilməsi və həmçinin ümumi daxili məhsulun (ÜDM) artma (azalma) tempinin hesablanması, istifadə olunan deflyator indekslərinin və digər makroiqtisadi göstəricilərin müəyyən edilməsi üçün nəzərdə tutulmuşdur. Onlar nəqliyyat müəssisələrinin müxtəlif nəqliyyat növləri vasitəsilə yükdaşımalardan əldə etdikləri gəlirlərdəki qiymət (tarif) amilinin xarakterizə edilməsi üçün istifadə edilir. Yükdaşıma tarifləri indeksləri makro səviyyədə proqnozların verilməsi və müxtəlif iqtisadi hesablamaların aparılmasında tətbiq edilir. Yükdaşıma tarifləri indeksləri müxtəlif əlamətlərə - yükün növünə, göndərmənin ölçüsünə, çatdırma vaxtına, daşınma məsafəsinə, daşınma ərazisinə, hərəkət edən tərkibin növünə, yükqaldırma səviyyəsinə və s. görə daşınan yüklərin strukturundakı dəyişiklikləri nəzərə almadan hesabat dövrü üzrə onların dəyişmələrini müəyyən etməyə imkan verir.
Bütün nəqliyyat növlərinin yükdaşıma tariflərinin məcmu indeksi dəmir yolu, boru kəməri, dəniz, avtomobil və hava nəqliyyatı növlərinin yükdaşıma tariflərinin indeksləri əsasında müəyyən edilir.
Hər bir nəqliyyat növü üzrə yükdaşıma tariflərinin qeydiyyatı təmsilçi xidmətlər üzrə əlaqə növləri arasında aparılır.
Yükdaşıma tariflərinin dəyişməsi və səviyyəsi üzərində müşahidə üçün baza nəqliyyat müəssisələri onların ümumi sayından seçmə yolu ilə 2 mərhələdə götürülür.
Ərazi səviyyəsində boru-kəməri nəqliyyatı vasitəsilə yüklərin nəqlini həyata keçirən müəssisələr seçilir. Həmçinin dəmir yolu nəqliyyatından yükdaşıma tariflərinin qeydiyyatı aparılacaq dəmir yollarının siyahısı müəyyən edilir.
Qeydiyyata əlavə dəyər vergisi (ƏDV), aksiz və digər vergilər nəzərə alınmadan fəaliyyətdə olan faktiki yükdaşıma tarifləri alınır.
Yükdaşıma tariflərinin məcmu indekslərinin formalaşdırılması zamanı çəkilər kimi bazis dövrünə görə nəqliyyat növləri üzrə yükdaşımalardan gələn gəlirlər haqqında məlumatlardan istifadə edilir.
Yükdaşıma tarifləri indekslərinin hesablanmasını zəncirvari metodla həyata keçirmək daha məqsədəuyğundur.
Zəncirvari metoddan istifadə zamanı aylıq tarif indeksi təmsilçi xidmətin hesabat ayında olan tarifinin əvvəlki ayın tarifinə gətirilməsi yolu ilə müəyyən edilir. Uzunmüddətli dövr üçün tarif indeksləri aylıq tarif indekslərinin vurulması yolu ilə müəyyən edilir.
Yükdaşıma tariflərinin məcmu aylıq indeksləri aqreqasiyanın müxtəlif səviyyələri ilə hesablanır:
- ayrı-ayrı əlaqə növləri üzrə;
- ayrı-ayrı nəqliyyat növləri üzrə;
- bir neçə nəqliyyat növü üzrə;
- bütövlükdə yükdaşımalar üzrə.
Laspeyres düsturu vasitəsilə konkret nəqliyyat növü üzrə yükdaşıma tariflərinin məcmu aylıq indeksləri hesablanılır. Bu indeksin hesablanması üçün aylıq tarif indekslərindən və konkret nəqliyyat növünün bütün əlaqə növlərində olan yükdaşımalardan əldə edilən gəlirin həcmi haqqında məlumatlardan istifadə edilir. Bütövlükdə yükdaşımalar və bir neçə nəqliyyat növü üzrə tariflərin məcmu aylıq indeksləri bazis dövründə bütün və yaxud bir neçə nəqliyyat növü ilə yükdaşımalardan əldə edilən gəlirlərin (hesabat və əvvəlki ayın tarifləri ilə olan) bölünməsi yolu ilə alınır.
3.10. Hüquqi şəxslər üzrə rabitə xidmətlərinin tarif indeksləri - müxtəlif mülkiyyət növlərindən olan rabitə müəssisə və təşkilatlarının hüquqi və fiziki şəxslərə göstərdikləri rabitə xidmətləri üzrə tarif indeksləri həmin müəssisə və təşkilatların rabitə xidmətlərindən əldə etdikləri gəlirlərin dəyişməsini səciyyələndirən nisbi göstəricidir.
Poçt və rabitə müəssisələrində iqtisadi proseslərin gedişini izləmək və statistik araşdırmaq, tariflərin səviyyəsi və dinamikasını öyrənmək üçün indekslərdən geniş istifadə olunur. Bu göstərici dövlət əhəmiyyətli məsələlərin həllində zəruri məlumatların toplanmasına kömək edir, makro səviyyədə proqnozların verilməsi və müxtəlif hesablamaların aparılmasında tətbiq edilir.
Poçt və rabitə statistikasında müşahidə obyekti natura və dəyər ifadəsində poçt və rabitə xidmətlərinin həcmi, rabitə şəbəkələri və vasitələridir. Statistik müşahidə vahidi kimi poçt və rabitə müəssisələri (təşkilatı, idarəsi və s.), rabitə texniki vasitələrini istismar edərək poçt və rabitə xidmətləri göstərən digər müəssisələr götürülür.
Müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatlarda tarif indeksləri hesablanarkən müəssisə və təşkilatların göstərdikləri xidmətlərin tarifləri əsas götürülür.
Tarif indekslərinin qurulması aşağıdakı mərhələlərdən ibarətdir:
- poçt və rabitə fəaliyyəti ilə məşğul olan bazis müəssisələrinin və təmsilçi xidmət növlərinin seçilməsi;
- tariflərin qeydiyyat qaydasının təyin edilməsi;
- müxtəlif aqreqasiya səviyyələrinin məcmu qiymət indekslərinin hesablanması üçün göstəricilərin ölçülməsi sisteminin seçilməsi.
Tarif indekslərinin hesablanması düsturunun seçilməsi. Təmsilçi - xidmət növlərinin tarif indekslərinin hesablanması zamanı bazis çəkiləri kimi, hər bir rabitə müəssisəsi üzrə istifadə edilən xidmət növlərinin sayı haqqında məlumatlardan istifadə edilir.
İndekslər adətən hesabat ayına, keçən ilin müvafiq ayına, cari ilin əvvəlki ayına, dekabr ayına, hesabat dövrünün əvvəlindən və keçən ilin müvafiq dövrünə görə hesablanır.
Hüquqi şəxslər üçün rabitə xidmətləri üzrə tarif indeksləri hesablanarkən göstərilmiş xidmət növlərinin tarifləri əsas götürülür.
Məcmu tarif indeksləri aqreqasiyanın müxtəlif səviyyələri üzrə hesablanır:
- xidmət qrupları üzrə;
- rabitə alt sahələri üzrə;
- ümumilikdə rabitə sahəsi üzrə.
Rabitə xidmətləri tariflərinin məcmu indekslərinin hesablanması üçün aşağıdakı məlumatlardan istifadə edilir:
- müşahidə olunan xidmət növlərinin tarif indeksləri;
- bazis dövrünün çəki strukturu (ayrı-ayrı xidmət növlərinin natura və dəyər ifadəsində həcmi).
Rabitə xidmətləri üzrə məcmu tarif indekslərinin hesablanması üçün dəyər çəkilərinin rekursiv sistemlə hesablandığı modifikasiya olunmuş Laspeyres düsturundan istifadə edilir.
Hesablanmanın rekursiv sisteminin mahiyyəti ondan ibarətdir ki, hesabat ayına əvvəlki aya nisbətən məcmu tarif indeksi hesablanarkən, çəkilər kimi bazis dövrünün əvvəlki ayın tarifinə əsasən çəkisindən istifadə edilir.
Məcmu indekslərin hesablanmasında fərdi indekslərdən istifadə edilməsi ayrı-ayrı xidmət növlərinin tariflərinin dəyişməsini göstərir və məcmu indekslərin yaranmasında onların rolunu aydın təsvir etməyə imkan yaradır.
3.11. İstehlak mallarının pərakəndə satış qiymətlərinin indeksləri baza ilində bütün mülkiyyət formalarında olan rəsmi qeydiyyatdan keçmiş müəssisələrdən baza və hesabat dövrlərinin qiymətləri ilə əhaliyə satılmış bütün əmtəə kütləsinin Laspeyres düsturu ilə qiymətləndirilməsi yolu ilə müəyyənləşdirilir:
|
Pərakəndə satış qiymətlərinin indeksləri tərkibinə və istehlak təyinatına görə eyni olan istehlak mallarının müəyyənləşdirilmiş dəstinin qiymətlərinin hər ay qeydə alınması yolu ilə tərtib edilir; müəyyənləşdirilmiş dəst qruplarından hər birini təmsil edən konkret təmsiledici malları bilavasitə qeydiyyatçı mütəxəssislər (dövlət statistika orqanlarının işçiləri) yerli istehlak bazarının xüsusiyyətlərini nəzərə alaraq qiymətlərin səviyyəsi üzərində müşahidələr aparmaq üçün seçib ayırırlar.
Qiymətlər üzərində müşahidə ölkə daxilində - rayon və şəhərlərdə həyata keçirilir.
Müşahidə şəhərin (mərkəzin) işgüzar hissəsində, yaşayış massivlərində, şəhər kənarında və s. yerləşən istər iri, istər orta, istərsə də kiçik mağazalarda aparılır; onunla müxtəlif mülkiyyət formalarında olan (dövlət, bələdiyyə, kommunal, qeyri-dövlət – şəxsi, kooperativ, kommersiya-komisyon) mağazalar, habelə şəhər bazarları əhatə olunur. Müxtəlif mülkiyyət və təşkilati-hüquqi formalarında olan müəssisələr seçilərkən satışın həcmində onların nisbətinə riayət olunur. Qiymətlər hər həftə qeydə alınır.
Əmtəələrin qiymətləri üzərində aparılan müşahidələr əsasında iriləşdirilmiş qruplar üzrə əmtəələrin qiymətlərinin toplu indeksləri hesablanır. İndekslər hər ay əvvəlki aya, əvvəlki ilin müvafiq ayına, ilin əvvəlindən artan yekunla əvvəlki ilin müvafiq dövrünə və əvvəlki ilin dekabr ayına nisbətən hesablanır.
İstehlak mallarının qiymətlərinin aşağıdakı indeksləri hesablanır:
- toplu (şəhər bazarları da daxil edilməklə);
- pərakəndə satış;
- şəhər bazarları.
Pərakəndə satış qiymətlərinin aylıq toplu indeksləri hesablanarkən rekursiv metoddan – pərakəndə əmtəə dövriyyəsinin dəyişən strukturundan, yəni cari ilin müvafiq dövrünün qiymətlərinə çevirməklə baza dövrünün strukturundan istifadə edilir. Bu, strukturu hesabat qabağı dövrə (aya) daha çox yaxınlaşdırır. Belə ki, hesabat ayınadək başa çatmış dövrün qiymətlərinin dəyişməsinin müxtəlifliyini nəzərə alır, qiymətlərin baza və zəncirvari metodla hesablanmış toplu indekslərinə uyğunsuzluğu praktiki olaraq aradan qaldırmağa imkan verir.
3.12. Əsaslı tikintidə qiymət indeksi kapital qoyuluşunun texnoloji strukturunun elementləri üzrə müəyyənləşdirilir:
It.q.i = Ikg. Dkg+ Iav. Dav+ Idkg. Ddkg
Burada: Ikg, Iav, Idkg - tikinti quraşdırma işlərinə, maşın və avadanlıqlara, digər kapital işlərinə və xərclərinə qiymət indeksini;
Dkg, Dav, Ddkg - kapital qoyuluşunun texnoloji strukturunun elementlərinin onun ümumi həcmində xüsusi çəkilərini göstərir.
Tikinti-quraşdırma işlərinin qiymət indeksini müəyyən etmək üçün təmsiledici-obyektlər üzrə istifadə olunmuş resursların növlər üzrə qiymətlərinin qeydiyyatı həyata keçirilir.
Maşın və avadanlıqların qiymət indeksinin müəyyənləşdirilməsi ölkə avadanlıqlarına istehsalçının qiymətlərinin dəyişməsi haqqında məlumatlar əsasında həyata keçirilir.
Digər kapital işləri və xərcləri indeksinin hesablanması layihə-axtarış işlərinin qiymət indeksinin (hesabat dövründə layihə-axtarış işinin hər vahidinə əmək haqqı üzrə xərclərinin həmin göstəricinin bazis dövründəki səviyyəsinə nisbəti) müəyyənləşdirilməsinə, təmsiledici obyektlərdə qazma işlərinin qiymət indeksinə əsaslanır. Qalan digər kapital işləri və xərclərinin qiymət indeksi şərti olaraq vahidə bərabər götürülür. Müvafiq iş və xərclərin xüsusi çəkiləri ilə hesablanmış göstərilən indekslərin cəmi digər kapital işlərinə və xərclərinə qiymət indeksini təşkil edir.
|