|
1 – TİG (qazma) saylı “Neft və qaz quyularının tikintisi haqqında”
hesabat formasının tərtib edilməsi qaydası haqqında
TƏLİMAT
Dərin kəşfiyyat və istismar neft və təbii qaz quyularının qazılması və tikintisi üzrə hesabat forması neft və qaz kəşfiyyatı, dərin qazma ekspedisiyaları, qazma işləri idarələri, trest, neft və qazçıxarma müəssisələri, istehsalat birlikləri, şirkətlər və qazma işləri aparan bütün təşkilatlar tərəfindən tərtib edilir və formada göstərilmiş tarixdə müvafiq ünvanlara göndərilir.
I bölmə. Qazma işləri üzrə ümumi göstəricilər
1. Bu bölmənin göstəriciləri bütün üsullar, o cümlədən elektrik, turbin, rotor üsulları ilə və vintli mühərriklərlə qazma üsulları üzrə qazmanın həcmini xarakterizə edir. Qazmanın ümumi həcmindən ayrılır:
- DYM (daxili yanma mühərriki) enerjisinin istifadəsilə qazma;
- basma quyular (yalnız istismar qazmasında) üzrə qazma.
2. Elektrik qazmasına, turbin və rotor üsulları ilə qazmaya, vintli mühərriklərlə qazmaya həm bütün, həm də, onun ayrı-ayrı intervallarının bu üsullarla qazılması aid edilir. Əgər quyunun qazılması üçün eyni vaxtda həm turbin, həm rotor (turbin-rotor) üsulları tətbiq edilirsə, onda bu cür qazmanın bütün göstəricilərini turbin üsuluna aid etmək lazımdır.
Qazmanın bütün üsulları üzrə göstəriciləri (001-ci sətir) 002, 003, 004, 005-ci sətirlərdə göstərilmiş məlumatların cəminə ya bərabər və ya hesabatda qeyd edilməmiş vibroqazma və digər qazma üsullarından istifadə edilibsə, artıq olmalıdır.
3. DYM enerjisi ilə qazma həcminə yalnız dizel ötürücüsü vasitəsilə qazılmış quyular daxil edilir.
4. Basma quyular üzrə qazma həcminə yalnız sınağın nəticələrindən və sonrakı istifadəsindən asılı olmayaraq qazma planında basma quyular kimi nəzərdə tutulmuş quyular daxil edilir.
5. Qazma sürəti qazmanın həcmini qazmanın dəzgah-aylarının miqdarına bölməklə təyin edilir və hesabatın müvafiq sətirlərində tam ədədlərlə verilir.
II bölmə. Qazmada baş vermiş qəzalar
6. Bu bölmədə qazmada baş verən qəzanı xarakterizə edən göstəricilər verilir. Buruğun quraşdırılması, qazmaya hazırlıq, qazma prosesində və ondan sonra quyuların sınağı vaxtı baş verən qəzalar, habelə quyuların qazılmasında yol verilmiş brak (zay) işlər bu bölməyə daxil edilmir.
Qəzaların və onların ucbatından itirilmiş vaxtın növlər üzrə bölüşdürülməsi hər bir qəzaya tərtib edilmiş aktlara müvafiq olaraq aparılmalıdır.
Hesabat ilində baş vermiş qəzaların sayına, qəzaların müddətindən və nə vaxt ləğv edilməsindən asılı olmayaraq, hesabat ilində baş vermiş qəzalar daxil edilir.
Ləğv edilmiş qəzaların sayına, onların nə vaxt (hesabat və ya əvvəlki illərdə) baş verməsindən asılı olmayaraq, hesabat ilində ləğv edilmiş bütün qəzalar daxil edilir.
Əgər ağır qəza ucbatından quyu ləğv edilirsə, o vaxt bu cür qəza ləğv edilmiş kimi göstərilmir. Bu halda hesabatdakı qeyddə qazmada baş vermiş qəzaların ucbatından ləğv edilmiş quyuların sayını göstərmək lazımdır.
Qəzalara görə itirilmiş saatların miqdarına həm hesabat ilində və həm də əvvəlki illərdə baş vermiş qəzalara görə itirilmiş bütün təqvim vaxtı daxil edilir.
Qəzalara görə itirilmiş vaxta qəzaların aradan qaldırılması üzrə işlərə sərf edilmiş vaxt və qəzaların aradan qaldırılması dövründə olan boşdayanmaların vaxtı, yəni, qəzanın baş verdiyi andan onun aradan qaldırılmasınadək bütün vaxt daxil edilir.
Əgər ağır qəza ucbatından quyu ləğv edilirsə, o vaxt bu qəzalara görə itirilimiş saatların miqdarına qəza işlərinin dayandırılması və quyunun ləğv edilməsi barədə qərarın qəbul edilməsinə qədər olan vaxt daxil edilir.
Hesabat ilində aradan qaldırılmış qəzalara görə itirilimiş saatların miqdarına (4-cü sütun) qəzanın baş verməsi tarixindən onun tam aradan qaldırılmasınadək bu qəzalara görə itirilmiş bütün təqvim vaxtı daxil edilir.
Əgər ağır qəza ucbatından quyu ləğv edilirsə, onda bu qəzaya görə itirilimiş vaxt 4-cü sütuna daxil edilmir, belə ki, quyu ləğv edilsə də, qəza aradan qaldırılmamışdır.
III bölmə. Quyuların hərəkəti
7. Bu bölmənin göstəriciləri hesabat ilində quyu tikintisinin müxtəlif mərhələlərində quyuların hərəkətini xarakterizə edir.
8. Buruq tikintisinin başlanğıcı həmin quyu nöqtəsində buruq-quraşdırma işlərinin müvafiq aktla tərtib edilmiş faktiki başlandığı vaxt sayılır. Dənizdə (şelf zonalarında) qazmada yarı batırılmış qazma qurğularından, üzən qurğulardan və ya qazma gəmilərindən istifadə edildikdə buruq tikintisinin başlanğıcı qazma nöqtəsində dayaq sütunlarının quraşdırılması və şaxta istiqamətləndiricisinin vurulması üzrə işlərin qurtardığı vaxt sayılır.
9. Buruq tikintisi başlanmış quyular sırasına hesabat dövründə buruq tikintisinə başlamış bütün quyular aid edilir.
Kust qazmasında hər bir sonrakı quyunun qazılması üçün qazma qurğusunun quraşdırılması və ya buruğun yerinin dəyişdirilməsi işləri aparıldıqda quyuları buruq tikintisinə başlamış hesab etmək lazımdır. Çoxdibli quyuların qazılmasında tikintisi başlanmış bir quyunu onun əlavə lülələrinin sayından asılı olmayaraq hesab etmək lazımdır.
Tikintisi əvvəl başa çatmış quyunun dərinləşməsi zamanı, ancaq yeni qazma qurğusu quraşdırılanda quyu buruq tikintisinə başlamış sayılır.
Yeni quyunun qazılması üçün əvvəl qazılmış quyu lüləsi hissəsindən istifadə edildikdə, əgər yeni qazma qurğusu quraşdırılırsa quyu buruq tikintisinə başlamış sayılır.
10. Buruq tikintisinin qurtarması həmin quyu nöqtəsində buruq tikintisi və avadanlığın quraşdırılması üzrə müvafiq aktla tərtib edilmiş bütün işlərin sona çatdığı vaxt sayılır.
11. Buruq tikintisi başa çatmış quyulara tikintisinin başlandığı ilindən asılı olmayaraq tikintisi və quraşdırılması qurtarmış bütün quyular aid edilir.
Kust qazmasında hər bir sonrakı quyunun qazılması üçün qazma qurğusunun quraşdırılması və ya buruğun yerinin dəyişdirilməsi işləri başa çatdırıldıqda quyuların buruq tikintisi və avadanlığın quraşdırılmasını qurtarmış hesab etmək lazımdır. Çoxdibli quyuların qazılmasında buruq tikintisi və avadanlığın quraşdırılmasını qurtarmış bir quyunu onun əlavə lülələrinin sayından asılı olmayaraq hesab etmək lazımdır.
Tikintisi əvvəl başa çatmış quyunun dərinləşməsi və ya yeni quyunun qazılması üçün əvvəl qazılmış quyu lüləsi hissəsindən istifadə edildikdə, əgər yeni qazma qurğusunun quraşdırılması qurtarıbsa quyu buruq tikintisini qurtarmış sayılır.
12. Qazmanın başlanması qazma üçün baltanın ilk buraxılış anı sayılır:
Qazması başlanan quyulara, onların hesabat dövrünün axırına olan vəziyyətindən (qazması qurtarmış, konservasiya edilmiş və ya texniki səbəblərə görə qazması dayandırılmış) asılı olmayaraq hesabat dövründə qazması başlanmış bütün quyular aid edilir.
Yeni quyunun qazılması üçün əvvəl qazılmış quyu lüləsi hissəsindən istifadə edildikdə yeni quyu qazması başlanmış kimi nəzərə alınır.
13. Quyuların qazmasının qurtarması sayılır:
- istismar kəməri buraxıldıqda quyunun yuyulmasından və kəmərin hermetikliyə sınağından sonra alətlərin körpüyə atılması üzrə aktla təsdiq edilmiş işlərin qurtarması anı;
- istismar kəməri buraxılmadıqda:
a) qazma prosesində obyektləri “yuxarıdan-aşağı” sistemi üzrə və ya “aşağıdan-yuxarı” (yəni, layihə dərinliyinə çatdıqdan sonra) sistemi üzrə sınaqdan keçmiş və istismar kəmərinin buraxılmaması haqqında qərar qəbul edilmiş quyular üçün aktla tərtib edilmiş bu qərarın qəbul edildiyi vaxt;
b) qazma prosesində sınaqdan keçməmiş quyular üçün son geofiziki tədqiqatların nəticələrinə görə istismar kəmərinin buraxılmaması haqqında aktla tərtib edilmiş qərarın qəbul edildiyi vaxt; Qazması başa çatmış quyulara qazması hesabat ilində və ya əvvəlki illərdə başlanmasından asılı olmayaraq hesabat dövründə qazması başa çatmış bütün quyular aid edilir.
Qazması başa çatmış quyuların sayına texniki səbəblərə görə qazması dayandırılmış və ya “Neft, qaz və digər quyuların ləğv edilməsi və xərclərin onların tikintisinə silinməsi haqqında əsasnamə”yə müvafiq olaraq ləğv olunan quyular daxil edilmir.
14. Neft verən quyulara onların sınağı zamanı sənaye əhəmiyyətli neft axını vermiş, əvvəlcədən neft hasilatı üçün daxil olmuş basma quyular da aid edilir.
Sənaye əhəmiyyəti olmayan neft axını vermiş və ləğv edilməli olan quyular “quru” quyulara aid edilir.
Sənaye əhəmiyyəti olmayan neft axını vermiş, lakin neftqazçıxarma idarələri tərəfindən basma, nəzarət, hopdurucu quyular kimi qəbul edilmiş quyular hesabatda “basma”, “nəzarət” və “digər” sətirləri üzrə müvafiq olaraq verilir.
15. Qaz vermiş quyulara sınaq vaxtı yalnız sənaye əhəmiyyətli qaz və ya qaz kondensatı axını vermiş quyular aid edilir.
Qaz və ya qaz kondensatının qeyri-sənaye axını vermiş və ləğv olunması lazım sayılan quyular “quru” quyulara aid edilir.
Sənaye əhəmiyyəti olmayan qaz axını vermiş, lakin neftqazçıxarma idarələri tərəfindən basma, nəzarət, hopdurucu quyular kimi qəbul edilmiş quyular hesabatda “basma”, “nəzarət” və “digər” sətirləri üzrə müvafiq olaraq verilir.
16. Yodlu-bromlu və texniki su vermiş quyulara sənaye əhəmiyyətli müvafiq su axını vermiş və gələcəkdə yodlu-bromlu və texniki suyun istismarı üçün nəzərdə tutulmuş quyular aid edilir. Buraya həmçinin lay təyziqinin saxlanılmasına (neft çıxarılmasının artırılması) gedən suyun hasilatı üçün nəzərdə tutulmuş suburaxan quyular da aid edilir.
Sınaq vaxtı lay suları, sənaye əhəmiyyəti olmayan yodlu-bromlu və texniki su axını vermiş və ləğv olunması lazım sayılan quyular “quru” quyulara aid edilir.
Lay suları, sənaye əhəmiyyəti olmayan yodlu-bromlu və texniki su axını vermiş və neftqazçıxarma idarələri tərəfindən basma, nəzarət, hopdurucu quyular kimi qəbul edilmiş quyular hesabatda “basma”, “nəzarət” və “digər” sətirləri üzrə müvafiq olaraq verilir.
17. Quru və sınaq aparmadan öz təyinatını yerinə yetirmiş quyulara ya qazma prosesində və qazmadan sonra sınaq aparılmamış, yaxud sınaq prosesində sənaye əhəmiyyəti olmayan neft, qaz və ya qaz kondensatı, yodlu-bromlu və texniki su axını, habelə lay suyunun axını alınmış, ləğv olunması lazım sayılan bütün quyular aid edilir.
Quru və sınaq aparmadan öz təyinatını yerinə yetirmiş və neftqazçıxarma idarələri tərəfindən basma, nəzarət, hopdurucu quyular kimi qəbul edilmiş quyular hesabatda “basma”, “nəzarət” və “digər” sətirləri üzrə müvafiq olaraq verilir.
18. “Basma” quyulara neftqazçıxarma idarələri tərəfindən basma quyular kimi qəbul edilmiş (əvvəlcədən neftin istismarı üçün verilmiş quyular istisna olmaqla) bütün quyular aid edilir.
19. “Nəzarət” quyularına neftqazçıxarma idarələri tərəfindən nəzarət quyuları kimi qəbul edilmiş (pyezometrik, müşahidə) bütün quyular aid edilir.
20. “Digər” quyulara neftqazçıxarma idarələri tərəfindən qiymətləndirmə, hopdurucu quyular kimi qəbul edilmiş quyular, habelə sınaq nəticəsində bu bölmədə nəzərdə tutulmamış faydalı komponentlər aşkar edilmiş, gələcəkdə istismar üçün təhvil veriləcək quyular aid edilir.
21. Tikintisi başa çatmış quyuların ümumi sayından təbii qaz üçün tikintisi başa çatmış quyular ayrıca göstərilir.
Onlara sınağın faktiki nəticələrindən və onların sonrakı istifadə olunmasından asılı olmayaraq, qaz və ya qaz kondensatı üçün və qazın yeraltı saxlanması üçün nəzərdə tutulmuş quyuları aid etmək lazımdır.
22. Hesabatda hesabat ilində təbii qaz üçün tikintisi başa çatmış quyular üzrə ümumi metraj göstərilir və onların ümumi dərinliyi, yəni hesabat və ya əvvəlki dövrdə qazmaya başlanması və qurtarmasından asılı olmayaraq, hər biri quyu üzrə “sıfır”dan başlayaraq, faktiki dibinə qədər metrlərin cəmi kimi götürülməlidir.
Əvvəl qazılmış quyuların lülə hissəsindən istifadə etməklə qazılmış quyular üzrə ümumi metraj əvvəl qazılmış quyuların lülə hissəsini nəzərə almaqla göstərilir.
Çoxdibli quyular üzrə ümumi metraj quyunun əsas lüləsinin dərinliyi üzrə göstərilir.
23. Təbii qaz üçün tikintisi başa çatmış quyuların ümumi sayından neft və qaz vermiş quyular ayrıca göstərilir.
24. Kəşfiyyat qazmasında tikintisi başa çatmış quyuların ümumi sayından axtarış və kəşfiyyat quyuları ayrıca göstərilir. Axtarış və kəşfiyyat quyularının cəmi dayaq və parametrik quyuların hesabına tikintisi başa çatmış quyuların ümumi sayından az ola bilər.
25. Ləğv olunmuş quyulara hesabatın tərtib edilməsi zamanı ləğv olunması barədə təsdiq edilmiş aktları (əmrləri) olan bütün quyular aid edilir.
26. Neft və qazçıxarma müəssisələrinə təhvil verilmiş ləğv olunmuş quyulara tikintisi başa çatmış quru və ya öz təyinatını yerinə yetirmiş, neftqazçıxarma idarələrinə verilmiş, ləğv olunması barədə sənədlərin kim tərəfindən tərtib edilməsindən (qazma işləri idarəsi və ya neftqazçıxarma idarəsi) asılı olmayaraq, bütün quyular aid edilir.
27. Texniki səbəblərə görə ləğv olunmuş quyulara keyfiyyətsiz qazma, qazma və ya sınaq prosesində qəzalar nəticəsində ləğv olunmuş quyular aid edilir.
Texniki səbəblərə görə ləğv olunmuş quyuların ümumi metrajı hesabat və ya əvvəlki dövrdə qazmaya başlanmasından asılı olmayaraq, hər biri quyu üzrə “sıfır”dan başlayaraq, faktiki dibinə qədər metrlərin cəmi kimi götürülməlidir. Texniki səbəblərə görə ləğv olunmuş quyuların qazılmasının dəzgah-ayları bu quyuların qazmada olduqları bütün təqvim vaxtının 720-ə bölünməsi ilə təyin edilir.
Qazmanın təqvim vaxtı, hesabat və ya əvvəlki dövrdə qazmaya başlanmasından asılı olmayaraq, qazmanın başlandığı tarixdən qəza işlərinin dayandırılması və quyunun ləğv olunması barədə qərarın qəbul edilməsinə qədər olan vaxt nəzərə alınmaqla götürülür.
IV bölmə. İlin axırına quyuların fonduə
28. Bu bölmənin göstəriciləri hesabat ilinin axırına quyuların tikintisinin mərhələləri üzrə onların vəziyyətini xarakterizə edir.
29. Hesabat ilinin axırına qazma müəssisələrinin balansında olan quyuların ümumi sayı buruq tikintisi və quraşdırılmasında, qazmanı gözləməkdə, qazmada, sınaqda, konservasiyada, ləğvini gözləməkdə olan quyuların, neft və qazçıxarma müəssisələrinə verilməsini gözləyən quyuların sayına bərabər olmalıdır.
30. Buruq tikintisi və qazma avadanlığının quraşdırılmasında olan quyulara, təmirdə və ya boşdayanmada olan quyular da daxil edilməklə, hesabat ilinin axırına faktiki buruq-quraşdırma işləri başlanmış (müvafiq aktla rəsmiləşdirilmiş) bütün quyular aid edilir. Həmçinin, hesabat ilinin axırına konservasiya haqqında aktları hələ təsdiq edilməmiş, lakin, buruq tikintisi vəziyyətində konservasiya olunacaq quyular da bura daxil edilir.
31. Qazmanı gözləməkdə olan quyulara, qazmasına hazırlıq işləri aparılan quyular da daxil edilməklə, buruq tikintisi və qazma avadanlığının quraşdırılması başa çatmış və hesabat ilinin axırına qazmanı gözləməkdə olan bütün quyular aid edilir.
Həmçinin, hesabat ilinin axırına konservasiya haqqında aktları hələ təsdiq edilməmiş, lakin, buruq tikintisi və quraşdırmadan sonra konservasiya olunacaq quyular da bura daxil edilir.
32. Qazmada olan quyulara qazması başlamış bütün quyular, o cümlədən, hesabat ilinin axırına qazma və bərkitmə üzrə işlər, qazma prosesində köməkçi işlər, quyuların qazılması və bərkidilməsi dövründə qəzaların və ya zay işlərin aradan qaldırılması üzrə işlər, habelə yuxarıda sadalanan işlər dövründə boşdayanmada, təmirdə olan quyular və qazma prosesində obyektlərin “yuxarıdan-aşağıya” və ya “aşağıdan-yuxarıya” sistemi üzrə sınağı aparılan quyular aid edilir.
Qazma vəziyyətində konservasiya olunmalı, lakin, hesabat ilinin axırına konservasiya haqqında aktları hələ təsdiq edilməmiş quyular da bura daxil edilir.
33. Sınaqda olan quyulara yalnız, qazması artıq başa çatmış və onlarda hesabat ilinin axırına kəmərdə obyektlərin sınağı üzrə əsas və köməkçi işlər, təmir işləri, quyuların sınağı aparılan dövrdə baş vermiş maneələrin, qəzaların və ya zay işlərin aradan qaldırılması üzrə işlər, habelə yuxarıda sadalanan işlər dövründə müvəqqəti boşdayanmada və ya sınağı gözləməkdə (qazmanın sonundan 1-ci obyektin perfo-rasiyasınadək) olan quyular aid edilir. Həmçinin, sınaq vəziyyətində konservasiya olunmalı, lakin, hesabat ilinin axırına konservasiya haqqında aktları hələ təsdiq edilməmiş quyular da bura daxil edilir.
Əgər qazma qurğusunun sökülməsi (demontajı) birinci obyektin sınağının başlanmasına qədər və ya birinci və sonuncu obyektlərin sınağı arasında aparılırsa, o vaxt quyu “sınaqda” sətri üzrə göstərilir.
34. Sınaq üzrə işlərdə olan quyulara kəmərdə obyektlərin sınağı üzrə əsas və köməkçi işlər, təmir işləri, quyuların sınağı aparılan dövrdə baş vermiş maneələrin, qəzaların və ya zay işlərin aradan qaldırılması üzrə işlər aparılan bütün quyular aid edilir.
35. Konservasiya olan quyulara hesabat ilinin axırına tikintisi başa çatmamış, konservasiya haqqında mövcud əsasnaməyə müvafiq olaraq konservasiya üçün aktlar tərtib edilmiş quyular aid edilir.
Hesabat ilinin axırına konservasiya haqqında aktları hələ təsdiq edilməmiş quyular buraya daxil edilmir, sənədlərin tərtib edilməsinin başlanmasına qədər olduqları vəziyyətin növünə (buruq tikintisində və quraşdırmada, qazmanı gözləməkdə, qazmada, sınaqda) görə göstərilir.
36. Ləğv olunmasını gözləyən quyulara hesabat ilinin axırına ləğv olunması haqqında aktları hələ təsdiq edilməmiş, ancaq rəsmiləşdirilmək üçün yuxarı təşkilatlara göndərilmiş quyular aid edilir.
37. Neft və qazçıxarma müəssisələrinə təhvil verilməsini gözləyən quyulara tikintisi tam başa çatmış və hesabat ilinin axırına neft və qazçıxarma müəssisələrinə təhvil verilməsini gözləyən həm istismar olunan sahələrdəki və həm də hələlik istismara verilməyən sahələrdəki bütün quyular aid edilir.
Buraya həmçinin tikintisi tam başa çatmış və neft və qazçıxarma müəssisələrinə təhvil verilməmiş, konservasiya üçün hesabat ilinin axırına konservasiya haqqında mövcud əsasnaməyə müvafiq olaraq konservasiya üçün aktlar tərtib edilmiş quyular aid edilir.
Tikintisi tam başa çatmış, ləğv olunmasını gözləyən quyular təhvil verilməsini gözləyən quyuların sayına daxil edilmir. Onlar “Ləğvini gözləyən” sətri üzrə nəzərə alınır.
V bölmə. Buruq tikintisi və avadanlığın quraşdırılması başa çatmış buruqların tikintisinə sərf olunan vaxt
38.Bu bölmənin göstəriciləri buruq tikintisinin və avadanlıqların quraşdırılmasının əmək tutumunu, habelə aparılan işlərin növbəliyini xarakterizə edir.
39. “Hesabat ilində tikintisi və quraşdırılması başa çatmış buruqların sayı” sətri üzrə tikintilərin başlanması ilindən asılı olmayaraq hesabat ilində tikintisi və quraşdırılması başa çatmış bütün buruqlar göstərilir.
40. Buruq tikintisi və avadanlığın quraşdırılmasının təqvim vaxtı hesabat ilində tikintisi və quraşdırılması başa çatmış bütün buruqlar üzrə, buruq-quraşdırma briqadalarının faktiki iş rejimindən (bir növbə, iki növbə, bütün sutka və ya gün işığı) asılı olmayaraq, sutkada 24 saat hesabı ilə buruq tikintisinin əvvəlindən onun qurtarmasınadək olan vaxt götürülərək saatla göstərilir.
İstirahət və bayram günləri tikintinin təqvim vaxtına sutkada 24 saat hesabı ilə daxil edilir və müəyyən edilmiş rejimə görə bu günlərdə iş olmadıqda bu vaxt tam həcmdə növbələrarası fasilələrin yekununa daxil edilir.
Buruq tikintisi və avadanlığın quraşdırılmasının təqvim vaxtına daxil edilir:
- özüllərin və buruqyanı qurğuların qurulmasına sərf olunan vaxt;
- qazma avadanlığın quraşdırılmasına sərf olunan vaxt;
- buruq tikintisi və avadanlığın quraşdırılması prosesində növbələrarası fasilələrin vaxtı;
- buruq tikintisi və avadanlığın quraşdırılması üzrə işlərin aparıldığı dövrdə olan təmir işlərinin vaxtı;
- buruq tikintisi və avadanlığın quraşdırılması üzrə işlərin aparıldığı dövrdə olan qəzaların və zay işlərin aradan qaldırılması üzrə işlərinin vaxtı;
- bir və ya iki növbəli işlə əlaqədar növbələrarası fasilələrin vaxtı, yəni istirahət və bayram günləri daxil olmaqla, bir növbənin qurtardığı andan digər növbənin başlanmasınadək olan vaxt;
Buruq tikintisi və avadanlığın quraşdırılmasının təqvim vaxtına buruq və buruqyanı qurğuların sökülməsinə və buruq avadanlığının demontajına sərf olunan vaxt daxil edilmir.
41. İş vaxtına buruq tikintisi və avadanlığın quraşdırılması üzrə əsas və köməkçi işlərin bütün vaxtı daxil edilir.
Buruq tikintisi və avadanlığın quraşdırılması üzrə əsas və köməkçi işlərin aparıldığı dövrdə baş verən təmir işlərinin və növbədaxili boşdayanmaların vaxtı iş vaxtına daxil edilmir və müvafiq olaraq 104-cü və 105-ci sətirlər üzrə göstərilir.
42. Boşdayanmalara təşkilati qüsurlar – avadanlığın, alətin, işçi qüvvəsinin çatışmaması ucbatından, təbii fəlakətə görə, meteoroloji şərait üzrə boşdayanmaların bütün saatları daxil edilir.
43. Növbələrarası fasilələr buruq-quraşdırma briqadalarının həmin quyu üçün işini bir və ya iki növbəli müəyyənləşdirilməsi ilə yaranan fasilələrdir.
Bütün gün davam edən boşdayanmaların qeydiyyatı sutkada 24 saat hesabı ilə aparılır. İşlərin iki növbəli təşkilində bütün gün davam edən boşdayanmalar 16 saat növbədaxili boşdayanmalardan və 8 saat növbələrarası fasilələrdən ibarət olacaqdır. İşlərin bir növbəli təşkilində növbədaxili boşdayanmalar 8 saat, növbələrarası fasilələr 16 saat olacaqdır.
44. Hesabat ilində tikintisi və quraşdırılması başa çatmış buruqlar üzrə göstəricilər üç qrup üzrə bölüşdürülür:
- ilkin quraşdırılması başa çatanlar;
- təkrar quraşdırılması başa çatanlar;
- yerinin dəyişdirilməsi ilə başa çatanlar;
45. İlkin quraşdırılması başa çatmış buruqlar həm elementlərdən (buruq və güc avadanlığı, metal konstruksiyalar və s.) həm də zavodlardan hazır şəkildə daxil olmuş iri və xırda bloklardan quraşdırılmış bütün buruqlar aid edilir.
Digər buruqlardan daxil olmuş bloklardan quraşdırılmış buruqları təkrar quraşdırılması başa çatmış buruqlara aid etmək lazımdır.
46. Yerini dəyişməklə tikintisi başa çatan buruqlara kust qazmasında qazma qurğusunun müvafiq qovşaqlarının dəmir yolu ilə, boru və digər yollar üzrə 5 metr və daha çox məsafəyə çəkməklə tikilmiş buruqlar aid edilir.
VI bölmə. Qazması başa çatmış quyular üzrə göstəricilərba
47. Bu bölmənin göstəriciləri qazılmış quyuların orta dərinliyini və onların qazma müddətini təyin etməyə imkan verir.
48. Təbii qaz üçün göstəricilərə quyuların sınağının faktiki nəticələrindən asılı olmayaraq, ancaq qazma planında nəzərdə tutulan qaz və ya qaz kondensatına qazılan quyular üzrə göstəriciləri daxil etmək lazımdır. Yeraltı qaz anbarı üçün qazması qurtarmış quyular üzrə məlumatlar da bu sətrə aid edilir.
49. Hesabat ilində qazması başa çatmış bütün quyular üzrə ümumi metraj, quyunun qazılmasına hesabat ilində və ya əvvəlki illərdə başlanmasından asılı olmayaraq, onların ümumi dərinliyi üzrə, yəni hər bir quyu üzrə “sıfırdan” faktiki dibinə qədər olan dərinlik göstərilir.
Qazması əvvəllər qazılmış quyuların lülə hissəsindən istifadə etməklə aparılan quyular üzrə ümumi metraj kəsrlə - surətdə faktiki qazılmış metraj, yəni quyunun dərinliyindən əvvəllər qazılmış quyunun lüləsinin istifadə edilmiş hissəsini çıxmaqla tapılan rəqəm, məxrəcdə quyunun bütün dərinliyi göstərilir.
Çoxdibli quyular üzrə ümumi metraj həmçinin kəsrlə - surətdə quyunun bütün lülələrinin ümumi qazması, məxrəcdə quyunun əsas lüləsinin dərinliyi göstərilir. Quyunun orta dərinliyinin hesablanması qazmanın məxrəcdə göstərilmiş miqdarına görə aparılır.
Qazmanın sürətinin hesablanması qazmanın surətdə göstərilmiş miqdarına görə aparılır.
50. Hesabatda qazmanın təqvim vaxtı, quyunun qazılmasına hesabat ilində və ya əvvəlki illərdə başlanmasından asılı olmayaraq, qazmanın başlandığı tarixdən onun qurtarmasınadək olan vaxt kimi nəzərə alınır.
VII bölmə. Tikintisi başa çatmış quyular üzrə əsas sınaq göstəriciləri
(sınağın başlanğıcından)
51. Bu bölmənin göstəriciləri quyuların sınağı üzrə işlərin həcmini və onların əmək tutumunu xarakterizə edir.
Bu bölməyə, sınaq aparılmadan öz təyinatını yerinə yetirmiş quyular da daxil olmaqla,birinci obyektin sınağının başlanması vaxtından və istifadə olunmuş sınaq üsullarından (qazma prosesində və ya onun qurtarmasından sonra) asılı olmayaraq hesabat ilində tikintisi tam başa çatmış bütün quyular üzrə məlumatlar daxil edilir.
Texniki səbəblərə görə qazması və ya sınağı dayandırılmış quyular bu bölməyə daxil edilmir.
52.Tikintisi başa çatmış bütün quyular üzrə yekun məlumatlar aşağıdakı quyular üzrədir:
- qazma başa çatdıqdan sonra sınağı qurtarmış;
- qazma prosesində sınağı qurtarmış;
- sınaq keçirmədən öz təyinatını yerinə yetirmiş;
- hermetikliyə yoxlandıqdan sonra perforasiya aparılmamış.
53. “Qazma qurtardıqdan sonra sınağı başa çatmış quyular” sətri üzrə, qazmanın qurtarması vaxtından asılı olmayaraq, qazmadan sonra hesabat dövründə sınaqdan keçmiş bütün quyular göstərilir.
Əgər quyuda obyektlərin sınağı həm qazma prosesində, həm də qazmadan sonra aparılmışsa, onda bu bölmədə qazma qurtardıqdan sonra sınaqdan keçmiş kimi göstərilməlidir.
54. “Qazma prosesində sınağı başa çatmış quyular” sətri üzrə, hesabat dövründə tikintisi başa çatmış və yalnız qazma prosesində “yuxarıdan-aşağıya”, “aşağıdan-yuxarıya” sistemi üzrə sınaqdan keçmiş quyular, yəni qazmadan sonra kəmərdə sınağı aparılmayacaq quyular göstərilir.
Qazma prosesində sınağı başa çatmış quyulara bütün obyektlər açıldıqda borularda buraxılan laysınaqçısını və ya karotaj kabelində buraxılan layların sınaqçısının köməyi ilə, yəni “yuxarıdan-aşağıya” və ya “aşağıdan-yuxarıya” sistemi üzrə sınaqdan keçmiş quyular aid edilir.
Quyular dərinləşdikcə əgər dərinləşən intervalın sınağı lay sınaqçısının köməyi ilə aparıldıqda və alınmış nəticələrin əsasında istismar kəməri buraxılmadan quyunun qazılmasının və eyni zamanda tikintisinin başa çatması haqqında qərar qəbul edildikdə, onlar qazma prosesində sınağı başa çatmışlara aid edilirlər.
“Qazma prosesində sınağı başa çatmış quyular” sətri üzrə, həmçinin, geoloji-texniki mülahizələr üzrə onun məhsuldarlığının xarakteri barədə son nəticə almaq üçün, sementləməklə və ya sementləməməklə istismar kəmərinin “quyruğu” buraxılmış və laysınaqçısı ilə sınağın nəticələrinə görə quyunun ağzına qədər kəməri calamadan quyunun qazılmasının və eyni zamanda tikintisinin başa çatması haqqında qərar qəbul edilmiş quyular göstərilir.
İstismar kəmərinin “quyruğu”ndan obyektin sınağının nəticələrinə görə kəmərin quyunun ağzına qədər calanaraq bu və digər obyektlərin sınağı üzrə sonrakı işlərin aparılması haqqında qərar qəbul edildiyi hallarda bu cür quyu qazma qurtardıqdan sonra sınağı başa çatmış sayılır və 082-ci sətir üzrə nəzərə alınır.
55. “Sınaq aparılmadan öz təyinatını yerinə yetirmiş quyular” sətri üzrə hesabat dövründə qazılması və eyni zamanda tikintisi başa çatmış, qazma prosesində sınaq aparılmadan öz təyinatını yerinə yetirmiş və qazma qurtardıqdan sonra da sınaq aparılmalı olmayan quyular göstərilir.
56. “Hermetikliyə yoxlanıldıqdan sonra perforasiya aparılmamış quyular” sətri üzrə mədənlərin abadlaşdırılmasını gözləyən sahələrində qazılan quyular, qazın yeraltı saxlanması üçün qazılan quyular, geofiziki üsullarla qaz yataqlarının işlənməsi və yeraltı qaz anbarlarına nəzarəti üzrə quyuları, habelə həm qazma prosesində, həm də qazma qurtardıqdan sonra sınaq aparılmayan nəzarət, basma quyuları göstərilir.
57. İlin əvvəlindən tikintisi başa çatmış quyuların faktiki sayı hesabat formasının “Tikintisi başa çatmış quyular üzrə əsas göstəricilər” bölməsində 101-ci sətir üzrə 9-cu sütunda əks etdirilmiş anoloji məlumatlara bərabər olmalıdır.
58. VII bölmədə ilin əvvəlindən tikintisi başa çatmış quyular üzrə aşağıdakı göstəricilər verilir:
- qazma qurtardıqdan sonra sınaqdan çıxmış obyektlərin sayı;
- qazma qurtardıqdan sonra quyuların sınaq vaxtı.
59. Obyekt dedikdə, axın üçün quyuda sınaq aparılan interval başa düşülür.
Ayrıca obyektdən (intervaldan) borularla və ya karotaj kabelində buraxılan layların sınaqçısının köməyi ilə bir neçə nümunə götürüldüyü halda bu iş hesabatda bir obyekt kimi, onun sınağı üçün sərf edilmiş vaxt həmin obyektdə götürülmüş bütün nümunələrə sərf olunan vaxtın cəmi kimi göstərilməlidir.
Borularda laysınaqçısı ilə bir neçə müstəqil horizontların (layların) sınağı birgə aparılarsa belə halda bu sınağı bir obyekt kimi nəzərə almaq lazımdır.
60. Bu bölmədə sınağı aparılmış obyektlərin sayı, onların sınağının vaxtından asılı olmayaraq, bütövlükdə bütün quyu üzrə nəzərə alınır.
Qazma qurtardıqdan sonra sınağı başa çatmış quyular üzrə bu quyularda həm qazma qurtardıqdan sonra, həm də qazma prosesində sınağı aparılmış bütün obyektlər nəzərə alınır.
61. Qazma qurtardıqdan sonra sınağı başa çatmış obyektlərin ümumi sayından (2-ci sütun) sənaye axını vermiş obyektlərin sayı (3-cü sütun) ayrıca göstərilir. Bunlara neftin, qazın, yodlu-bromlu, terminal və ya texniki suyun sənaye axını vermiş və müvafiq olaraq neftin, qazın, yodlu-bromlu, terminal və ya texniki suyun istismarı üçün nəzərdə tutulmuş obyektləri aid etmək lazımdır. Texniki suyun sənaye axını vermiş, lakin, texniki suyun istismarı üçün nəzərdə tutulmayan, ləğv olunması lazım olan və ləğv olunmuş obyektlər 3-cü sütuna daxil edilmir.
VIII bölmə. Qazma başa çatdıqdan sonra quyuların sınaq təqvim vaxt balansı
62. Qazma başa çatdıqdan sonra quyuların sınaq təqvim vaxtı hesabat formasında hesabat ilinin əvvəlindən sınağı başa çatmış 082-ci sətir üzrə 1-ci sütunda göstərilmiş bütün quyular üzrə aparılır.
63. Qazma başa çatdıqdan sonra təqvim vaxtına, qazmanın qurtardığı andan quyuda bütün obyektlərin sınağının başa çatmasınadək olan vaxt sutkada 24 saat hesabı ilə sınaq üzrə işlərin faktiki təşkilindən – bir, iki növbədə və ya bütün sutka ərzində olmasından asılı olmayaraq sınaq başlanmasının gözlənilməsi vaxtı, istirahət və bayram gönləri də nəzərə alınmaqla bütün vaxt saatla daxil edilir.
64. Qazma başa çatdıqdan sonra quyuların sınaq təqvim vaxtına aşağıdakılar daxil edilmir:
- qazma prosesində obyektlərin sınağı üçün sərf edilmiş vaxt;
- konservasiya haqqında qüvvədə olan əsasnaməyə müvafiq olaraq quyuların rəsmiləşdirilmiş konservasiyada olduğu vaxt;
- quyuların neft və qazçıxarma müəssisələrinə təhvil verilməsinin gözlənildiyi vaxt, yəni, sonuncu obyektin sınağının sonundan quyuların neft və qazçıxarma müəssisələrinə təhvil verilməsi haqqında aktın imzalanmasına qədər olan vaxt.
65. Qazma başa çatdıqdan sonra quyuların sınaq təqvim vaxtından ayrılır:
- quyuların sınağına sərf olunan vaxt;
- qeyri-məhsuldar vaxt.
66. Qazmadan sonra quyunun sınağının məhsuldar vaxtına daxil edilir:
- sınaq üzrə işlərə sərf olunan vaxt;
- sınaq üzrə işlərin yerinə yetirilməsində və maneələrin ləğv edilməsi prosesində avadanlığın təmir vaxtı;
- maneələrin aradan qaldırılmasına sərf olunan vaxt;
Qəza və zay işlərin aradan qaldırılmasının yerinə yetirilməsində avadanlığın təmiri qazma başa çatdıqdan sonra quyu sınağının məhsuldar vaxtına daxil edilmir.
67. Əgər quyunun sınağı həm qazma başa çatdıqdan sonra və həm də qazma prosesində aparılmışdırsa, o vaxt qazma prosesində obyektlərin sınağına sərf edilmiş vaxt hesabatda ayrıca 114-cü “qazma başa çatandan sonra və qazma prosesində obyektlərin sınaq vaxtı” sətiri üzrə nəzərə alınır.
68. Quyunun sınağının qeyri-məhsuldar vaxtına qəza və zay işlərin aradan qaldırılması üzrə işlərin və boşdayanmaların vaxtı daxil edilir.
69. “Boşdayanmalar-cəmi” sütununda qazma başa çatdıqdan sonra quyuların sınağı prosesində baş verən bütün boşdayanmalar göstərilir. Bunlar aşağıdakılardan ibarətdir:
- sınağın gözlənməsi;
- növbələrarası fasilələr;
- növbələrdaxili boşdayanmalar.
IX bölmə. Tikintisi başa çatmış quyular üzrə əsas göstəricilər
70. Bu bölmədə quyuların tikintisinin bütün mərhələlərində müxtəlif dərinlikli quyuların tikintisinin əmək tutumunu xarakterizə edən göstəricilər verilir.
Hesabat ilində tikintisi başa çatmış bütün quyular onların faktiki dərinliyindən asılı olaraq qruplara bölünürlər.
71. Hesabat ilində tikintisi başa çatmış bütün quyular üzrə ümumi metraj, quyunun qazılmasına hesabat ilində və ya əvvəlki illərdə başlanmasından asılı olmayaraq, onların ümumi dərinliyi üzrə, yəni hər bir quyu üzrə “sıfırdan” başlamış faktiki dibə qədər olan dərinlik göstərilir.
Qazması əvvəllər qazılmış quyuların lülə hissəsindən istifadə etməklə aparılan quyular üzrə ümumi metraj, kəsrlə - surətdə faktiki qazılmış metraj, yəni quyunun dərinliyindən əvvəllər qazılmış quyunun lüləsinin istifadə edilmiş hissəsi çıxılır, məxrəcdə quyunun bütün dərinliyi göstərilir.
Çoxdibli quyular üzrə ümumi metraj, həmçinin kəsrlə-surətdə quyunun bütün lülələrinin ümumi metrajı, məxrəcdə quyunun əsas lüləsinin dərinliyi göstərilir.
Çoxdibli quyuların dərinliyə görə bölüşdürülməsi məxrəcdə göstərilmiş quyunun əsas lüləsinin qazılmasının miqdarına görə aparılır. Quyuların orta dərinliyinin hesablanması və bütün quyuların dərinliyə görə bölüşdürülməsinin düzgünlüyünün yoxlanması da məxrəcdə göstərilmiş qazmanın miqdarına görə aparılır.
Dəlmə üçün sürətlərin və qazmanın hesablanması surətdə göstərilmiş bütün lülələrin ümumi qazmasının miqdarı əsasında aparılır.
72. Hesabat ilində tikintisi başa çatmış quyular üzrə dəlmələrin miqdarını hesabladıqda maneələrin, zay işlərin, qəzaların və s. aradan qaldırılması ilə əlaqədar dəlmələrdən başqa bütün quyular üzrə dəlmələr nəzərə alınır.
Əvvəllər qazılmış quyuların lülə hissəsindən istifadə edilməklə qazılan quyular üzrə və çoxdibli quyular üzrə dəlmələrin miqdarı, bunlar üzrə faktiki yerinə yetirilmiş işlərin həcminə müvafiq olaraq, yəni əvvəllər qazılmış lülə hissəsi nəzərə alınmadan tam əks etdirilir.
73. Hesabat ilində tikintisi başa çatmış quyuların tikintisinin bütün təqvim vaxtı aşağıdakıların cəminə bərabər olmalıdır:
- növbədaxili fasilələr daxil edilməklə hər bir quyunun tikintisi və quraşdırılmasının təqvim vaxtı;
- hər bir quyunun qazılmasının təqvim vaxtı;
- hər bir quyu üzrə qazma qurtardıqdan sonra və qazma prosesində sınağın təqvim vaxtı.
Qazması əvvəllər qazılmış quyuların lülə hissəsindən istifadə etməklə aparılan quyular üzrə və çoxdibli quyular üzrə tikintinin təqvim vaxtı faktiki sərf olunan vaxta müvafiq olaraq, yəni əvvəllər qazılmış quyunın lülə hissəsi tikintisinin vaxtı nəzərə alınmadan göstərilir.
Quyuların və onların ayrı-ayrı mərhələlərinin tikintisinin müddəti müvafiq təqvim vaxtının tikintisi başa çatmış quyuların sayına bölməklə təyin edilir.
74. Qazmanın təqvim vaxtının yekunundan ayrılır:
- dəlmə vaxtı – quyuların əsas lüləsinin dərinləşməsi üzrə baltaların işinin vaxtı;
- alətin enmə və qalxma vaxtı – qazmanın normal gedişi prosesində qazma alətinin buraxılması, qaldırılması və calanması vaxtı;
- bərkitmə vaxtı – uğursuz sementləmə ucbatından təkrar döşəmələr, dib döşəmələri, maneələrin, qəzaların və ya zay işlərin aradan qaldırılması ilə əlaqədar bərkitmə üzrə işlər istisna olmaqla quyuların bərkidilməsi ilə əlaqədar bütün növ əsas və köməkçi işlərə sərf olunan vaxt;
- köməkçi işlərə sərf olunan vaxt – yalnız qazmanın normal gedişi prosesində, boşdayanmaları və təmir işlərini nəzərə almamaq şərtilə bütün hazırlıq işlərinə sərf olunan vaxt;
- boşdayanmaları və təmir işlərini nəzərə almamaq şərtilə qazmada maneələrin aradan qaldırılması üzrə işlərə sərf olunan vaxt;
- boşdayanmaları nəzərə almamaq şərtilə qazmada qəzaların və zay işlərin aradan qaldırılması üzrə işlərə sərf olunan vaxt;
- səbəblərindən asılı olmayaraq qazmada baş vermiş bütün boşdayanmalar.
75. Hesabat ilində tikintisi başa çatmış quyuların sınağının təqvim vaxtı aşağıdakılardan ibarətdir:
a) qazma başa çatdıqdan sonra quyuların sınağı və sınağı gözləməsi quyuların hesabat ilində və ya əvvəlki illərdə qazılmasının başa çatmasından asılı olmayaraq qazmanın qurtardığı tarixdən bütün obyektlərin sınağının başa çatmasınadək olan təqvim vaxtından ibarətdir.
b) qazma prosesində obyektlərin sınağının təqvim vaxtı, bu işlərin hesabat ilində və ya əvvəlki illərdə aparılmasından asılı olmayaraq, bütün obyektlər üzrə nəzərə alınır.
76. Hesabat ilində tikintisi başa çatmış quyular üzrə buruq tikintisinin və quraşdırılmasının təqvim vaxtı müvafiq aktla rəsmiləşdirilmiş quyu nöqtəsində hər bir quyu üzrə buruq-quraşdırma işlərinin faktiki başlanması tarixindən başa çatması tarixinədək bu işlərin hesabat ilində və ya əvvəlki illərdə aparılmasından asılı olmayaraq, bayram və istirahət günləri də daxil olmaqla sutkada 24 saat hesabı ilə nəzərə alınır.
77. Hesabat ilində tikintisi başa çatmış quyular üzrə qazmanın təqvim vaxtı, qazmanın hesabat ilində və ya əvvəlki illərdə aparılmasından asılı olmayaraq, hər bir quyu üzrə onların qazmasının başlandığı tarixdən başa çatdığı tarixədək nəzərə alınır.
|