English
Birinci səhifə Əlaqə 
 
Statistika haqqında Azərbaycan Respublikasının qanunu
Dövlət Statistika Komitəsi haqqında Əsasnamə
Təskilatın strukturu
Kadr siyasəti
İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı
Statistik işlərin dövlət proqramı
Statistikanın tarixi
Azərbaycan Dövlət Statistika Komitəsinin kitabxanası
 
Azərbaycan Rəqəmlərdə
Azərbaycanın regionları
Azərbaycanın makroiqtisadi göstəriciləri
Yeni iş yerləri
Ərzaq təhlükəsizliyi və balansları
Metodologiya
Statistik hesabatların formaları
  Dovlət Statistika Komitəsi haqqında >>
RƏSMİ STATİSTİKA HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Qəbul edilib: 18 fevral 1994-cü il, № 789

Dəyişikliklər və əlavələr:
16 may 2000-ci il tarixli, 879-I QD saylı
22 noyabr 2002-ci il tarixli, 382-II QD saylı
3 dekabr 2002-ci il tarixli, 386-II QD saylı
30 dekabr 2003-cü il tarixli, 568-II QD saylı
9 mart 2004-cü il tarixli, 603-II QD saylı
18 may 2004-cü il tarixli, 652-II QD saylı
23 dekabr 2005-ci il tarixli, 31-III QD saylı
20 oktyabr 2006-cı il tarixli, 167-III QD saylı
17 aprel 2007-ci il tarixli, 316-III QD saylı
1 fevral 2008-ci il tarixli, ................ saylı

Bu Qanun Azərbaycan Respublikasında rəsmi statistika sahəsində hüquqi münasibətləri tənzimləyir, dövlət statistika orqanlarının səlahiyyət və funksiyalarını müəyyən edir. Qanun Azəbaycan Respublikasının icra hakimiyyəti orqanlarına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının hüquqi şəxslərinə və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici hüquqi şəxslərin nümayəndəliklərinə, filiallarına, həmçinin Azərbaycan Respublikasının vətəndaşlarına və fiziki şəxslərinə şamil edilir.

Rəsmi statistika ölkə üzrə iqtisadi, demoqrafik, sosial və ekoloji sahələrin vəziyyəti haqqında dürüst və keyfiyyətli (reprezentativ) məlumatlarla dövlət idarəetmə orqanlarını, sosial və iqtisadi subyektləri, elmi dairələri, geniş ictimaiyyəti, beynəlxalq təşkilatları və digər istehlakçıları təmin edir.

I FƏSİL
ÜMUMİ MUDDƏALAR

Maddə 1. Əsas anlayışlar

Bu qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
rəsmi statistika – “Statistik işlər haqqında proqram” (bundan sonra proqram) çərçivəsində müvafiq məcmularda mövcud olan prosesləri xarakterizə etmək məqsədi ilə səlahiyyətli orqanların aldıqları məlumatlardır;
inzibati statistika – müvafiq normativ-hüquqi aktlar əsasında dövlət orqanları tərəfindən öz vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar istehsal olunan məlumatlardır;
dövlət statistika orqanları – mərkəzi və tabeçilik prinsipinə əsasən yerli statistika orqanlarıdır;
statistik vahidlər – bu Qanun əsasında rəsmi statistika üçün ilkin məlumatları təqdim edən, yaxud da statistiklər tərəfindən müşahidələrin aparılması, məlumatların toplanması və təhlili üçün müəyyənləşdirilmiş hüquqi və fiziki şəxslərdir;
rəsmi statistika materiallarının istehsalı – statistik məlumatların yığılması, işlənib hazırlanması, bazada yerləşdirilməsi, təhlili və yayılması üçün zəruri olan bütün fəaliyyətləridir;
məxfi statistik məlumatlar – rəsmi statistika materiallarının istehsalı üçün toplanan və birbaşa və ya dolayı yolla statistik vahidlərin tanınmasına və ilkin məlumatların aşkar olunmasına imkan verən məlumatlardır;
statistik məlumatların yayılması – əldə edilməsində tətbiq olunan forma və vasitələrdən asılı olmayaraq məxfi sayılmayan rəsmi statistik məlumatların istifadəçilərə verilməsidir.

Maddə 2. Azərbaycan Respublikasında rəsmi statistikanın məqsədi

Rəsmi statistikanın məqsədi statistik məlumatların rolunun artırılmasına, hüquqi və fiziki şəxslərin hüquqlarına hörmət edilməklə və ilkin məlumatlar məxfi saxlanılmaqla onların mənafeyinə xidmət etməkdir.
Rəsmi statistikanın əsas məqsədi ilkin məlumatların məxfiliyini təmin etməklə ölkədə sosial-iqtisadi vəziyyəti, elmi-texniki inkişafı, ölkə, region və sahə səviyyəsində qarşılıqlı təsərrüfat əlaqələrini, struktur dəyişikliklərini və istehsalın səmərəliliyini səciyyələndirən statistik məlumatlarla idarəetmə orqanlarının, iqtisadi subyektlərin, elmi işçilərin ehtiyaclarının ödənilməsindən ibarətdir.
Rəsmi statistikanın məqsədi statistik məlumatların obyektivliyinin və beynəlxalq standartlara uyğun olaraq müqayisəliliyinin təmin edilməsinə, icmal statistik materialların aşkarlığını təmin edən vahid statistik məlumatlandırma sisteminin yaradılmasına, bu Qanunun tələbləri çərçivəsində məlumatların yığılması, işlənməsi, bazada yerləşdirilməsi, ötürülməsi və yayılmasında istifadə edilən prinsip və metodların daim təkmilləşdirilməsinə, səmərəliləşdirilməsinə və rəsmi statistika sahəsində dünyanın qabaqcıl statistika ənənələri və elmi nailiyyətlərinin tətbiq edilməsinə yönəldilmişdir.
Rəsmi statistika vəziyyətin real əks etdirilməsini, məlumatların istifadəçilər arasında ədalətli yayılmasını, müvafiq icra hakimiyyəti orqanları üçün həlledici əhəmiyyəti olan amillərin seçilməsini, bununla yanaşı, bir tərəfdən xərclər və respondentlərə düşən yük arasındakı nisbəti, digər tərəfdən isə bu üstünlükləri nəzərə almaqla, hamı tərəfindən başa düşülən məlumatların əldə edilməsində vətəndaşların hüquqlarına hörmət edilməsini təmin etməlidir.

Maddə 3. Rəsmi statistika sistemi

Rəsmi statistika sistemi vahid, mərkəzləşdirilmiş ümumdövlət sistemidir.

Azərbaycan Respublikasında statistika sisteminin təşkili və onun fəaliyyətinin təmin olunması ilə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları və onların yerli orqanları məşğul olurlar. Yerli orqanlar yalnız yuxarı müvafiq icra hakimiyyəti orqanına tabedir.
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının mərkəzi icra orqanları sistemində fəaliyyət göstərir və respublikada rəsmi statistikanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılan “Statistik işlər haqqında proqram”a uyğun olaraq həyata keçirir. Həmin proqram idarəetmə orqanlarını, müəssisələri, təşkilatları və idarələri, işgüzar dairələri və ictimaiyyəti məlumatlandırmaq üçün müvafiq qaydada mütləq dərc edilməlidir. Proqramda mövcud ehtiyatlar, respondentlərə düşən yük və onun dəyəri nəzərə alınmaqla, Azərbaycan Respublikasının iqtisadi, demoqrafik, sosial və ekoloji sahələrinin vəziyyətinin öyrənilməsi ilə bağlı təşkil ediləcək statistik müşahidələr nəticəsində əldə olunacaq məlumatlar, məlumatların əldə olunması üçün hər bir elementin əhatəlilik, növ, dövrilik və mövzu əlamətləri əks etdirilir. Əgər başqa qayda nəzərdə tutulmayıbsa, müayinələr və siyahıyaalmalar proqram əsasında keçirilir və sorğu edilən statistik vahidlər müvafiq nəticələrin alınması üçün zəruri olan məlumatları verməlidirlər.
Maddə 4. Rəsmi statistika haqqında qanunvericilik

Rəsmi statistika haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 5. Dövlət statistika orqanlarının digər idarəetmə orqanları və beynəlxalq təşkilatlarla əlaqələri

Dövlət statistika orqanları digər idarəetmə orqanları ilə qarşılıqlı əlaqədə işləyir və onlar:

öz işinin nəticələri, hesabat sisteminin vəziyyəti, ölkədə və regionlarda baş verən iqtisadi və sosial proseslər haqqında müvafiq orqanlara müntəzəm məlumat verirlər;
ölkədə statistik materialların istehsalını təşkil edir, respondentlərin hesabatları statistika orqanları tərəfindən müəyyənləşdirilmiş vaxtda və qaydada təqdim edilməsinə, onların düzgünlüyünə nəzarəti həyata keçirirlər;
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyətinə aid olan məsələlər üzrə müəyyən olunmuş qaydada xarici ölkələrin statistika orqanları ilə və beynəlxalq təşkilatlarla beynəlxalq hüquq normalarına müvafiq əlaqələr yaradır, onlarla əməkdaşlıq haqqında müqavilələr bağlayır və bu sahədə Azərbaycan Respublikasını təmsil edir, beynəlxalq səviyyədə konfrans, müşavirə və seminarlar təşkil edir, habelə hökumətlərarası və qeyri-hökumət beynəlxalq təşkilatlarının təşkil etdikləri tədbirlərdə iştirak edir. Beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikasında iqtisadi, demoqrafik, sosial və ekoloji vəziyyətin başqa ölkələrdəki vəziyyətlə müqayisəsi üçün xarici ölkələrdən statistik məlumatlar alır.

II FƏSİL
DÖVLƏT STATİSTİKA ORQANLARININ VƏZİFƏLƏRİ VƏ HÜQUQLARI

Maddə 6. Dövlət statistika orqanlarının vəzifələri

Dövlət statistika orqanları öz səlahiyyətlərinə müvafiq surətdə aşağıdakı vəzifələri həyata keçirirlər:
1) Statistika Şurası ilə məsləhətləşmələrdən sonra bu Qanunun 3-cü maddəsinin üçüncü abzasına uyğun olaraq, proqramın layihəsini və proqramda nəzərdə tutulmuş statistik tədbirləri hazırlayır, təşkil edir və həyata keçirir;
2) proqramla digər orqanlara həvalə edilmiş rəsmi statistika materiallarının istehsalının və müşahidələrin qanunauyğun aparılmasına metodiki köməkliyi və beynəlxalq təcrübədə qəbul edilmiş standartlarla daha çox müqayisə oluna bilən metodologiyanın, təsnifatların və standartların işlənməsini həyata keçirirlər;
3) proqramın yerinə yetirilməsinə dair illik hesabatı müvafiq icra hakimiyyəti orqanına təqdim edir və bu hesabatı nəşr etdirirlər;
4) Azərbaycan Respublikasının və onun regionlarının icra hakimiyyəti orqanlarını proqrama uyğun olaraq sosial-iqtisadi vəziyyətə dair zəruri statistik məlumatlarla təmin edirlər;
5) statistik vahidlərdən yığılmış zəruri məlumatlar əsasında ölkə və regionlar üzrə ümumiləşdirilmiş və qruplaşdırılmış nəticələri tərtib edirlər, statistik məcmuələr, bülletenlər, icmallar, mətbu-buraxılışlar və digər statistik materiallar nəşr edirlər, onları istifadəçilər arasında yayırlar, ictimaiyyətdə maraq doğuran icmal statistik məlumatları mətbuatda dərc etdirirlər;
6) istifadəçilər tərəfindən statistik nəticələrin səhv şərh edilməsi hallarının qarşısının alınması məqsədi ilə onlara izahlar verir, kütləvi informasiya vasitələrində çıxışlar edirlər;
7) statistik məlumatların doğruluğunu və obyektivliyini, baş verən sosial-iqtisadi hadisələrə və proseslərə onların tam uyğunluğunu, keyfiyyətliliyini və vaxtında toplanmasını, habelə statistik sirr sayılan məlumatların qorunmasını təmin edirlər;
8) rəsmi statistikanın əhəmiyyətinin geniş ictimaiyyətə izah olunmasını təşkil edirlər;
9) statistika sahəsində işləyən mütəxəssislərin ixtisas və biliklərinin yüksəldilməsini təşkil edirlər;
10) hüquqi şəxslərin və fərdi sahibkarların dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanlarından (vergi orqanlarından - red.) alınmış və digər məlumatlar əsasında statistik vahidlərin Dövlət registrini tərtib edir və aparırlar;
11) beynəlxalq təcrübədə tətbiq olunan təsnifatlar əsasında və Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələbləri nəzərə alınmaqla, statistik işlərin təşkili üçün zəruri texniki-iqtisadi və sosial məlumatların milli təsnifatlarını hazırlayırlar;
12) hüquqi şəxslərin, dövlət orqanlarının və vətəndaşların müraciətləri əsasında məlumatlar bankında onların özlərinə aid olan məlumatları təqdim edirlər;
13) dövlət statistika hesabatlarını təqdim edən hüquqi və fiziki şəxsləri hesabat formaları və onların tərtibinə dair təlimatlarla pulsuz təmin edir, onları statistik hesabatların təqdim olunma vaxtı, dövriliyi və digər zəruri tələblər haqqında məlumatlandırırlar.

Dövlət statistika orqanları əldə edilmiş məlumatlardan ayrı-ayrı hüquqi, yaxud fiziki şəxslərə qarşı qərarlar qəbul edilməsində istifadə olunması kimi statistik məqsədlərə aidiyyatı olmayan heç bir vəzifəni yerinə yetirmirlər.

Proqramda başqa hallar nəzərdə tutulmayıbsa, dövlət statistika orqanları rəsmi statistika materiallarının proqramda göstərilmiş müddətdə istehsalına görə cavabdehdirlər.

Maddə 7. Dövlət statistika orqanlarının hüquqları və səlahiyyətləri

Dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquq və səlahiyyətlər verilir:

1) Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərdən, Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının hüquqi şəxlərindən və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici hüquqi şəxslərin nümayəndəliklərindən, filiallarından, həmçinin Azərbaycan Respublikasının vətəndaşlarından və fiziki şəxslərindən haqqı ödənilmədən, qanunvericilik aktlarına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada, həcmdə və müddətlərdə dolğun və etibarlı statistik məlumatları almaq;
2) məlumatların təhrif edilməsi halları aşkara çıxarıldığı zaman hesabatlarda düzəliş etmək və bu haqda statistik vahidlər tərəfindən yerinə yetirilməsi məcburi olan tapşırıqlar vermək;
3) rəsmi statistikanın aparılması üçün məlumatlar təqdim etməyən, yaxud məlumatları gecikdirilməklə və ya təhriflə təqdim edən, statistik sirri yayan şəxslər barəsində qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək;
4) ölkədə statistikaya dair vahid metodologiyanı tətbiq etmək, rəsmi statistika hesabatlarının formalarını işləyib hazırlamaq, hesabatların toplanması və təqdim olunmasının vaxtını və qaydalarını müəyyənləşdirmək (ətraf mühitin mühafizəsi sahəsində və əməyin mühafizəsi üzrə dövlət statistikasının aparılması qaydaları istisna olmaqla);
5) statistik hesabatları təsdiq və ləğv etmək, hesabatların təkmilləşdirilməsi işlərini əlaqələndirmək;
6) qanunvericiliyə uyğun bağlanmış müqavilələr əsasında, haqqı dövlət büdcəsinə ödənilməklə hüquqi və fiziki şəxslərə proqrama daxil olmayan statistik xidmətlər göstərmək;
7) hazırlanmış statistika materiallarının (külliyatların), proqramda nəzərdə tutulmayan və əlavə olaraq hazırlanan məlumatların, icra, qanunvericilik və məhkəmə orqanları, kütləvi informasiya vasitələri istisna olmaqla istifadəçilərə müəyyən olunmuş qaydada, haqqı ödənilməklə satışını təşkil etmək;
8) bu Qanunla və digər normativ-hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada rəsmi statistika materiallarının istehsalına və hesabat formalarının doldurulmasına dair normativ-hüquqi aktları qəbul etmək;
9) hüquqi şəxslərin və fərdi sahibkarların dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanlarından (vergi orqanlarından - red.) statistik vahidlərin Dövlət registrinin tərtib edilməsi və aparılması üçün zəruri olan məlumatları almaq.

III FƏSİL
STATİSTİKA ŞURASI

Maddə 8. Statistika Şurası

Statistika Şurası (bundan sonra - “Şura”) proqramın hazırlanması, həyata keçirilməsi və statistikanın təşkili, inkişafı və fəaliyyət göstərməsi üzrə məsləhətlərin verilməsi məqsədi ilə yaradılır. Şura müvafiq icra hakimiyyəti orqanı yanında, ictimai əsaslarla fəaliyyət göstərir və əsasən aşağıdakı funksiyaları yerinə yetirir:

- proqramın hazırlanmasına dair təklif və tövsiyələrin verilməsini;
- proqramın həyata keçirilməsi məsələləri ilə bağlı məsləhətlərin verilməsini;
- Azərbaycan Respublikasında rəsmi statistikanın ardıcıl inkişafı üzrə tövsiyələrin hazırlanmasını;
- statistik məlumat istifadəçilərinin statistikaya dair irad, rəy və təkliflərinə baxaraq müvafiq icra hakimiyyəti orqanına tövsiyələr verilməsini.

Şuranın işi aşkarlıq şəraitində həyata keçirilir. Şuranın tövsiyələri geniş ictimaiyyətə çatdırıla bilər.

Şuranın tərkibinə statistika, maliyyə, iqtisadiyyat, vergi, gömrük orqanlarının, bankların, həmkarlar ittifaqları birliklərinin, sahibkarların ictimai birliklərinin, təhsil və elmi-tədqiqat idarələrinin və statistik məlumatların istifadəçilərinin nümayəndələri daxil edilirlər.

Şuranın üzvləri müvafiq icra hakimiyyəti orqanının qərarı ilə 5 il müddətinə təsdiq edilir.

IV FƏSİL
RƏSMİ STATİSTİKANIN PRİNSİPLƏRi VƏ MÜSTƏQİLLİYİ

Maddə 9. Prinsiplər

Rəsmi statistikanın keyfiyyətliliyini və ictimaiyyətin statistikaya inamını təmin etmək üçün bu sahədə proqramların həyata keçirilməsi üzrə işlərin təşkili və aparılması statistika məlumatlarının düzgünlük, obyektivlik, müasir şəraitə uyğunluq, məxfilik və şəffaflıq prinsipinə əsaslanır.

Maddə 10. Rəsmi statistikanın müstəqilliyi

Dövlət və qeyri-hökumət təşkilatlarının dövlət statistika orqanlarının səlahiyyətlərinin həyata keçirilməsinə müdaxiləsi yolverilməzdir və onlara öz xidməti vəzifələrinin yerinə yetirilməsində təsir göstərmirlər.

Proqramın həyata keçirilməsi, xüsusən də məlumat mənbələrinin, statistik metodların seçilməsi və məlumatların yayılması prosesi, onun məzmunu, forması, vaxtı və statistik məlumatların məxfiliyinin təmin olunması zamanı dövlət statistika orqanları müstəqildirlər və kənar təşkilatlardan bu işlərə dair göstəriş və təlimatlar qəbul etmirlər.

V FƏSİL
RƏSMİ STATİSTİKANIN İNZİBATİ STATİSTİKA İLƏ ƏLAQƏLƏRİ

Maddə 11. Statistika müşahidələri

Rəsmi statistik məlumatlar başdan-başa və yaxud seçmə müşahidələr yolu ilə toplanır. Bu müşahidələr müntəzəm və dövrü statistik hesabatlardan, birdəfəlik uçotaalmalardan, müxtəlif siyahıyaalmalardan, sorğulardan, müayinələrdən ibarətdir.

Dövlət (region) statistika müşahidələri aparılan zaman, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, statistik müşahidələrin növü, metodologiyası, proqramları və obyektləri, həmçinin rəsmi statistikanın aparılması üçün bütün mənbələrdən məlumatların alınması, inzibati registrlərdən və ya dövlət statistika orqanlarının məlumatları əsasında aparılan qiymətləndirmələrdən istifadə edilməsi, beynəlxalq təşkilatların və Şuranın tövsiyələri nəzərə alınmaqla dövlət statistika orqanları tərəfindən müəyyən edilir. İstifadə olunacaq mənbənin seçilməsinə dair qərar qəbul edilərkən onun keyfiyyətinə, məlumatların vaxtında təqdim edilməsinə, xərclərə və bununla əlaqədar respondentlərə düşən yükə xüsusi diqqət yetirilir.

İqtisadi siyahıyaalmalar və əhalinin ümumrespublika siyahıyaalınmasının həyata keçirilməsi normativ aktlara uyğun aparılır. Onların yerinə yetirilməsi üçün dövlət statistika orqanlarında işləməyən şəxslər, müvafiq icra hakimiyyəti orqanının qərarlarında müəyyən edilmiş şərtlər əsasında cəlb edilirlər.

Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar.

Rəsmi statistika materiallarının istehsalı üçün məlumatların təqdim olunmasına cəlb edilmiş statistik vahidlərin müayinə və siyahıyaalmanın məqsədi, əhatə dairəsi, statistik məlumatların məxfiliyinin təmin edilməsi üçün təminat, həmçinin bu barədə öz səlahiyyət və vəzifələri haqqında məlumat almaq hüququ vardır.

Başdan-başa siyahıyaalmalarda məlumatların təqdim edilməsi üzrə öhdəlik (vəzifə) müvafiq məcmu çərçivəsində əhatə dairəsinin müəyyən meyarlarına cavab verən bütün statistik vahidlərə şamil edilir. Seçmə müayinələrdə bu öhdəlik yalnız seçmə planı əsasında müəyyən edilmiş vahidlərə aid edilir. Seçmə planı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və respondentlərin təmsilçiliyinin və onlara düşən yükün azaldılması məqsədinə xidmət edir.

Maddə 12. Azərbaycan Respublikasında statistik vahidlər registrinin və təsnifatların aparılması

Azərbaycan Respublikasında statistik məlumatların beynəlxalq müqayisəliliyini təmin etmək üçün beynəlxalq təsnifatlarla uzlaşdırılmış və yerli şəraitə uyğunlaşdırılmış texniki-iqtisadi və kommersiya məlumatlarının statistik təsnifatları (TİKMST) yaradılır və aparılır.

Azərbaycan Respublikası ərazisində məlumatların mübadiləsini aparan bütün hüquqi və fiziki şəxslər mütləq statistik təsnifatlardan (məlumatların kodlaşdırılmasından) istifadə etməlidirlər.

Statistik təsnifatların aparılması, yenilərinin yaradılması və köhnələrinin ləğv edilməsi qaydası “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Azərbaycan Respublikası ərazisində rəsmi statistikanı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən statistik məlumatları əks etdirən statistik vahidlərin Dövlət registri aparılır, orada təsərrüfatçılıq-sahibkarlıq fəaliyyəti göstərən və qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul olan hüquqi və fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyətini, əsas və qeyri-əsas fəaliyyətini səciyyələndirən ünvan və statistika göstəriciləri əks etdirilir.

Maddə 13. İnzibati statistik məlumatlara giriş

Statistik vahidlərdən alınan məlumat yükünü azaltmaq, onların yığılmasında təkrarçılığa yol verməmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları topladıqları, işlədikləri və özlərinin məlumat bazalarında yerləşdirdikləri inzibati statistik məlumatlara, məlumatlar registrlərinə və digər fayllara rəsmi statistika materiallarının hazırlanması üçün dövlət statistika orqanlarının girişini zəruri olan səviyyədə, həcmdə və vaxtda təmin edirlər və proqramla müəyyənləşdirilmiş vaxtda və formada məlumatları onlara təqdim edirlər.

Maddə 14. Rəsmi statistikanın inzibati statistika ilə əlaqələri

Bu Qanun inzibati statistika materiallarının istehsalı üçün hüquqi baza yaratmır. Paralelçiliyə yol verməmək, ikiqat işdən qaçmaq, vahid təsnifat və metodlardan istifadəni və əldə edilmiş nəticələrin rəsmi statistikaya uyğunluğunu təmin etmək məqsədi ilə onların statistika hesabatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İnzibati statistikanı aparmağı öhdəsinə götürmüş müvafiq icra hakimiyyəti orqanları rəsmi statistika ilə məşğul olan orqana onun müəyyən etdiyi vaxtlarda və həcmdə hesabat təqdim edirlər.

Dövlət statistika orqanları statistika məlumatlarını əldə etmək və onları (ətraf mühitin, əməyin mühafizəsi, kommersiya və dövlət sirləri ilə bağlı statistika məlumatları istisna olmaqla) yaymaq hüququna malikdir. Bununla əlaqədar olaraq dövlət statistika orqanlarının tələbi ilə inzibati statistika məlumatlarını ona təqdim etmək inzibati statistikanın istehsalçılarının vəzifəsidir.

VI FƏSİL
İLKİN STATİSTİK MƏLUMATLAR VƏ ONLARIN MƏXFİLİYİ

Maddə 15. İlkin statistik məlumatlar və onlardan istifadə edilməsi

İlkin statistik məlumatlar hüquqi və fiziki şəxslər haqqında ilkin məlumatları səciyyələndirir.

İlkin statistik məlumatlar mötəbər ilkin uçota əsaslanmalıdır və onlardan yalnız icmal statistik işlər, məcmuələrin tərtib edilməsi və sosial-iqtisadi təhlil üçün istifadə olunmalıdır.

Statistik məqsədlər üçün yığılan ilkin məlumatlar, məhkəmə qərarları əsasında verilmiş məlumatlar istisna olmaqla, başqa məqsədlər üçün istifadə oluna bilməz.

Maddə 16. Statistik sirr və hamı üçün açıq olan məlumatlar

Rəsmi statistikanın aparılması üçün yığılan, işlənən və məlumatlar bazasına daxil edilən, birbaşa və ya dolayı yolla statistik vahidlərin tanınmasına və beləliklə də, ilkin məlumatların əldə edilməsinə imkan verən hüquqi və fiziki şəxslərin ilkin statistik məlumatları konfidensial sayılır və statistik sirdir.

Statistik vahidin birbaşa tanınması onun adı, ünvanı və müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin köməyi ilə baş verir.

Dolayısı ilə statistik vahidlərin tanınması bu maddənin ikinci hissəsində qeyd olunan məlumatlardan əlavə, bu vahidlər haqqında digər məlumatlardan istifadə etməklə baş verə bilər. Statistik vahidin dolayı yolla tanınması imkanını müəyyənləşdirərkən həmin statistik vahidin tanınmasında istifadəsi mümkün olan bütün vasitələr nəzərə alınmalıdır.

Hüquqi və (və ya) fiziki şəxsin razılığı olmadan onlar haqqında məlumatların açıqlanması statistik sirr təşkil edən məlumatların aşkarlanması, yaxud yayılması hesab olunur.

Hamı üçün açıq, yəni ümumiləşdirilmiş yekun məlumatlar məxfi sayılmır.

Ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.

Maddə 17. Məxfi statistik məlumatlardan istifadə edilməsii

Respondentlər tərəfindən onlara aid məlumatlardan hər hansı bir məqsəd üçün istifadə olunmasına razılıq verilməyibsə, məxfi statistik məlumatlar bu Qanuna uyğun olaraq yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyi təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.

Maddə 18. Elmi tədqiqatlar

Alınması nəzərdə tutulmuş nəticələr ayrı-ayrı vahidlərin tanınmasını mümkün etmirsə, konkret elmi-tədqiqat layihələrinin həyata keçirilməsi üçün birbaşa tanınmaya imkan verməyən məxfi məlumatların əldə edilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilə bilər.

Belə məlumatların əldə edilməsinə yalnız o şərtlə icazə verilir ki, həmin elmi-tədqiqat layihələri çərçivəsində məxfi məlumatların qorunmasına təminat verilir.

Maddə 19. Məxfi statistik məlumatların əldə edilməsi

Öz xidməti vəzifəsinə görə rəsmi statistika sahəsində çalışanların məxfi statistik məlumatlara giriş dairəsi zəruri icmal materialların hazırlanması üçün kifayət edən səviyyə ilə məhdudlaşdırılır. Onların elmi-tədqiqat məqsədləri ilə əldə edilməsi də eyni qaydada məhdudlaşdırılır.

Maddə 20. Məlumatların qorunması üzrə tədbirlər

Dövlət statistika orqanları məxfi statistik məlumatların qanunazidd əldə edilməsinin, yayılmasının və ya istifadə olunmasının qarşısını almaq üçün zəruri olan inzibati, texniki və təşkilati xarakterli bütün tədbirləri həyata keçirirlər.

VII FƏSİL
MƏLUMATLARIN YAYILMASI

Maddə 21. Statistik məlumatların əldə edilməsi

Müvafiq icra hakimiyyəti orqanı açıq olan statistik məlumatların yayılmasına təminat verir və bunun nəticəsində bütün istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər.

İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.

Maddə 22. Məxfi statistik məlumatların yayılması

Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir.

Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.

VIII FƏSİL
DÖVLƏT STATİSTİKA ORQANLARI İŞÇİLƏRİ ÜÇÜN MƏHDUDİYYƏTLƏR VƏ ONLARIN SOSİAL MÜDAFİƏSİ

Maddə 23. Dövlət statistika orqanlarının maliyyələşdirilməsi və maddi-texniki təminatı

Dövlət statistika orqanlarının saxlanılması üçün vəsait dövlət büdcəsində nəzərdə tutulur.

Dövlət statistika orqanlarının, rəsmi statistika materiallarının istehsalının, statistika orqanlarına hesabat verən statistik vahidlərin statistik hesabat blankları və digər sənədlərlə təmin edilməsinin maliyyələşdirilməsi, maddi-texniki təminatı və onlara xidmət göstərilməsi Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Yerli statistika orqanları Proqramda nəzərdə tutulmamış əlavə gördükləri işlər həmin işləri gördürən təşkilatların vəsaiti hesabına ödənilir və bu vəsait dövlət büdcəsinə köçürülür.

Dövlət statistika orqanlarının maddi-texniki təminatı məsələlərini müvafiq icra hakimiyyəti orqanı həll edir.

Maddə 24. Dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi

Dövlət statistika orqanları işçilərinin sosial müdafiəsinə dövlət təminat verir.

Dövlət statistika orqanlarının işçiləri əməyin ödənilməsi fondu hesabına mükafatlandırılır və onlara müvafiq qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər verilir.

Maddə 25. Dövlət statistika orqanları işçiləri üçün məhdudiyyətlər

Dövlət statistika orqanları işçilərinin müəssisələrdə, idarələrdə və təşkilatlarda əvəzçilik üzrə işləməsi (elmi və müəllimlik fəaliyyəti istisna olmaqla), habelə hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır.

IX FƏSİL
STATİSTİKA HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT

Maddə 26. Statistika haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Statistika haqqında qanunvericiliyin pozulması qanunvericiliyə uyğun intizam, inzibati və cinayət məsuliyyətinə səbəb olur.

Maddə 27. Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə məsuliyyət

Rəsmi statistika materiallarının istehsalı üçün zəruri olan məlumatların təqdim edilməməsinə, yaxud vaxtında təqdim edilməməsinə, hesabatların təhrif edilməsinə, habelə inzibati mənbələrə girişi təmin etmədiklərinə görə cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Məsuliyyətə cəlb etmə hüquqi və fiziki şəxsləri statistik məlumatları təqdim etməkdən azad etmir.

Hüquqi və fiziki şəxslər statistika orqanlarına təhrif edilmiş məlumatların verilməsi və ya hesabatın təqdim edilməsi müddətlərinin pozulması nəticəsində yekun hesabatlara düzəlişlər edilməsi ilə əlaqədar dəymiş ziyanı müəyyən edilmiş qaydada müvafiq statistika orqanlarına ödəməlidirlər.

Maddə 28. Dövlət statistika orqanları işçilərinin məsuliyyəti

Dövlət statistika orqanlarının işçiləri, vəzifəli şəxsləri və rəsmi statistika müşahidələrinin aparılmasına cəlb edilən şəxslər statistik sirrin yayılmasına görə, rəsmi statistika müşahidələrinin aparılması vəzifələrini yerinə yetirməyə müəyyən olunmuş qaydada cəlb edilən şəxslər isə əsassız olaraq işi yerinə yetirməkdən imtina etməyə, yaxud onları vaxtında və keyfiyyətlə yerinə yetirməməyə görə müvafiq qaydada məsuliyyət daşıyırlar.

Öz xidməti vəzifələrinə görə statistik sirr sayılan məlumatlara girişə icazəsi olan şəxslər xidməti vəzifələrinə xitam verildikdən sonra da bu məlumatların yayılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar


  Əlaqə 
© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi