<< Geriyə  

kadr siyasəti

Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsinin
136/t nomrəli 24 avqust 2007-ci il
tarixli əmri ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində çalışan dövlət qulluqçularının etik davranış qaydaları

Azərbycan Respublikası Dövlət Statistika Komitəsində çalışan dövlət qulluqçularının etik davranış qaydaları “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin və rayon, şəhər statistika idarələrinin və şöbələrinin (bundan sonra Dövlət Statistika Komitəsinin) dövlət qulluqçusu hesab olunan əməkdaşı:
  1. öz vəzifə borclarını vicdanla və səmərəli yerinə yetirməyə borcludur;
  2. öz fəaliyyətini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində və peşəkarlıqla yerinə yetirməli, davranışı ilə statistika orqanlarına inamı artırmalı və möhkəmləndirməlidir;
  3. dövlət qulluqçusu adına xələl gətirə biləcək və statistika orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, dövlət qulluğu ilə bağlı məhdudiyyətlərə əməl etməlidir;
  4. insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunun aşağı salınmasına səbəb ola biləcək hərəkətlərə yol verməməlidir;
  5. xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin və digər dövlət qulluqçularının, o cümlədən öz həmkarlarının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olan məlumatların yayılmasına yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalıdır;
  6. bütün şəxslərlə, o cümlədən birbaşa rəhbəri və komitənin rəhbərliyi ilə, eləcə də tabeliyində olan şəxslərlə münasibətdə xeyirxah, nəzakətli, diqqətli və səbirli olmalıdır;
  7. birbaşa rəhbərinin və komitənin rəhbərliyinin yazılı əmrlərini, qərar və sərəncamlarını, eləcə də şifahi tapşırıqlarını yerinə yetirməlidir;
  8. birbaşa rəhbəri və komitə tərəfindən verilən yazılı, yaxud şifahi tapşırığın qanuna və digər normativ hüquqi akta zidd olmasına əmindirsə bu haqda yazılı əsaslandırma ilə birbaşa rəhbərinə, yaxud komitənin rəhbərinə müraciət edə, həmin əmr, sərəncam, qərar və tapşırığın qanuna zidd olmasına inanmaqda davam edərsə onun yerinə yetirilməsindən imtina edə bilər;
  9. xidməti vəzifələrini yerinə yetirən zaman siyasi bitərəfliyə əməl etməli, hər hansı əlamətlərə görə ayrı seçkiliyə və ayrı-ayrı şəxslər tərəfindən üstünlük əldə olunmasına yol verməməlidir;
  10. qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərə göstərilən xidmət müqabilində hər hansı formada haqq tələb edə biməz;
  11. qanunsuz maddi nemətlər, imtiyazlar və güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməli, maddi və qeyri-maddi nemətlər ondan asılı olmayan səbəb və şəraitdə verilərsə o, bu barədə birbaşa rəhbərinə məlumat verməlidir;
  12. xidməti vəzifəsinin icrasına təsir edə bilən və ya bu cür təəssürat yaradan hədiyyə və mükafatları qəbul etməməlidir;
  13. işlədiyi dövrdə qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməli, xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda həmin maraqların xarakteri barədə birbaşa rəhbərinə, yaxud komitənin rəhbərliyinə məlumat verməlidir;
  14. vəzifəyə qəbul edilərkən etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə üzrə normativ hüquqi aktlarla tanış olmalı, bu aktlara əməl edilməsi ilə bağlı hər hansı sual yarandığı hallarda birbaşa rəhbərinə, yaxud komitənin rəhbərliyinə müraciət etməlidir;
  15. istifadəsində olan maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən, inventar və avadanlıqlardan səmərəli istifadə etməlidir. Onlardan xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan məqsədlər üçün istifadə etməsi qadağandır;
  16. Dövlət Statistika Komitəsindəki mövcud informasiyaların təqdim edilməsi qaydalarına əməl etməli, statistik məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunmasını və yayılmasını təmin etməli, bu məlumatlardan şəxsi maraqları üçün istifadə etməməlidir;
  17. qanunvericilikdə nəzərdə tutulmuş qaydalar çərçivəsində ictimai siyasi fəaliyyəti, yaxud ictimai siyasi mənsubiyyəti onun xidməti vəzifələrinin qərəzsiz və obyektiv yerinə yetirilməsinə təsir etməməli, vəzifədən istifadə edərək başqa şəxsləri ictimai və siyası birliklərin, dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir;
  18. Dövlət Statistika Komitəsi əməkdaşının davranışının etik davranış qaydalarına uyğunluğu onun birbaşa rəhbəri, yaxud komitənin rəhbərliyi tərəfindən müntəzəm təhlil olunur və müvafiq tədbirlər görülür.
Dövlət Statistika Komitəsində etik davranış qaydalarına əməl olunmasına nəzarət Komitənin rəhbəri və ya onun müvəkkil etdiyi qurum, yaxud şəxs tərəfindən həyata keçirilir.

Etik davranış qaydalarının pozulmasına yol vermiş işçi barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq intizam tədbirləri görülür və bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya və aidiyyatı şəxslərə məlumat verilir.


© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi