|
Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2005-ci il tarixli 323 nömrəli fərmanı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Ə S A S N A M Ə
I. Ümumi müddəalar
1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (bundan sonra Dövlətstatkom) statistika sahəsində dövlət siyasətini həyata keçirən və ölkədə sosial, iqtisadi və demoqrafik vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır.
2. Dövlətstatkom öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
3. Dövlətstatkom bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyaları yerinə yetirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünü idarəetmə orqanları, habelə ictimai təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.
4. Dövlətstatkom müstəqil balansa, qanunvericiliyə müvafiq olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Dövlətstatkomun mərkəzi aparatı və onun yerli bölmələri Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.
II. Dövlətstatkomun əsas vəzifələri
6. Dövlətstatkomun əsas vəzifələri aşağıdakılardır:
6.1. Azərbaycan Respublikasında statistika sahəsində dövlət siyasətini həyata keçirməklə onun əsas istiqamətlərini müəyyənləşdirmək, statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək;
6.2. yığılmış məlumatlar əsasında ölkə və regionlar üzrə ümumiləşdirilmiş və qruplaşdırılmış nəticələri tərtib etmək, müvafiq qaydada müəyyən olunmuş həcmdə və adda statistik məcmuələr, bülletenlər, icmallar, mətbu-buraxılışlar və digər statistik materiallar nəşr etdirmək, onların istifadəçilər arasında yayılmasını təmin etmək, geniş maraq doğuran icmal statistik məlumatları mətbuatda dərc etdirmək, rəsmi statistik məlumatların şərhini təşkil etmək;
6.3. statistik məlumatları təhlil etmək, sosial-iqtisadi və demoqrafik proseslərin balans hesablamalarını aparmaq və proqnozlarını hazırlamaq, onlara izahlar vermək;
6.4. statistik uçot vahidlərinin Dövlət registrini tərtib etmək, hazırlanmış statistik məlumatların beynəlxalq müqayisəliliyini təmin etmək üçün Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, beynəlxalq təsnifatlarla uzlaşdırılmış və yerli şəraitə uyğunlaşdırılmış statistik təsnifatları hazırlamaq və istifadə etmək;
6.5. ilkin məlumatların məxfiliyini təmin etməklə ölkə, region və sahələr səviyyəsində statistik məlumatlarla dövlət orqanlarını, hüquqi və fiziki şəxsləri təmin etmək;
6.6. statistik məlumatların yığılması, işlənməsi, istifadə edilməsi prinsiplərini və metodlarını təkmilləşdirmək, rəsmi statistika sahəsində qabaqcıl ölkələrin statistika ənənələrini və elmi nailiyyətlərini tətbiq etmək;
6.7. statistik hesabat formalarının təsdiq edilməsi və təkmilləşdirilməsi üzrə işləri əlaqələndirmək, rəsmi statistika hesabat formalarını işləyib hazırlamaq, onların toplanması müddətlərini və qaydalarını (ətraf mühitin mühafizəsi sahəsində və əməyin mühafizəsi üzrə dövlət statistikasının aparılması qaydaları istisna olmaqla) müəyyənləşdirmək, statistika haqqında qanunvericiliyə zidd olan, habelə əhəmiyyətini itirmiş dövlət statistika hesabatlarını ləğv etmək;
6.8. öz səlahiyyətləri daxilində statistika sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək, beynəlxalq statistika təşkilatlarının işində müəyyən edilmiş qaydada iştirak etmək, onlarla birlikdə seminarlar təşkil etmək;
6.9. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Dövlətstatkoma həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.
III. Dövlətstatkomun funksiyaları
7. Dövlətstatkom bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
7.1. statistika sahəsində dövlət proqramlarının layihələrini hazırlayır və təsdiq edilmiş proqramların yerinə yetirilməsi üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görür;
7.2. tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində, habelə onun sərhədlərindən kənarda yerləşən və Azərbaycan Respublikasının mülkiyyətində olan bütün hüquqi şəxslərdən, müvafiq dövlət orqanlarından, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş xarici hüquqi şəxslərin nümayəndəliklərindən və filiallarından qanunvericiliyə uyğun olaraq, haqqı ödənilmədən, Dövlətstatkom tərəfindən müəyyən edilmiş qaydada, həcmdə və müddətlərdə dolğun və etibarlı statistik məlumatlar alır;
7.3. fiziki şəxslərdən onların sosial-demoqrafik vəziyyəti və sahibkarlıq fəaliyyəti haqqında statistik müşahidələr üçün zəruri məlumatlar (haqqı ödənilmədən) alır;
7.4. məlumatların təhrif edilməsi halları aşkar edildiyi zaman hesabatlarda düzəlişlər edir, bu düzəlişlərin ilkin statistika və mühasibat uçotunda və digər əlaqədar sənədlərdə əks etdirilməsi üçün hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməsi məcburi olan tapşırıqlar verir, bu məsələ ilə bağlı onlardan zəruri məlumatlar və arayışlar tələb edir;
7.5. Dövlətstatkomun illik statistik işlər proqramını (planını) işləyib hazırlayır və müvafiq qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq edir;
7.6. illik statistik işlər proqramında ölkədə mövcud ehtiyatlar, iqtisadi, demoqrafik, sosial və ekoloji vəziyyətin öyrənilməsi ilə bağlı məlumatların əldə olunması üçün hər bir elementin əhatəliliyi, növ, dövrilik və mövzu əlamətlərini müəyyənləşdirir;
7.7. Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq, siyahıyaalmalar və müayinələr keçirir;
7.8. dövlət statistika hesabatları əsasında lazımi statistik məlumatların əldə edilməsini təşkil edir, ümumi statistik müşahidələrlə yanaşı, seçmə müşahidələrin tətbiq edilməsini həyata keçirir;
7.9. sosial prosesləri, əhalinin yaşayış səviyyəsini və dolanışıq xərclərini təhlil edir, sosial-demoqrafik müşahidələrin, ev təsərrüfatları statistikasının aparılmasını təşkil edir, sorğular keçirir;
7.10. statistik məlumatların vahid metodologiya və müasir texnologiya əsasında işlənməsini təşkil edir;
7.11. müvafiq dövlət orqanlarını ölkədə və regionlarda sosial-iqtisadi vəziyyəti real əks etdirən zəruri məlumatlarla təmin edir;
7.12. bağlanmış müqavilələr əsasında, haqqı dövlət büdcəsinə ödənilməklə hüquqi və fiziki şəxslərə statistik, məlumat-təhlil və digər xidmətlər göstərir;
7.13. dövlət büdcəsinin formalaşdırılması üçün Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafına dair məlumatları hazırlayır və mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edir;
7.14. hazırlanmış statistik materialların (külliyatların) və statistik işlər proqramında nəzərdə tutulmayan əlavə məlumatların icra hakimiyyəti, qanunvericilik və məhkəmə orqanları, kütləvi informasiya vasitələri istisna olmaqla, istifadəçilərə müəyyən olunmuş qaydada və haqqı dövlət büdcəsinə ödənilməklə satışını təşkil edir;
7.15. rəsmi statistika materiallarının və statistik müşahidələrin beynəlxalq təcrübədə qəbul edilmiş standartlarla müqayisə oluna bilən metodologiya əsasında hazırlanmasını və həyata keçirilməsini təmin edir;
7.16. məxfi statistik məlumatların qanuna zidd əldə edilməsinin, yayılmasının və ya istifadə olunmasının qarşısını almaq üçün zəruri tədbirlər həyata keçirir;
7.17. rəsmi statistikanı həyata keçirmək üçün Azərbaycan Respublikası ərazisində yerləşən və dövlət qeydiyyatından keçmiş statistik vahidlərin avtomatlaşdırılmış uçotunu və kodlaşdırılmasını aparır;
7.18. mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə milli hesablar sisteminə, müvafiq beynəlxalq standartlara keçid üzrə iş aparır;
7.19. kütləvi informasiya vasitələrinin nümayəndələri ilə müntəzəm olaraq mətbuat konfransları keçirir;
7.20. elmi tədqiqatlar üçün elm və tədris müəssisələrini müqavilələr əsasında zəruri statistik məlumatlarla təmin edir;
7.21. hüquqi və fiziki şəxslərin müraciəti əsasında onların özlərinə aid olan məlumatları təqdim edir;
7.22. dövlət statistika hesabatlarını təqdim edən hüquqi və fiziki şəxsləri hesabat formaları və onların tərtibinə dair təlimatlarla pulsuz təmin edir, onları statistik hesabatların təqdim olunma vaxtı, dövriliyi və digər zəruri tələblər haqqında məlumat verir;
7.23. statistika sahəsində işləyən mütəxəssislərin ixtisas və bilik səviyyəsinin artırılmasını təşkil edir, mütəxəssis kadrların hazırlanmasına dair tədris müəssisələri ilə müqavilələr bağlayır;
7.24. Azərbaycan Milli Elmlər Akademiyasının, nazirlik və baş idarələrin elmi müəssisələri ilə birlikdə statistik tədqiqatlar aparılmasını və bu məqsədlə statistik metodologiya və standartlar hazırlanmasını təşkil edir, alternativ müşahidələr keçirilməsinə yardım göstərir;
7.25. tabeliyində olan qurumların fəaliyyətinin səmərəliliyinin artırılması üçün səlahiyyətləri daxilində tədbirlər görür;
7.26. “Statistika haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada rəsmi statistika materiallarının hazırlanmasına və hesabat formalarının doldurulmasına dair qaydalar qəbul edir.
7.27. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Dövlətstatkoma həvalə olunmuş digər funksiyaları həyata keçirir.
IV. Dövlətstatkomun hüquqları
8. Dövlətsatkomun öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:
8.1. Azərbaycan Respublikasının iqtisadi və sosial vəziyyətinin nəticələrinə dair məlumatları dərc etdirmək, statistika və uçot sahəsində metodoloji məsələləri həll etmək;
8.2. statistika sahəsində işlərin yerinə yetirilməsi üçün məlumatın alınması mənbəyini və metodunu seçmək, onun yayılması formasını və vaxtını müəyyən etmək;
8.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada idarə və təşkilatların mütəxəssislərini statistik işlərin aparılmasına cəlb etmək;
8.4. statistika və statistik uçotla bağlı Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilən normativ hüquqi aktların layihələrinə rəy vermək;
8.5. qanunvericilikdə nəzərdə tutulmuş qaydada və beynəlxalq hüquq normalarına uyğun olaraq, xarici dövlətlərin statistika xidmətləri ilə statistika metodologiyasının və təcrübəsinin təkmilləşdirilməsi, yeni texnologiyadan istifadə edilməsi məsələləri üzrə əməkdaşlıq haqqında müqavilələr bağlamaq;
8.6. səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada xarici və yerli ekspertləri və məsləhətçiləri cəlb etmək, onlarla müqavilələr bağlamaq;
8.7. səlahiyyətlərinə uyğun olaraq, statistika işlərinin təşkili sahəsində hüquqi və fiziki şəxslər tərəfindən icra olunmalı qərarlar qəbul etmək;
8.8. Azərbaycan Respublikasında statistika ilə bağlı normativ hüquqi aktların hazırlanması və təkmilləşdirilməsi, ölkədə statistikanın vəziyyəti və inkişafı ilə əlaqədar təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
8.9. bağlanmış müqavilə əsasında, müvafiq icra hakimiyyəti orqanlarının məlumat bazasındakı statistik məlumatdan istifadə etmək;
8.10. öz səlahiyyətləri daxilində statistik məlumatların verilməsi qaydalarını pozan və statistika sirrini yayan vəzifəli, hüquqi və fiziki şəxslər barəsində qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq etmək;
8.11. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. Dövlətstatkomun fəaliyyətinin təşkili
9. Dövlətstatkoma Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən sədr rəhbərlik edir.
10. Dövlətstatkomun sədri Dövlətstatkoma həvalə olunmuş vəzifələrin həyata keçirilməsinə şəxsən məsuliyyət daşıyır.
11. Dövlətstatkomun Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən birinci müavini və iki müavini vardır. Sədrin müavinləri onların arasında sədr tərəfindən aparılmış vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər.
12. Dövlətstatkomun sədri:
12.1. Dövlətstatkomun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
12.2. müəyyən olunmuş əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Dövlətstatkomun mərkəzi aparatının və tabeliyində olan büdcədən maliyyələşən qurumların strukturunu və ştat cədvəlini təsdiq edir;
12.3. Dövlətstatkomun tabeliyində olan struktur bölmələrini müəyyən olunmuş qaydada yaradır, yenidən təşkil edir, onların xərclər smetasını, statistika işlərinin həyata keçirilməsi ilə bağlı maliyyələşdirmə məbləğlərini müəyyən edir;
12.4. Dövlətstatkomun mərkəzi aparatının struktur bölmələrinin və ona tabe olan qurumların əsasnamələrini təsdiq edir;
12.5. səlahiyyətləri daxilində Dövlətstatkomun mərkəzi aparatının və onun tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, normativ hüquqi aktlar qəbul edir (imzalayır), onların icrasını təşkil edir və bu sahədə nəzarəti həyata keçirir;
12.6. Dövlətstatkomun mərkəzi aparatının struktur bölmələrinin rəhbər işçilərini və mütəxəssislərini, habelə bilavasitə Dövlətstatkoma tabe olan strukturların rəhbərlərini qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, xüsusi fərqlənmiş işçilərə fəxri adların və onlara Azərbaycan Respublikasının müvafiq dövlət təltiflərinin verilməsi üçün müəyyən edimiş qaydada təqdimatlar verir;
12.7. müəyyən olunmuş qaydada beynəlxalq təşkilatların, xarici dövlətlərin nümayəndələri ilə Dövlətstatkomun fəaliyyət dairəsinə daxil olan məsələlərlə bağlı danışıqlar aparır, qanunvericiliyə uyğun olaraq beynəlxalq müqavilələri imzalayır;
12.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
13. Dövlətstatkomda sədrdən (kollegiyanın sədri), vəzifəyə görə sədr müavinlərindən, habelə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədrindən, Dövlətstatkomun mərkəzi aparatının və tabeliyində olan qurumların rəhbər işçilərindən ibarət kollegiya yaradılır.
14. Dövlətstatkomun kollegiya üzvlərinin sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edılir.
15. Dövlətstatkomun kollegiyası öz iclaslarında fəaliyyəti ilə bağlı, ona həvalə olunmuş tapşırıqların yerinə yetirilməsi, ölkədə statistikanın təşkili və inkişafı ilə əlaqədar məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir. Zəruri hallarda Kollegiya iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının, müəssisələrin, təşkilatların və idarələrin rəhbərləri, alimlər və mütəxəssislər dəvət oluna bilər.
16. Dövlətstatkomun kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
17. Dövlətstatkomun kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, protokollarla rəsmiləşdirilir. Bir qayda olaraq kollegiya qərarları, sədrin əmrləri və sərəncamları ilə həyata keçirilir.
18. Statistik göstəricilər sisteminin, onun proqramlarının və metodologiyasının təkmilləşdirilməsi məqsədi ilə Dövlətstatkomda elmi-metodoloji şura, lazım gəldikdə isə alimlərdən, yüksək ixtisaslı mütəxəssislərdən ibarət məsləhətçilər qrupu yaradılır.
|